Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:43

Rəhim Hümbətov: «Ukraynada ümid yalnız Qərbədir»


Krımda silahlı birləşmələr - 2014.
Krımda silahlı birləşmələr - 2014.
-
Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov AzadlıqRadiosuna Ukraynadakı son vəziyyətdən danışır.

- Rəhim bəy, Ukraynada son vəziyyət necədir?

- Vəziyyət gərginləşməkdə davam edir. Bilirsiniz ki, bu dəqiqələrdə Rusiyada Federasiya Şurasının iclası keçirilir. Rusiya prezidenti müraciət edib ki, Ukraynada rus qoşunlarından istifadə etməyə icazə versinlər. (Artıq Rusiya Federasiya Şurası Putin-in müraciətinə müsbət cavab verib. – red.) Krımda da vəziyyət elədir ki, Rusiya hərbiçiləri öz əhatə dairələrini genişləndirirlər. Müxtəlif obyektləri, idarələri öz əllərinə keçirməkdə davam edirlər.

- Ukraynada adamların əhval-ruhiyyəsi necədir? Necə qarşılayırlar olanları?

- Ukraynada əhalisinin 55 faizi rus və ya rus təfəkkürlüdür. Krım əhalisinin 2 milyona qədəri, əksəriyyəti rus qoşunlarının bura gəlməsini müsbət qarşılayır.

- Rus qoşunlarının gəlməsini istəməyənlərin hansısa hərəkətləri varmı?

- Özünü müdafiə qüvvələri lokal yerlərdə yaradılır ki, təxribatlar olmasın. Amma rus qoşunlarına qarşı partizan dəstələri və ya başqa müdafiə dəstələrinin yaradılmasından söhbət gedirsə, bu, əlbəttə ki, belə deyil. Çünki hamı başa düşür ki, bu boyda Ukrayna dövləti rus qoşunlarına qarşı hər hansı müqavimət göstərməyə cəsarət etmirsə, əliyalın insanların da onlara qarşı müqavimətindən danışmaq yersiz olardı.

- Rus qoşunlarının yerləşdiyi yerlərdə Ukrayna ordusunun da əsgərləri varmı?

- Krım ərazisində Ukrayna hərbçiləri yerləşir . Məlumatlar gəlir ki, Rusiya qoşunları Ukrayna hərbi hissələrini mühasirəyə alıb və onların təslim olmasını istəyirlər. Adamların istədiyi odur ki, Rusiya hərbçiləri ilə Ukrayna hərbçiləri arasında qarşıdurma olmasın. Hesab edirlər ki, bu qarşıdurma insan tələfatına gətirib çıxara bilər və başlayacaq müharibənin qarşısını almaq çox çətin olar. Yəqin ki, Ukrayna hökuməti müqavimət göstərməmək haqqında qarşılıqlı razılığa gələcək. Amma Krımda Ukrayna ordusunun az olması və müstəqillik illərində ordunun çox pis vəziyyətə salınması o deməkdir ki, qarşıdurma olsa, Ukraynanın özünü müdafiə edə bilməsi şübhə altındadır.

- Qərb ölkələrinin və ABŞ prezidentinin bu məsələyə açıq münasibəti, Rusiyanın Ukraynaya qoşun yeritməkdən çəkinməyə çağırması yerli sakinlər arasında necə qarşılanıb? Adamlar inanırlarmı ki, Qərb Rusiyanın qarşısını ala bilər?

- Barack Obama-nın çıxışından, Avropa Birliyinin müəyyən mesajlar göndərməsindən sonra adamlarda müəyyən ümid var. Ümid yalnız Qərbədir, çünki Ukrayna özü Rusiyaya qarşı müqavimət göstərmək gücündə deyil. Qərb başa düşməlidir ki, Rusiyanın belə bir addımını cavabsız qoymaq Qərbin özü üçün də böyük təhlükədir. Qərb Krımsız Ukrayna məsələsinə razılıq verməyibsə, onda bu prosesə müdaxilə etməlidir.
XS
SM
MD
LG