Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:30

Azərbaycanda ali təhsil: Rentgen deyil, adi gözlə baxanda... (2-ci yazı)


BDU-da laboratoriya
BDU-da laboratoriya

-
Əvvəli burada

«BU AVADANLIQDA İŞLƏYƏ BİLMƏK ÜÇÜN...»


Bəzi universitetlər, maliyyə qıtlığı olsa da, müasir avadanlıq alıb tələbələri sevindirir. Bu avadanlığı ya büdcədən qənaət, ya da müxtəlif layihələr hesabına ala bilirlər. Amma... tələbat ödənmir, çünki belə avadanlıq o qədər azdır ki, ona hər tələbənin əli çatmır.

Bunu tələbələrlə adi söhbətdən də bilmək olar:


– Müasir cihazlar, kompüterlər var, onlardan istifadə edə bilirsiniz?

–Bu il bircə dəfə gedib 15 dəqiqə baxmışıq. Amma dərs çox olub.

- Niyə dərsləri orada keçmirlər ki?
-
- Təzə gətiriblər, sayları azdır.


Tibb Universitetinin kafedra müdiri Vaqif Şadlinski:


«Cərrahlıq da, terapevtlik də, travmatoloq olmaq da biliklə yanaşı, həm də vərdişə dayanır. Bunu görüb-götürmək lazımdır. Bıçağı çəkmək yolunu bilmək lazımdır. Burda axsayırıq...».


BDU-nun müəllimi İbrahim Məmmədov dərs vəsaiti kimi istifadə olunması nəzərdə tutulan avadanlığı göstərib deyir:


«Bu qurğuda işləyə bilmək üçün, azı 6 ay, hər gün 4 saat məşğul olmaq lazımdır. Bu tələbə oğlan mənimlə 6-7 aydır işlədiyindən, artıq özü sərbəst çalışa bilir. Bu avadanlıqda işləyə bilmək üçün tələbə ingilis və rus dillərini yaxşı bilməlidir. Çünki cihazın bütün proqramı ingilis dilindədir».
Vaqif Şadlinski
Vaqif Şadlinski


«PROFESSORA İNDİ DƏ ELƏ GƏLİR Kİ...»

Vaqif Şadlinski bir başqa çətinliyə diqqət çəkərək deyir ki, bəzən avadanlıq gətirməyə universitetin gücü çatsa da, bu avadanlıqda çalışacaq mütəxəssisin yetişdirilməsi əngəllənir:

Xüsusi reportajlar - 18 mart 2014

Canlı müzakirə

«Yetişdirə də bilmirik, çünki bazamız da yoxdur. Məsələn, gözəl qurğu alırıq – 1-2-3 milyona. O qurğunu almazdan qabaq biz mütəxəssis göndərməliyik o ölkəyə. Pul verməliyik, maaş verməliyik ki, o gedib orda öyrənsin bu aparatı. Bax, burda bizim çatışmazlığımız var».


Azərbaycanda professor-müəllim heyətinə üst-üstə 15 min nəfər daxildir. Onlardan 1300-ü professor, 4300-ü dosentdir. Təhsil eksperti Vurğun Əyyubun fikrincə, Azərbaycandakı professor-müəllim heyəti sovet dönəmindən qalma metodlarla işləyir:


«Professora hələ indi də elə gəlir ki, 30 il öncə hazırladığı mühazirəni höccələyə-höccələyə oxuyub tələbələrə yazdırmaqla onlardan yaxşı mütəxəssis yetişdirəcək».

Vurğun Əyyub
Vurğun Əyyub

Vurğun Əyyub bir məqama – müəllimlərin maaşına da diqqət çəkir. Onun sözlərinə görə, məhz maaş azlığı ucbatından müəllim tələbədən, tələbə universitetdən, rəhbərlik vəsait azlığından, məzun iş tapa bilməməyindən, işəgötürənlər də mütəxəssis qıtlığından gileylidirlər.

