Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:37

Qarabağ veteranlarının dörd tələbi var


Firudin Məmmədov
Firudin Məmmədov
-
Qarabağ müharibəsi əlillərini sosial problemlər qısqacından çıxaracaq yeni konsepsiya hazırlanıb. Konsepsiya ideyası özünü yandırmaqla intihar edən müharibə əlili Zaur Həsənovun ölümündən sonra gündəmə gəlib. Sənədi Qarabağ döyüşlərində əlil olanların özləri hazırlayıblar. Daha öncə belə bir sənəd hazırlayacaqlarını Zaur Həsənovun dəfninə qatılan baş nazirin müavini Əli Əhmədovun və Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun da diqqətinə yetiriblər.

«4 ƏSAS TƏLƏBİMİZ VAR»

«Vətən Müharibəsi Əlilləri» İctimai Birliyinin sədri Firudin Məmmədov AzadlıqRadiosuna bildirib ki, bir-neçə təşkilatla birgə hazırlanan sənəddə onları ən çox narahat edən 4 əsas məsələ yer alıb:

«Birinci tələbimiz pensiyaların artırılması, 2-ci tələbimiz kommunal xərclərlə bağlı güzəştlərin verilməsidir. Üçüncü və 4-cü tələblərimiz əlil ailələrinin tibbi sığortası və əlil övladlarının təhsilhaqqından azad olunmasıyla bağlıdır».

Sadalanan dörd məsələdən başqa əlillərin həlli aşağı səviyyələrdə mümkün digər tələbləri də var:

«Məsələn, təkliflər vermişik ki, əlillərin işlə təminatı üçün uzunmüddətli faizsiz ssudalar verilsin. Bundan başqa əlillərin işlə təmin olunması kvotası haqqında qanunun necə gerçəkləşdirildiyini araşdıran komissiya və monitorinq qruplarının yaradılmasını da istəyirik».

«SİZƏ ƏLİL AİLƏLƏRİ GÖSTƏRƏRƏM Kİ...»

Firudin Məmmədovun fikrincə, önə çəkilən dörd əsas məsələ əlillərin bütün problemlərinin əsasını təşkil edir. Onlar həmin tələbləri irəli sürməklə intihar həddində olan başqa əlilləri qorumaq istəyirlər:

«Sizə əlil ailələri göstərərəm ki, övladlarının müalicəsi üçün banklardan kredit götürüb, onu pensiyası ilə ödəyir. Yəni insan birdən-birə özünü öldürmə həddinə çatmır ki... Buna gətirən səbəblər var. Biz yeni konsepsiyada o səbəbləri qoymuşuq. Zaurun özünü yandırması, əslində, bir nəticə idi».

«BÜTÜN BUNLARI GÖTÜR-QOY ETMƏK LAZIMDIR»

Sabiq deputat Əli Əlirzayev əlillərin irəli sürdükləri tələbləri haqlı sayır. Onun fikrincə, bundan ötrü Azərbaycanın imkanları da yetərlidir:

«Azərbaycanın imkanları böyükdür. Bu baxımdan mümkündür. Amma 2014-cü ilin büdcəsi qəbul olunur və həmin tələbləri həyata keçirmək mümkündür ya yox? Bu, neçəyə başa gələ bilər? Bütün bunları götür-qoy etmək lazımdır.
Natiq Cəfərli
Natiq Cəfərli
Həmin vəsait prezidentin ehtiyat fondundan da ayrıla bilər».

HAQLI VƏ BİR QƏDƏR PROBLEMLİ TƏLƏBLƏR

İqtisadçı Natiq Cəfərli ilk öncə konsepsiyadakı tibbi sığorta tələbinə münasibətini bildirərək deyir ki, bu sığortanın tətbiqi bir sıra köklü dəyişikliklərdən sonra mümkündür və Azərbaycan hökuməti buna hələ hazır deyil. İqtisadçının fikrincə, tibbi sığortaya təkcə müharibə əlillərinin deyil, bütün vətəndaşların ehtiyacı var. Elə bu səbəbdən də məsələ köklü həll edilməlidir:

«Təqaüdlərə gəlincə, əlbəttə, indi əlillərin aldığı təqaüd çox azdır. Dünyanın bir çox ölkəsində güzəşt kateqoriyasına aid insanlara təhsillə də bağlı güzəştlər var. Bu da haqlı tələbdir».

Natiq Cəfərli kommunal xərclərlə bağlı bəlli limiti olan güzəştlərin tətbiqini bir qədər problemli sayır:

«Bu tələblərin yerinə yetirilməsi üçün büdcənin yetərincə vəsaiti var. Sadəcə, dövlət tərəfindən həyata keçiriləndə nəzarət sistemi güclü olacaqsa effekt verəcək, yoxsa bu büdcə pullarının səmərəsiz xərclənməsinə yol açar».

İqtisadçının fikrincə, tələblərin yerinə yetirilməsi üçün 10 milyonlarla manata da ehtiyac var:

«Yəni çox böyük bir rəqəm alınacaq. Tibbi sığorta, kommunal xərclər, təhsilhaqqı dövlət hesabına olsa, təqaüdlər artırılsa, buna kifayət qədər böyük məbləğ lazım olacaq».

«BİZİM QALDIRDIĞIMIZ MƏSƏLƏLƏR ÜÇÜN 3-4 MİLYON MANAT YETƏR»

Firudin Məmmədov düşünmür ki, irəli sürdükləri dörd tələblə dövləti çox xərcə salmış olsunlar:
Müharibə veteranları
Müharibə veteranları

«Əslində statistik məlumatları lazımınca toplamır, əlillərin vəziyyətini araşdırmırlar. Azərbaycanda 10 min Qarabağ əlili var, onların tibbi sığortasına 3-4 milyon manat bəs edər. Təhsilhaqqına gəlincə, Qarabağ əlillərinin, uzaqbaşı, 40-50 övladı pullu təhsil müəssisələrində oxuya, ya yox. İllik 2 min manatdan götürsək, 100 min manat edər. Bunlar nə böyük rəqəmlərdir ki, bunu eləməyəsən?».

Birlik sədrinə görə, övladına təhsil verməyən, onun müalicəsinə pul tapmayan ata sonda intihara əl atır:

«Çünki övladını oxutmaq öhdəliyi var, övladının gözünə baxmaq məsuliyyəti var. Zatən biz əlillər başqa atalardan fərqli olaraq övladlarımız üçün heç bir şey edə bilmirik. Biz övladlarımıza dərman almağı bacarmalıyıq, amma onu da bacarmırıq. Bunu uyğun dövlət qurumları həyata keçirməlidir, amma eləmir. Nəticədə Zaur Həsənov kimi valideyn intihara əl atır».

Firudin Məmmədov deyir ki, həm bu tələblərinin yerinə yetirilməsi, həm də növbəti intiharların baş verməməsi üçün Zaur Həsənovu intihar həddinə çatdıran bütün şəxslərin cəzalandırılmasına çalışacaqlar.
XS
SM
MD
LG