Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Toxqarına boğazımızdan keçməyən tikələr...


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən



Nigar An


Toxqarına boğazımızdan keçməyən tikələr
Yem tapmayan boğaz pişiklərin
yuxusuna girir hər gecə.
Hər gecə yuxuda bizi lənətləyir Məryəm.
Biz köpənə qədər yedik ki,
köpəklərə heç nə qalmasın.
Boğulana qədər udqunduq ki,
ölümümüzə də kimsə şərik olmasın.
Eqomuzu yenmək istəmədik, eqomuz bizi yedi.
Addım-addım qazandığımız sevgini bir fağırın
acqarına əsnədiyi zaman kəsiyində itirdik.
Guya bizim üçün fərqi yoxmuş kimi güldük,
Gülüşümüz turş daddı.
Biz ağlayacaqdıq, amma
əlinə pul verdiyimiz
əlsiz cocuğun çəkdiyi
qəhqəhə bizi aldatdı.
Kübar olmaq istədik, gülünc olduq,
Tanrı olmaq istədik, girinc olduq.
Kamyu oxuduq, yadlaşdıq,
Kafka oxuduq, çevrildik, dönük çıxdıq,
Markes, Hesse oxuduq,
100 il yalquzaq kimi tənha qaldıq.
Amma Knut Hamsun oxumadıq,
Çünki biz heç ac olmadıq.
İntihar etdik...
Hər şeyimiz çatırdı.
Kağız (pul) yedik, metal (qızıl) yedik,
Dəmir (maşın) yedik, taxta (ev) yedik,
Başqasının haqqını yedik,
Mərdi yedik, satqını yedik.
Həyatın bütün dadını görmüşdük.
İntihar etdik...
Axı biz Cek Londonu da oxumuşduq...
Yatdığımız - sadəcə ət və sümükdən ibarət olan
kişilər (qadınlar) qədər heç nə idi hər şey...

24.03.2014
21:56


Adı üç hərfli qıza

Belə getməmişdi atam...
Gedəndə bir parça çörək,
bir az pul, bir də pencəyini qoyub getmişdi
üşüməsin deyə balaca bacım.
Belə açılmırdı səhərlər...
Günəş doğmamışdan
anam görünürdü pəncərəmizdə.
Belə ölməmişdi qardaşım...
Gedəndə son nəfəsini hədiyyə verib getmişdi mənə.
Getməklər fərqlidi, adı üç hərfli qız,
Getməklər cürbəcürdü...
Sənin gedişin dost gedişi deyil,
Sənin gedişin yad gedişdi.
Nil, "qayıt" demirəm,
"gedənlərə qoşulma" deyirəm.
Nə qədər gedə bilərsən axı?
Gedəcəyin uzaqlığı tanıyıram...
Ən uzağı bir mil qədər gedərsən,
Lap uzağı bir Nil qədər gedərsən...
Unutma ki, mən Atlantik adlı okeanam,
Unutma ki, unutduğun hər "An"am...
XS
SM
MD
LG