Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:39

Prezident Aparatı önündə əlil arzuları


Foto: Arxiv
Foto: Arxiv
-
«Azərbaycanda cəmiyyətin əlillərə münasibəti çox çirkindir. Hələ formalaşmayan, iməkləmək belə istəməyən, əlil cəmiyyətdən söhbət gedir. Televiziya və sosial media «Əlillərin cəmiyyətə inteqrasiyası» söhbəti ilə qulaqlarımızı döyənək eləyib...».

Bunu Orxan Adıgözəl əngəlli şəxslərin problemləri barədə yazılarından birində qeyd edir.

Əlilliyi olan şəxslərlə bağlı qəlibləşmiş, həm də ziyanlı təsəvvürlərin aradan qaldırılması, onlar haqqında müsbət təsəvvürlərin formalaşdırılması, hüquqlarına hörmət hissinin aşılanması – bunlar «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»ndan gözləntilərdir. Proqram 2014-2018-ci illəri əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm bu proqramı, həm də «Əlilliyi olan şəxslərin hüquqları haqqında» qanun layihəsini rəy və təkliflər üçün öz saytına yerləşdirib.

ƏLİLLİYİN QAVRANILMASI VƏ BƏRABƏR İMKANLAR

Hər iki layihədə əlilliyi olan şəxslərin sosial təminatı, cəmiyyətin tam hüquqlu və bərabər üzvləri kimi ayrıseçkilikdən müdafiəsi, məşğulluq imkanlarının genişləndirilməsi məsələləri yer alıb. Əlillərə başqa insanlarla eyni dərəcədə təhsil, yaradıcılıq imkanlarının verilməsi, mövcud infrastrukturdan həmin şəxslərin də faydalanmasına yol açılması çox önəmlidir. Azərbaycan 2008-ci il oktyabrın 2-də BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasına qoşulmaqla bənzər öhdəlikləri götürüb.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov proqramda əlilliyin dərki məsələsinin bir neçə maddədə əks olunmasına diqqət çəkir:

«Əsas – əlilliyi dərk edib qavramaqdır. Stereotiplər aradan qaldırılmasa, düzgün anlaşılmasa, problemin həlli çox çətindir. İkinci əsas məsələ bərabər imkanların yaradılmasıdır. Bunu ayrı-ayrı maddələrdə də göstəriblər, ayrıca bir maddə də var bununla bağlı. Bütün digər fəaliyyətlər bu imkanlardan doğur».

DÖVLƏT QULLUĞUNDA KVOTA YOXDUR

1-ci qrup əlil Sevda Səfərəliyeva proqramda əlilliyi olanların dövlət qulluğuna qəbulu ilə bağlı maddənin olmadığını vurğulayır. Belə şəxslərin dövlət qulluğuna işə götürülməsinə dair kvotaların olmaması Məşğulluq İdarəsinin yoxlamalarına əngəl törədir:
Foto: Arxiv
Foto: Arxiv

«Biz bütün şəxslərlə bərabər dövlət qulluğuna qəbul müsabiqəsinə qatıla bilərik, ancaq burada ayrıca kvota nəzərdə tutulmayıb. Məsələn, Türkiyədə belə bir təcrübə var ki, əlilliyi olan şəxslər arasında müsabiqə aparılır. Müəyyən bir dövlət qulluğunda bir vəzifə və həmin vəzifəyə təyinat olur».

Proqramda «Hamıya bərabər imkanlar» prinsipi ilə bütün regionları əhatə edəcək maarifləndirmə tədbirlərinin və ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulur. Daha bir maddə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların məlumat bankının yaradılmasıdır.

MAİLİLİK 45 DƏRƏCƏDƏN ARTIQ OLMASIN

Davud Rəhimov deyir ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri sırasında əlil şəxslərə dair məlumat bazasının yaradılması da vardı:

«Layihəsini təqdim edən, qalib təşkilata büdcədən vəsait ayrılıb. Bəs iş hanı? Layihənin nəticəsi, yəni o baza hanı? Bu, yenidən layihəyə salınıb».

Sevda Səfərəliyevanın fikrincə, proqramda infrastruktur problemlərinin ardıcıl həllinə öncəlik verilməli, icra mexanizmləri hazırlanmalıdır:

«Şəhərə avtobuslar gətiriləcək, ancaq uyğun infrastruktur – ictimai tualetlər, səkilərin hündürlüyü nəzərə alınmayacaq. Xüsusi keçidlər olmayacaqsa, şəhərə çıxmağın nə mənası var? Çıxdınsa, şəhərin ortasında gəzə bilməyəcəksən. Şəxsən mən arabamla küçənin ortasında, maşınlarla birlikdə gəzirəm, səkilərə çıxa bilmirəm. Pilləkənin üstünə 2 rels atılacaq, olacaq pandus, yoxsa alınmaz. Mailliyin 45 dərəcəni aşması başdan-ayağa təhlükədir».

Foto: Arxiv
Foto: Arxiv
«PREZİDENT APARATINDAN BAŞLAYAQ»

Səfərəliyeva deyir ki, öncəliklər – üstün sayılan istiqamətlər düzgün müəyyənləşərsə, bu əhatəli proqram uğurla yerinə yetirilə bilər. Onun sözlərinə görə, icraya nəzarət mexanizmi olmalıdır. Məsələn, «icra hakimiyyətində pilləkənin yanında qaldırıcı qurğu niyə yoxdur?» sualını cavablandıracaq şəxs olmalıdır:

«Məndən ötrü öncəlik Prezident Aparatından başlanır. Qəbul otağının pilləkəninə oraya gələn fiziki məhdudiyyətli şəxslərin köməyi ilə qalxmışam, arabamı qucaqlarında qaldırıblar. İradımı da bildirmişəm, deyiblər ki, gərək prezidentin xüsusi sərəncamı ola. Qanunun aliliyindən danışırıqsa, dövlət qurumlarından başlamalıyıq. Nazirlər Kabinetinin infrastrukturu olmalıdır».

Rəsmi statistikaya görə, ölkədə 521 minə yaxın əngəlli şəxs yaşayır. Onlardan 25 mininin işlə təmin olunduğu bildirilir. Əlilliyi olan şəxslər arasında sosial müavinət və əmək pensiyası alanlar var. Sosial müavinətin məbləği 67 manatdır.
XS
SM
MD
LG