Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:48

Jurnalistin seksual inqilabı


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-

– Yüz faiz! Sənin həyatında başqa qadın var. Başqasıyla gəzirsən! – Dirsəyi ilə ərinin çiyninə toxundu. – De görüm, kimdi o qəh...


Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilir.


Rüfət Əhmədzadə


JURNALİSTİN SEKSUAL İNQİLABI

(hekayə)


Bu gecənin ucundan tutub gedir... Deyəsən, ucuzluğa. Vaxt var idi, onu ancaq hansısa xeyir işin və ya bir səfərin həyəcanı qoymazdı yatsın; indi eyni yerdə vurnuxmağından, eyni yerlərə ayaq döyməyindən vahimə basır... Ya da ki, səssizlikdən. Arabir külək nəyisə aşırır həyətdə. Qonşunun kip bağlamağı unutduğu bir pəncərə çırpılır... Bir də ki, klaviaturanın çıqqıltısı qənim kəsilib gecəyə.

Bu nə həyatdır axı yaşayır? Gecə saat 3 olub, o isə hələ də noutbukun qabağında oturub səhər sayta gedəcək məqalələrə baxır, internetdə yeni mövzular axtarır və stajor qızın məşhur qadın müğənni ilə müsahibəsi üçün suallar hazırlayır. Suallar da sual ola da! “İlk seks təcrübəniz hansı yaşınızda olub?”, “İlk sevişmənizdən ətraflı detallar hələ də yadınızdadırmı?”, “Münasibətdə olduğunuz kişilər arasında evli adamlar varmı?”, “Onları ailələrinə qısqanırsınızmı?”, “Kişiləri başdan çıxarmaq üçün hansı tryuklardan istifadə etmək məsləhətdir?”, “Bəs kişiləri əldə daha çox saxlamaq üçün?”...

Rayondan gəlib kirayədə qalan, jurnalistika fakültəsinin üçüncü kursunda oxuyan stajor qız bu sualları görəndə diksinəcəkdi, amma cənab redaktor onu başa salacaqdı ki, yeni medianın uğur açarı məhz bundadır – yuxusuna haram qataraq hazırladığı təntik suallar siyahısında. Zavallı qız güclə tapdığı bu “nisyə” işi itirməmək və öz yerini möhkəmlətmək naminə, ilk dəfə qızara-qızara, dili topuq vura-vura qadın müğənniyə bu sualları bir-bir oxuyacaqdı. Hətta hər sual arasında dönə-dönə üzr istəyəcəkdi də.

Amma artıq 10-15 il səhnə və yataq təcrübəsinə malik müğənni isə “müdrikcəsinə” gülümsünəcək, “Eybi yox, bacım, olan şeydir” deyərək, yenə də “müdrikcəsinə” bir tərzdə o suallara cavab verəcəkdi. Stajor qız da yavaş-yavaş öz işinin müqəddəsliyinə inanacaqdı. İnformasiya müharibəsində tutduğu səngərində cəsarət və rəşadətlə döyüşməyi öyrənəcəkdi. Və bütün ittihamlar da, “biz xalq üçün çalışırıq” cavabı ilə darmadağın olacaqdı. Tezliklə, stajor qız müsahibə üçün daha abırsız və daha provokasiyon suallar hazırlayacaq, özünü doğrultmaq üçün, seksual inqilaba daha çox can yandıracaqdı. Vaxtilə bizim qəhrəmanın adi əməkdaşlıqdan redaktor vəzifəsinə yüksələrkən etdiyi kimi. Birdən, gəlib cənab redaktorun yerini tutar o qız... Allah qorusun! Qəhrəmanımız buna da bir variant düşünər...

Əslində, cənab redaktor bütün bunlara – sayta baxış sayını artırmaq üçün çeynənilən seks söhbətlərinə, açıq-saçıq müsahibələrə, oxucuları cəlb etməyə hesablanan başlıqlara nifrət edirdi. Artıq öz həyatında seksdən də çirginməyə başlamışdı. Hətta redaksiyanın qapısını yağır edən gənc və perspektivli yazar Şeyda Niyazlının ağ budları və toppuş əndamı əvvəlki kimi maraqlı görünmürdü. Qocaman jurnalist Gülöyşə Xalqsevərin hər biri öz başı boyda olan və həmişə də qarşısındakını ovsunlamaq üçün irəli əyilib nümayiş etdirdiyi iri döşləri də əhəmiyyətini itirmişdi. Bir dəfə yaxşı piar kampaniyası təşkil etmək və öz yerinə hətta bir kitab şeir yazdırmaq üçün cənab redaktora uzun-uzun “fransız öpüşləri” bəxş edən AYB üzvü, prezident təqaüdçüsü Nazlı Meydanqızının lətli dodaqları da yaddan çıxmışdı.

