Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:45

Kar ilanlar


Elşən Böyükvənd
Elşən Böyükvənd
-

Arazın o tayından


Elşən Böyükvənd


Boyunbağın...

Boyunbağın boynumdadır
qoxun
ad günümə aldığın oyuncaqda;
Sənsiz
bu duzsuz günlərdə
öpüş yasaq.
Dodağım susamış bir salama
və şeirlərim sətirsiz kağızlara köçür.
Hey,
səni hər gecə
tavana çəkirəm gözlərimlə.



Ağıdan öncə

Bu kül ələnmiş yollardakı adamlar
Günəşin saçlarını qayçılayırlar
Göy
Axar kəfənini geyir
Torpaqsa
Duzlaqlarında saçı ağarıb
Kövşənlərində üz gözü qırışır.
Ah
Köksümün düzənindəki alaçıqdan baxan gözəl
ipək yol boyunca yaşmağını
Çək
Havadan
Yanmış saçların qoxusu gəlir
Və günəş üzünə baxmaqdan utanan salxım söyüdlərin
Titrək səslərini
Qıyqacı ötən min duvaqlıların qulaqları
Ovlayır.
Otağımın tavanına dirək olmuş sümüklərim
Tarla axtarışında olan ruhuma
Gülürlər
Və geyilməmiş geyimlər kimi
Asqılardan asılmış ürəyim
Tikan əllilərin salamını gözləyir.
Ah
Köksümün düzənindəki alaçıqdan
Baxan gözəl
ipək yol boyunca
Yaşmağını
Çək.

***

“Sayın Kiyan Xiyava bir məktub”

Sümbüldən uzaq
külək
küləş kimi apardı məni,
qaraldım
için için bağırmaqdan
kövşən quyusundakı daş kimi
yolum durağı burulğan
yolumda çiviler göyərmiş
qorxuram, qorxuram
gündəlik üç dəfə ucalan
yabancı bir səs arxasınca
dərilərini asta-asta soyunan
kar ilanlardan
ah... ey şair
qara xəbər kimi yayımlansa
sokaklar şairlərinin şeiri
bilmirəm o gün
günəş batıdanmı doğacaq
yoxsa doğuda batacaq?
XS
SM
MD
LG