Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:54

İntihar oyunu


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Lalə Məhərrəmli


GƏLİRƏM

Xoş gəlmisən, keç içəri.
Çıxarma üstündəkiləri, üşüyərsən, dost.
Səsim soyuqdu... dilində sözün donar.
Nəfəsin də yetməz isitməyə.
İsti çayım da yoxdur, hazır yeməyim də.
Çox idi işim, çatdırmadım.
Səni gözləməyə qarışmışdı başım.
Gəl içəri.
Çıxarma ayaqqabılarını.
Süpürməmişəm evləri. Ayağının tozuyla gəl, iziylə gəl.
Quru təsəlliləri islat göz yaşlarımda.
Sil yerləri, bütün tozları, izləri.
Gəl içəri.
Əllərini açıb gözləmə
Sarılmayacam boynuna.
Əllərim dizlərimi qucaqlayıb.
Baxmayacam gözlərinə.
Gözlərim pəncərədə donub qalıb.
Özüm də evdə deyiləm indi.
Gəzirəm.
Bir az uşaqlığımda, bir az uzaqlığımda.
Otur yanımda gözlə.
Gəlirəm...


İNTİHAR OYUNU

1.

İndi ən yaxınındakı dönər qoxusu qədər uzaq idi ona bütün çarələr.
Ayağına dəyən daşlar çiyninə dəyən insanlardan yaxın idi ona.
Dizəcən daşa batmışdı, boğazacan insana.

Bıçaq olub boğazına dirənən daşlardan - divarlardan qaçmışdı. İnsanlara uçmuşdu.

Cılızlaşmaq istədi bütün insanlar kimi.
Kiçilmək, öz içinə yığılmaq və uçub-uçub bir quş yuvasına sığınmaq istədi.

Kiçildi... lap kiçildi... uşaqlıq xatirələrinə qədər...
Cilik-cilik elədiyi rəngli -rəngli şüşələr görən torpaq altında xəzinəyə dönəcək?
Gülümsəmək istədi dartılmadı dodağı.
Yollar ayaqlarını, ayaqları bədənini dartırdı.
Yuvasına qayıtdı.

Yığıldı ürəyinə dürtə-dürtə ayağının ucunda evə gətirdiyi daşlar.
Ürəyi daşa dönüb sinəsindən asıldı.
O gün asdı özünü...
Yolundan döndərmədi xatırladığı təsəllilər.. " Ay kişi, səbrli ol, indi krediti olmayana kişi demirlər"...

2.

İnsanların döngəsində binalar görüşər, pəncərələr öpüşər.
Ev-ev, otaq-otaq paylanar günahlar.
İnsanların döngələri günahların kölgə yeri.
Qara-qara kölgələrə sancılar, azad-azad dalğalanar günahlar.

İnsanların döngəsində dağ da dağa rast gələr.
Dağlar qusar ahları insanın sinəsinə.
Yüngülləşər içində.
Yollar çərpələng ipi...düyünlənər dağlara.
Dağlar da azad-azad uçuşar zirvəsində.
Sevinər məsum uşaqlar kimi çərpələng uçuran günahlar.
və çərpələngdən bezəndə intihar oyunu oynayarlar.
XS
SM
MD
LG