Artıq qırx yaşına çatan cənab redaktorun yaddaşı da təmiz pozulmuşdu. Ara-sıra, ötəri xatırladığı keçmişi yalnız epizodik və ağ-qara səhnələrdən ibarət idi. Ailəsini də unutmuşdu. Yoldaşı ilə sonuncu dəfə nə vaxt ürəkdən sevişdiyini, uşaqları ilə axırıncı dəfə haçan oynayıb əyləndiyini xatırlaya bilmirdi. O, özünü tamamilə bu işə sərf etmişdi – seksual inqilaba.

Əvvəl bir dövlət qəzetində mədəniyyət müxbiri işləyirdi. Standart və etikadan kənar olmayan başlıqlarla, şablon sual və cavablarla, tərif və mədhiyyələrlə işləyirdi. Paralel olaraq, ədəbiyyatla da məşğul idi. Şeirlər, hekayələr və roman da yazırdı. Bir gün, hansısa məmur-şairi bir mətbuat mərkəzinin dəhlizində, iki-üç jurnalist dostunun yanında tənqid etdi. Dedi ki, “Filankəs müəllim paz olub keçib boğazımıza”...

Amma bundan əvvəl yazdığı məqaləsində tərifləmişdi. Məqaləyə görə minnətdarlıq etməyən məmur-şair bu tənqidi o söhbətdə olanlardan biri vasitəsi ilə eşitmiş, sonra da bizim qəhrəmanın işlədiyi qəzetdə baş redaktor olan uşaqlıq dostu vasitəsi ilə intiqam almışdı.

Uzun müddət işsiz qalan redaktorun parlament müxbiri işləyən bir dostu köməyə çatmışdı:

– Ayə, eloğlu! Bir sayt var, yaxşı yazar axtarırlar. Mədəniyyət portalıdır. Əsl sənin yerindi, vallah! Amma bir məsələ var. Oranı siyasəti fərqlidir, gəncliyi cəlb edəcək maraqlı yazılar yazmalısan... O “naftalin” qoxuyan başlıqlardan da imtina elə, hər şey əla olacaq!

Qəhrəmanımız çox düşündü, axırda o sayta getməyiə qərar verdi. Başqa iş təklifi də yox idi. İlk təqdim etdiyi iş isə, elə onu işsiz qoyan məmur-şairlə bağlı əhvalatdan danışılan hekayə oldu. Bir az bədiilik qatmışdı, bir qədər “təxəyyül məhsulu” kimi göstərmişdi, amma içindəki yanğını o hekayəyə tökmüşdü. Adı isə belə idi: “Ümidlərlə ağlamaq”.

Amma hekayə saytda bu adla çıxdı və oxunma rekordu qırdı: “Ehtirasla ağlamaq”. Heç dəxli var idi? O vaxt hələ ştata təsdiqlənməmiş indiki redaktor qəzəbləndi, qüruru və mənəviyyatı onu redaksiyada oturduğu yerdən ayağa qaldırdı. O qəti addımlarla irəlilədi, eyni otağın bir küncündə oturan, o vaxtkı redaktor Günay Mövsümün başının üstünü kəsdirdi:

– Axı, mənim hekayəmdə ehtiras söhbəti yox idi, Günay xanım! Başa düşürəm, oxucuları cəlb etsin deyə, belə başlıq vermisiz. Amma bir məmur-şair tərəfindən qaralanmış, işsiz qalmış, ehtiyaclar içində vurnuxan bir yazarın ümidlərini, mübarizliyini bu başlıq əks etdirmir!

Həmin hadisədən bir neçə ay sonra fürsət tapıb Avropaya mühacirət edən, sonra da “məni öldürmək istəyirdilər” deyə bəyanat verərək, indi siyasi sığınacaq altında Amsterdamda yaşayan görkəmli jurnalist Günay Mövsüm üzünü çevirib onu tərs-tərs süzdü:

– Ay qardaş, bilirəm də!... Məndən olsaydı, heç o yazını verməzdim. Bilirsən, indi oxuculara belə şeylər maraqlı deyil! Mən saytdan danışıram ha! Saytın siyasəti başqadır! Həm də sənə görə elə bir dostum xahiş edib ki, sözündən keçə bilmirəm.