Heç kimə sirr deyil ki, şirkətlərin gözü xaricdə təhsil almış kadrlarda, xəstələrin gözü xarici həkimlərdə, Azərbaycan tələbəsinin də gözü əcnəbi kompaniyalarındadır. Qubad İbadoğlunun fikrincə, Azərbaycanın təhsil ocaqları sənaye müəssisələrini yönəldə biləcək kadrları yetişdirmir:


«Mən özüm şahid olmuşam, Pekinə 150 nəfər ixtisaslı kimyaçı lazım idi. Biz Azərbaycandan bunu təmin edə bilmədik. Çünki Azərbaycanda onların standartlarına uyğun kimyaçılar yoxdur».


Vaqif Şadlinski:


«İndi tələbat başqa şeydir. İndiki maaşla həkim yaşaya bilməz. Qızım həkimdir, ayda 130 manat alır. Ailəsi, iki uşağı var, onları kim dolandırmalıdır?».

BDU-nun tələbəsi praktik laboratoriyada
BDU-nun tələbəsi praktik laboratoriyada

«BOŞ YERƏ UNİVERSİTETƏ GƏLDİK, O İSƏ...»

BDU-nun baş korpusu önündə hətta uzaqdan görünən nəhəng monitorda rəngarəng elanlar verilir. Elanlardan biri dövlət qulluğuna müraciətlə bağlıdır. Bu cür elanlar gözəxoş gəlsə də, iş tapmaq elə də asan deyil.

Tələbələr:

– Sözün düzü, indi bu diplomu alsaq da, bir-iki sertifikat diplomdan üstündür. II kursda bir dostumuz dərs qaiblərinə görə qovuldu. Ondan sonra biz boş yerə universitetə gəldik, o isə evdə oturub öyrəndi. İndi yaxşı yerdə işləyir, yaxşı da qazanır.

– Biz magistraturada oxuyuruq. İstəyirik ki, bakalavrlarla müqayisədə daha yaxşı iş tapaq. Amma buna 2 ilimizi sərf edəndən sonra da iş tapmaqda çətinlik çəkirik.

Universitet müəllimi:

– İndi bu gənclər universiteti bitirirlər... İş tapa biləcəklərmi? 6 aydan sonra harada işləyəcəklər?

Özəl Quliyev
Özəl Quliyev

Biz onlara yaxşı təhsil vermişik, müasir qurğularda da işləyə bilirlər. Bəs işlə təmin olunacaqlar?

Texniki Universitetin maşınqayırma fakültəsinin IV kurs tələbəsi Özəl Quliyev deyir ki, öz ixtisasında çalışmaq üçün peşəni güclü bilmək lazımdır:


«Çünki mühəndislik elə-belə sənət deyil, gərək güclü yiyələnəsən buna ki, sonda yaxşı maaş ala biləsən. Ölkədə bu ixtisasa yaxşı maaş vermirlər. Amma yəqin ki, xarici şirkətlər bu işə yaxşı maaş verir. Mən öz ixtisasımı yaxşı öyrənə bilmədiyimdən, bir də bu sahə üzrə yaxşı maaş olmadığından istəməzdim ixtisasımda çalışım».


«KAĞIZ ÜZƏRİNDƏ MÜTƏXƏSSİS BOLLUĞU VAR, AMMA...»

Özəl Quliyev kimi dövlət sifarişi ilə oxuyub, öz ixtisası üzrə çalışmayanlar az deyil.
Rəsmi statistika hər il azı 30 min mütəxəssis hazırlandığını bildirir. Kağız üzərində bolluqdur, reallıqda isə işəgötürənlər əlində çıraq mütəxəssis axtarırlar.

IRES İşədüzəltmə Şirkətinin (jobsearch) meneceri Afa Həsənova da bəzi mütəxəssislərin çatışmadığını deyir:

Afa Həsənova
Afa Həsənova


«Azı 5-10 nəfər namizəd tapıb göndəririk. Amma elə vakansiyalar var ki, çox çətindir, uyğun adam tapa bilmirik. Ən çox texniki sahələrdə problemlə üzləşirik. İş elanlarının 60 faizində daha çox bazarlama mütəxəssisləri - marketoloqlar axtarılır. O qədər peşəkar kadrlarımız yoxdur. Amma əvvələ baxanda indi xaricdə təhsil alanlar var. Həftədə 2-3 tələbənin CV-sini qəbul edirik. Onlarla danışanda görürük ki, bu məzunlar yerli məzunlarla müqayisədə çox irəli gediblər».


