Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:48

İki siyasi fəalın azadlıqdan məhrum olunması Avropa Şurasının etibarına xələl gətirir


İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu
-
“İlqar Məmmədov və Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsi Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsində ölkənin demokratiya görüntüsünə daha bir ləkədir”, deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu xəbərdarlıq edib.

Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsi siyasətçi İlqar Məmmədov və jurnalist Tofiq Yaqublunu 7 il və 5 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili və ya onlarda iştirak) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələri ilə təqsirli biliniblər. RATİ Məmmədov və Yaqublunun 13 ay yarım həbsdə saxlanmasını və onların barəsində azadlıqdan məhrum etmə hökmünü beynəlxalq standartların pozuntusu hesab edərək, apelyasiya məhkəməsini bu qərarı ləğv etməyə və onları dərhal azad etməyə çağırır.

AVROPA ŞURASININ ETİBARI

“Məmmədov və Yaqublu barədə bu biabırçı hökm iki aydan sonra Avropa Şurasına sədrliyi qəbul edəcək bir ölkəyə yaraşmır,” deyə RATİ direktoru və sədri Emin Hüseynov bildirib. “Azərbaycanın öz insan hüquqları öhdəliklərinə sadiqliyini sübut etməli olduğu bir vaxtda, bu məhkəmə hökmləri ilə buna tam əks olan bir mesaj verməsi çox məyus edicidir. İndi təhlükə altında olan Avropa Şurasının etibarlılığıdır”, Hüseynov əlavə edib.

“Yeni Müsavat” qəzetinin köşə yazarı və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu və Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri və son prezident seçkilərində namizədiliyi MSK tərəfindən qeydə alınmayan İlqar Məmmədov 2013-cü il fevralın 4-də həbs olunublar. Onlar 23-24 yanvar 2013-cü il tarixlərində İsmayıllıda yerli sakinlər sosial ədalətsizlik və vəzifədən sui-istifadəyə qarşı etiraz edərkən hökumət əleyhinə zorakı iğtişaşları təşkil etməkdə ittiham olunurlar.

Yaqublu və Məmmədov İsmayıllıya etiraz aksiyasının səbəbləri barədə ilkin mənbədən informasiya almaq üçün getdiklərini bildirirlər. Bundan başqa, onlar İsmayıllıya 24 yanvar 2013-cü il tarixində gəliblər ki, bu zaman da aksiya artıq bitmək üzrə idi.

QİSAS?

İlqar Məmmədov hazırkı prezident İlham Əliyevin üçüncü dəfə prezident seçilmək hüququnun olmadığını bildirən ilk şəxslərdən biridir. Öz növbəsində, Yaqublu ona qarşı baş verənləri “Neft Akademiyası” terroru barədə Baş Prokurorluğun rəsmi açıqlamasını şübhə altına almasına görə ondan alınan qisas hesab edir.

Məmmədov və Yaqublu Azərbaycanda tənqidi səslərə qarşı hökumət repressiyasının son qurbanlarındandırlar. Hal-hazırda, ölkədə sadəcə öz ifadə, sərbəst toplaşma və birləşmə azadlığı hüquqlarından dinc istifadə etdiklərinə görə dəmir barmaqlıqlar arxasına salınmış 9 jurnalist, 3 hüquq müdafiəçisi və 5 söz azadlığı fəalı var.

RATİ Azərbaycan hakimiyyətini bu narahatedici tendensiyaya son verməyə və vəd etdiyi islahatları həyata keçirməyə çağırır. Bu istiqamətdə ilk addım isə istintaqa cəlb olunmuş və ya azadlıqdan məhrum etmə cəzası almış jurnalistlərin, bloqqerlərin, söz azadlığı fəallarının və hüquq müdafiəçilərinin azad olunması və onlara qarşı irəli sürülmüş ittihamların ləğvi olmalıdır.

DAHA SƏRT MÖVQE

RATİ Avropa Şurasını və quruma üzv dövlətləri Azərbaycanda insan hüquqları sahəsində yaranmış böhrana biganə yanaşmamağa və ölkədə insan hüquqları və fundamental azadlıqların ciddi və davamlı şəkildə pozulmasını pisləməyə çağırır. Qurum ölkənin Avropa Şurası qarşısındakı insan hüquqları öhdəliklərini əsassız şəkildə yerinə yetirməməsinə görə Azərbaycan hakimiyyətini qınayır.

RATİ Avropa Şurası Parlament Assambleyasını öz öhdəliklərini yerinə yetirməyən üzv dövlətlərə qarşı daha sərt mövqe tutmağa çağırır. Əgər üzv dövlətlərin kobud hüquq pozuntuları və Avropa Şurası qaydaları və müqavilələrinə əməl etməməsinə göz yumulursa, təşkilat bununla öz hörmətini və nüfuzunu itirir.
XS
SM
MD
LG