Günay Mövsümün bu minnəti bizim qəhrəmana şillə kimi dəymişdi. Redaksiya otağında oturmuş digər beş jurnalistin mənalı və istehzalı nəzərləri də onun üzərində gəzdi. Demək istəyirdilər ki, “sən bura adamı deyilsən, bəyənmirsənsə gedə bilərsən”. O, bu həqarətə dözə bilməzdi. Amma dözdü. Nəsə deməli olduğu halda susdu. Kare saçlarına dən düşməsinə baxmayaraq, şıltaq və əsəbi qız obrazını hələ yadırğamayan Günay Mövsüm isə gözündəki eynəyi çıxarıb, sağanağın uclarını oynada-oynada davam etdi:
– Əzizim, su qaba girdi, oldu içməli. Xahiş edirəm, nəzərə al. Bax, gör.... Hekayəni 3500 adam oxuyub. Bu, bilirsən nədir? Kütlə səni tanımağa başlayıb. Kim dedim? Küt-lə! Bu kütləyə belə başlıqlar lazımdır. Sən öz sənətini unutma, yazmağı bacarırsan. Amma komplekslə, bu mentalitet düşüncəsiylə qabağa gedə bilməyəcəksən. Ümid də ehtirasdı də! Yəni ki, qəhrəman həyat eşqini, yaşamaq ehtirasını hələ də itirməyib!

Bu hekayənin qəhrəmanı isə artıq həyat eşqini də, yaşamaq ehtirasını da itirib. Baxmayaraq ki, Günay Mövsümün dediklərini qulağına sırğa elədi. O gündən etibarən maraqlı hekayələr və reportajlar uydurdu. Barda, pritonda, homoseksuallar arasında “yaşadıqlarından” fantaziya dolu yazılar yazdı. Hətta bir neçə dəfə utanmadan intihar etdiyini də açıqlayıb, bu barədə palaz-palaz məqalələr gubbuldatdı. Üç-dörd il əvvəl çıxmış və cəmi 5-6 nüsxəsi satılmış “Kədərlə çarpışanlar” romanına bir az əlavələr etdi, “Şəhvətlə çarpışanlar” adı ilə yenidən bazara çıxardı. Satış rekordu da öz yerində!

Bir neçə aya ən məşhur yazarlardan biri və hətta birincisi oldu, başqa yerlərdən də əməkdaşlıq təklifləri aldı... Və tezliklə, Günay Mövsümün yerinə keçdi. İndi isə onun yerinə keçmək istəyənlər var. Buna imkan verməyəcək. O, özünün “seksual inqilab fədaisi” missiyasını şərəf və ləyaqəltə yerinə yetirir. Bu missiyaya görə, nə qədər yuxusuz gecələr keçirib, nə qədər dost-tanışın qınağını, nə qədər insanın söyüşlərini udmalı olub...

Artıq gecdir. İşlərini də bitirdi. Saat 03:30-da yatmağa gedə bilər. Mətbəxdə qoyub işlədiyi yazı masasının üstünü səliqəyə saldı, noutbukundakı yazıları “fleşkart”a köçürdü, ehtiyat üçün yazıları öz “e-mail”inə də göndərdi və noutbuku söndürüb, ölüvay halda yataq otağına keçdi.

Arvadı qapının cırıltısına ayıldı. Yuxulu gözlərini qaldırıb, “nə günə qalmısan” sözləri yağan mənalı baxışlarla ərini süzdü. Cənab redaktor heç nə demədən, səssizcə paltarını soyunub yatağa girdi. Və son illərdə hər gecə olduğu kimi, arxasını həyat yoldaşına çevirib uzandı. Yoldaşı durub yerində oturdu, nəsə düşündü və əlini sağa uzatdı. O, ərinin dazlaşan başının arxasından bir çeçələ barmağı qədər uzanan tellərini qarışdırdı.

– Sən Allah, əl dəymə, yorğunam! Bağışla, oyatdım səni... Yat!

Qadın əsəblə yorğanı sinəsinə qaldırıb, yerində uzandı. Tavana baxa-baxa, deyinməyə başladı.

– Özünü həsr eləmisən bu gic-gicə sayta, axmaq-axmaq yazılara, ailəni yadından çıxarmısan.

Cavab gəlmədi. Cənab redaktor bu sözləri çox eşitmişdi və artıq adi qarşılayırdı.

– Bütün gün seksdən yazırsan. Qadınların ehtiyacından dəm vurursan. Kişiərə məsləhət verirsən... Arvadından xəbərin var? Heç soruşursan, onun dərdi nədir? Nə ehtiyacı var?

Cənab redaktor bu sözləri də çox eşitmişdi... Yenə dinmədi.

– Yüz faiz! Sənin həyatında başqa qadın var. Başqasıyla gəzirsən! – Dirsəyi ilə ərinin çiyninə toxundu. – De görüm, kimdi o qəh...

Bu dəfə, seksual inqilab fədaisi olan qəhrəmanımızın qəti və çoxmənalı bir cavabı eşidildi:

– Xxxxxxoooo... Xxıııııı..... Xşşşş........... Xıxxx!
XS
SM
MD
LG