Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:47

Günel Mövlud. Rafaellə Coşqundan hansısa səviyyə gözləmirəm...


Günel Mövlud
Günel Mövlud
-

Bu iki istedadlı, amma savad, zövq, səviyyə sarıdan, yumşaq dillə desək, bir az korluq çəkən gənc aktyorun tamaşaçılarının kimliyi mənə maraqlı idi. Bilmək istəyirdim ki, kimdi, kimlərdi onların tamaşaçıları?..


Günel Mövlud


RAFAELLƏ COŞQUNUN TAMAŞAÇILARI

O zalda Çingiz Abdullayev də vardı...


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)


Bizimkilərin çox sevdiyi və hər dəfə yeri gəldi-gəlmədi təkrarladığı bir ifadə var: filankəsə paxıllıq edirsiniz.

Yəni məsələn, bir yazıçı, qələm adamı Tolikin, Rəqsanənin, Nüşabə Ələsgərlinin barəsində iki cümlə mənfi şey yazdısa, oxucu, tamaşaçı o dəqiqə düşünür ki, yazar o müğənniyə paxıllıq edir.

Yəni orta statistik azərbaycanlının fikrincə, məsələn, əlimə mikrofon alıb mahnı oxumaq, klip çəkdirmək, xit-paradlarda birincilik qazanmaq, meqastar olmaq istəyirəm.

Buna görə də, məsələn, Rəqsanəyə, Aygünə, Tolikə paxıllıq eləyirəm, çünki mənim arzuladığımı onlar artıq əldə ediblər.

İnanın ki, zərrə qədər də təəccüblənmirəm.

Bir ölkədə ki, deputatlar şair olmaq istəyir, şeir yazıb bəstəkara mahnı bəstələtdirir, müğənniyə oxutdurur və “nəğməkar şair” olur. Bir ölkədə ki, prokuror cinayət işi barədə danışanda Aşıq Ələsgərdən, Səməd Vurğundan sitat gətirir. Bir ölkədə ki, quldur dəstəsinin başçısı rəsm əsərləri çəkir, bir ölkədə ki, nazir mahnı bəstələyib bəstəkar adına iddia edir. Bu ölkədə yazarın da müğənni olmaq, mikrofon götürüb mahnı oxumaq, klip çəkdirmək, ulduz yarışmasında jüri üzvü olmaq arzusu yerdən göyə qədər inandırıcıdır.

Bu qədər uzun müqəddiməni ona görə verdim ki, bilirəm, Azərbaycan xalqının əsl mədəniyyət nailiyyətlərindən olan Rafaellə Coşqun barədə də iki kəlmə mənfi söz işlətsəm, o dəqiqə deyəcəklər ki, paxıllıqdan deyirsiniz. (ardı aşağıda)

"Bu şəhərdə"
"Bu şəhərdə"


Əlbəttə, bir daha təkrar eləyirəm, bizim onlara paxıllıq eləməyimiz olduqca inandırıcıdır.

Oxucu, tamaşaçı Rafaellə Coşqunun bahalı maşınlarda gəzdiyini, əllərinin pulla oynadığını, yayda xarici ölkələrdə dincəldiklərini görür. Müstəqilliyini qoruyan, prezidentə, nazirlərə, Anara, xalqa yaltaqlanmayan qələm adamlarının yaşları 40-ı haqladığına baxmayaraq hələ də kirayələrdə yaşadıqlarını da görür.

Bunu görən tamaşaçı, oxucu niyə bizim Rafaellə Coşquna paxıllıq eləməməyimizə inanmalıdı ki?

Bu günlərdə məqsədyönlü şəkildə oturub, adıçəkilən cütlüyün son şoularına baxdım.

Rafaellə Coşqundan, təbii ki, hansısa səviyyə, intellektual, incə yumor, yenilik-filan gözləmirəm.

Bu dəfə şouya baxmağımın məqsədi sırf zalı müşahidə etmək idi.

Bu iki istedadlı, amma savad, zövq, səviyyə sarıdan, yumşaq dillə desək, bir az korluq çəkən gənc aktyorun tamaşaçılarının kimliyi mənə maraqlı idi. Bilmək istəyirdim ki, kimdi, kimlərdi onların tamaşaçıları?

Belə şoularda çox yaxşı bir hal var ki, say-seçmə, dişədəyər adamlar ön sıralarda otuzdurulur. Operatorlar da həmin adamları dəfələrlə çəkir.

Bu hal işimi xeyli yüngülləşdirdi. Çünki arxa sırada oturanların kimlər olduğu onsuz da məlumdu. Bu barədə danışmayaq. Keçək elə ön sıralarda oturanlara.

Deməli, ilk gözümə dəyən bir neçə nazir və nazir müavinləri oldu. Mən o nazirlərin adlarını çəkmirəm, çünki aralarında elə bir yerin naziri vardı ki, yazı qulağına çatsa, nəsə xoşuna gəlməsə, Almaniya nədi, məni uzaq Mali ölkəsində, məhsul bayramını tonqal ətrafında yarıçılpaq rəqs etməklə qeyd edən qəbilələrin arasından da tapıb sağ tikəmi qulağım boyda edər.

İkinci mərhələdə müşahidə elədim ki, ön sıralarda üzləri tanınan olmasa da, ağlasığmaz dərəcədə bahalı geyimlərindən, qalstuklarından, eynəklərindən, saatlarından hansı təbəqəyə mənsub olduqları gün kimi bilinən “parnik adamları” da oturub. Bu adamların üzləri tanış gəlməyə bilər, amma illik gəlirləri milyonları keçir – bu, şübhəsizdir.

Hə, üçüncü gözümə dəyən adamları tanımaq üçünsə çox əziyyət çəkmək lazım deyildi. Bir neçə hörmətli, tanınmış jurnalist. Mədəniyyət Nazirliyinin şəxsən tanıdığımız işçiləri. Elmi dərəcə almış hörmətli jurnalistlərimizdən İradə İshaq. Yazıçı Çingiz Abdullayev.

Soruşa bilərsiniz ki, bu adamların Rafaellə Coşqunu izləməyində, onların şoularına gəlməyində nə qəbahət var? Bəzi xanımlar isə deyəcəklər ki, zövqlər dartışılmaz. Yaxşı, olsun siz deyən. Amma xıradaca bir müqayisə eləyim.

Neçə ildir ki, onlarla kitab təqdimatında, film nümayişində, tamaşa premyerasında olmuşam. Mən o tədbirlərin heç birində Çingiz Abdullayevi görməmişəm. Zalda gördüyüm, hansı zümrədən olduğunu vurğuladığım adamların heç birini görməmişəm.

Bu, göstəricidir. Azərbaycanın pullu, vəzifəli adamlarının, xalqın ziyalı kimi qəbul etdiyi adamların zövqlərinin göstəricisidi.

Bəli, bu ölkədə yazıçı Çingiz Abdullayev üçün də ədəbiyyat, kitablar, müəlliflər maraqlı deyil. Kitab, film, tamaşa təqdimatı maraqlı deyil. Bu adamlar ucuz şouya pul və vaxt sərf eləmək istəyirlər.

Heç nə. Başqa nə demək olar? Necə qınamaq olar onları? Niyə qınayaq axı? Bu xalqın ziyalı kimi qəbul olunanı, vəzifə sahibi, biznesmeninə də, sadə xalqa da Rafael və Coşqun lazımdı. Onlar sözün əsl mənasında Azərbaycan mədəniyyətinin nailiyyətidir...
XS
SM
MD
LG