Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:38

Ziya Məmmədovun yol qeydləri


Bakı-Şamaxı yolunun açılışı - 2009
Bakı-Şamaxı yolunun açılışı - 2009
-
«...Yol layihələrinin icrasına kifayət qədər maliyyə vəsaiti ayrılsa da, onların yerinə yetirilməsində gecikmələrə yol verilir, layihələrdə iştirak edən çoxsaylı podrat və subpodrat təşkilatlarının mövcudluğuna və bunların fəaliyyətinə lazımi nəzarət yoxdur...». – Nəqliyyat naziri Ziya Məmmədov bu iradları yanvarın 14-də nazirlikdə keçirdiyi müşavirədə səsləndirib.

Bu dəfə sözügedən iradlar bir-necə cümlə ilə bitməyib. Nazirliyin internet səhifəsində də müşavirəyə və orada səslənən tənqidi fikirlərə yer ayrılıb.

Bir özəllik diqqət çəkir: nazirin tənqidləri daha çox onun tabeliyində fəaliyyət göstərən «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətini hədəf götürüb. Problemlərin mövcudluğu məhz «Azəryolservis»in «xidməti» sayılıb.

NAZİRİN TƏKLİFLƏRİ

Ziya Məmmədov durumu dəyişməkdən ötrü təkliflər irəli sürür. Məsələn, podratçı və subpodratçı təşkilatlarla, layihə-nəzarət qrupları ilə bağlanmış müqavilələrin bir daha nəzərdən keçirilməsini zəruri sayır, yol layihələrinin peşəkarlığı şübhə doğurmayan şirkətlərə verilməsinin altını cızır. Nazirliyin saytındakı məlumatdan görünür ki, sözügedən məsələlərin yenidən araşdırılıb uyğun qərarlar qəbul edilməsinə dair konkret tapşırıqlar da verilib.

Səslənən iradlara, hələlik, «Azəryolservis»in reaksiyası bilinmir. AzadlıqRadiosu dəfələrlə çalışsa da, həmin açıq səhmdar cəmiyyətdən hər hansı münasibət öyrənə bilməyib. Telefon zənglərinə cavab verən qurum nümayəndələri bu məsələdə danışmağa yalnız mətbuat katibi Pünhan Mürsəliyevin yetkili olduğunu deyirdilər. Nümayəndələrin sözündən belə çıxırdı ki, bu səlahiyyətli şəxsi onlar da axtarır, amma tapa bilmirlər.

«NƏQLİYYAT NAZİRİ ÜSTÜÖRTÜLÜ MESAJ VERİR»

İqtisadçı-ekspert Natiq Cəfərli nəqliyyat nazirinin iradlarını təəccüblə qarşılayaraq deyir ki, dilə gətirilən iradların hamısına, əslində, elə nazirin özü cavabdehdir:

«Nazirin səsləndirdiyi iradlardan ən çox diqqəti çəkən məqam onun podratçı təşkilatlarla bağlı söylədikləridir.
Natiq Cəfərli
Natiq Cəfərli
Əslində, nazirlik və «Azəryolservis» tenderlər elan etməli və qanuna dayanaraq, bu tenderlərdə podratçıları özləri seçməlidir. Nazir həmin podratçı təşkilatlardan narazıdırsa, onda niyə onları seçir və tenderin qalibi elan edir? Burdan həm də belə çıxır ki, nəqliyyat naziri üstüörtülü mesaj verir və həmin şirkətlərin seçilməsinə cavabdeh olmadığını açıqlayır. Yəni ona necə tapşırırlar, o da elə edir. Bəlkə bu iradları səsləndirməklə cəmiyyətə həmin mesajı verir...».

Natiq Cəfərlinin fikrincə, adətən, demokratik ölkələrdə bənzər açıqlamalar nazirlər istefa verərkən səsləndirilir və o nazirlər üzərlərinə düşən işlərin öhdəsindən gələ bilmədiklərini deyib istefaya gedirlər.

«KÖKLÜ VƏ DÜZGÜN YOXLAMALAR APARILSA...»

İqtisadçı nazirin bu çıxışlarının həm də hüquq-mühafizə orqanları və Hesablama Palatası tərəfindən araşdırılası bir məsələ sayır. Deyir ki, nazir bu sahəyə yetərli vəsaitin ayrıldığını etiraf edir və həmin vəsaitə uyğun iş görülmədiyini vurğulayır:

«Gözləyək, görək, nə olacaq. Köklü və düzgün yoxlamalar aparılsa, buna cavabdehlik daşıyan şəxslərdən biri də elə nazirin özü ola bilər».

Azər Mehdiyev
Azər Mehdiyev
Başqa bir iqtisadçı – Azər Mehdiyev nazirin «gələcəkdə icra olunacaq yol layihələrində yalnız yüksək peşəkar şirkətlərə üstünlük verilməsi» barədə dediklərinə diqqət çəkir və deyir ki, nazirin söylədiklərindən yol çəkilişlərində indiyədək yüksək peşəkar şirkətlərə üstünlük verilmədiyi anlaşılır. İqtisadçı-ekspert onu da bildirir ki, çəkilən yolları, tikilən digər nəqliyyat infrastrukturlarını Nəqliyyat Nazirliyi təhvil aldığından məsuliyyət də bu qurumun üzərinə düşür:

«Bütün hallarda və hansı şirkət tiksə də, yolları təhvil alan sifarişçi təşkilat Nəqliyyat Nazirliyidir və işi görən şirkət qədər də nazirlik məsuliyyət daşıyır».

«RƏQABƏT VƏ KEYFİYYƏTLİ TENDER SİSTEMİ OLMADIĞI ÜÇÜN...»

İqtisadçı Əli Hacıyev problemin inhisardan qaynaqlandığını düşünür:

«Bu məsələni nazirliyin və onun alt təşkilatı olan «Azəryolservis»in inhisarına vermək xoşagəlməz vəziyyətə gətirib çıxarır. Ona görə də ölkənin infrastrukturunun qurulmasında ciddi rəqabət mühiti yaratmaq lazımdır. Rəqabət və keyfiyyətli tender sistemi olmadığı üçün xoşagəlməz proseslər baş verir».

Əli Hacıyev tenderlərin şəffaf keçirilmədiyinə də toxunur və bu tenderlərin istənilən təşkilata verilməsi məsələsinin nazirliyin səlahiyyətində olmasını mənfi hal sayır. İqtisadçı tender şəffaflığının təmin olunması üçün bu işə ictimai təşkilatların cəlb olunmasını təklif edir.
XS
SM
MD
LG