Yaxşı mütəxəssis yetişdirmək üçün Azərbaycan hökuməti xarici təhsil ocaqlarından da yararlanır. 2007-ci ildən bəri reallaşdırılan ayrıca dövlət proqramı da var. 2015-ci ildə başa çatacaq bu proqramın icrasına indiyədək 100 milyon manat xərclənib.

BDU-NUN REKTORU NƏDƏN NARAZIDIR?

BDU-nun rektoru Abel Məhərrəmov proqramın gerçəkləşdirilmə şəklindən narazıdır:

Abel Məhərrəmov
Abel Məhərrəmov

«Proqramın strategiyası düz qurulub. Amma taktikasından bu gün çox narazıyam. Sual olunur ki, göndərilən tələbələrdən hansısa birinin qayıdıb universitetində işlədiyi yoxlanıbmı? Heç kim maraqlanmır. Hökumətin pulu gedir buna. Mən bu pulun yerinə cihazlar alar, öz elmi innovasiyalarımı gücləndirərəm».


Vaqif Şadlinski:


«Türkiyədə nə qədər burdan gedən həkimlərimiz – cərrahlarımız, ürək həkimlərimiz çalışır. Niyə burada yox, orada işləyirlər? Məsələ maaşdadır».


Ötən il prezident Dövlət Təhsil Strategiyasını təsdiqləyib. Təhsil Nazirliyinin hazırladığı strategiya ali məktəblərdəki problemlərin həllini və təhsilin keyfiyyətcə yüksəldilməsini hədəfləyib.

Təhsil naziri Mikayıl Cabbarov diplomda olan qiymət və ya rəqəmin ikinci dərəcəli olduğunu vurğulayır:

Mikayıl Cabbarov
Mikayıl Cabbarov


«Birinci dərəcəli odur ki, ali məktəbi biz hansı biliklə bitiririk? Hansı biliklə müstəqil həyata qədəm qoyuruq? Təhsil Nazirliyi kimi işimiz ondan ibarət olacaq ki, həmin söylədiyim o diplomdakı qiymətlərlə real biliklər arasında fərq olmasın. Və biliklər diplomda əks etdirilsin».


«20 İLDİR EYNİ BƏHANƏNİ EŞİDİRİK»

Həqiqi bilik üçün nə gərəkdir? Müəllimlərin biliyi, praktik vərdişlər, yoxsa yiyələndiyi peşəni harada və necə işlədəcəyini bilmək?

Təhsil eksperti Vurğun Əyyub təhsili yaxşılaşdırmaq üçün Azərbaycanda köklü dəyişikliklərə ehtiyac duyulduğunu düşünür:


«20 ildir eyni bəhanəni eşidirik: təhsildə təkamül yolu ilə islahatlar aparmaq lazımdır. Yoxdur bu islahat. İslahat əvəzinə sözçülük var. Yaxud islahat olmayan bir şeyi islahat kimi qələmə vermək həvəsi var. Azərbaycanda neçə məktəb binasının tikilməsinin təhsildə islahata heç bir aidiyyəti yoxdur. Təhsil məzmunca dəyişmirsə, təhsil verənlər dəyişmirsə, təhsildə irəliləyişdən söhbət gedə bilməz».
«Droidair»
«Droidair»


RAUFUN «DRODAIR»İ

«Droidair» adlanan qurğuya foto-video kameralar yerləşdirib səmaya qaldırmaq və görüntü çəkmək olur. Qiyməti 5 min manatdan başlanır. Bunu hazırlayan azərbaycanlı gənc Rauf Quliyevdir.

Azərbaycanda reallaşdıra bilmədiyi arzusu Almaniyada gerçəkləşib. Necə?
Universitet təcrübə aparmaq üçün Raufa hər cür şərait yaradıb:


«Hər hansı bir təcrübəyə Vürzburq və Fizika İnformatika universitetləri hər cür dəstək göstərir. Bütün zəruri avadanlıq və elementləri universitet alır».


Hər hansı ideyanı gerçəkləşdirməyin yolu aramsız təcrübi sınaqlardan keçir. Sonunda yaxşı mütəxəssis yetişir. Ancaq Azərbaycanda düşünüb-tapdığı bir ideyanı gerçəkləşdirmək istəyən gənc uyğun şəraitin həsrətini çəkir...

XS
SM
MD
LG