Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:48

Arif Yunus: «Fransa prezidenti Bakıda bizimlə görüşəcək»


Arif Yunus
Arif Yunus
-
Gözlə

No media source currently available

0:00 0:10:36 0:00
Direct-ə keçid

Sülh və Demokratiya İnstitutunun direktoru, tanınmış insan haqları müdafiəçisi Leyla Yunus həyat yoldaşı, politoloq Arif Yunusla birlikdə aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Arif Yunus aprelin 28-də gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda xəstəxananın kardiologiya şöbəsində müalicəsi davam edir.

«TƏXRİBATI HİSS EDİRDİK»

AzadlıqRadiosuna müsahibəsində Arif Yunus son 4-5 ildə yüksək təzyiqdən əziyyət çəkdiyini, Bakıda bir neçə tibb mərkəzində müalicə aldığını söyləyir.

- Gündə azı 3 dərman qəbul edirəm, yoxsa təzyiq qalxır. Təzyiqimin 150-160-a qalxdığı olur. Beşinci gün (aprelin 25-də-red.) gördüm ki, halım pisləşir, ABŞ səfirliyi ilə üzbəüz klinika var, getdim ora. İçəri girən kimi halım pisləşib, təcili yardım çağırılıb. Təzyiqim 240/140-a qalxıbmış. Aparıblar Neftçilər Xəstəxanasına, birinci günədək orada qalmışam, nə lazımdırsa, ediblər. Mən və xanımım EED (European Endowment for Democracy) təşkilatından dəvətnamə almışdıq, Brüsselə tədbirə getməliydik. Birinci gün xəstəxanadan çıxdım. Pasportlarımız əlimizdə getdik aeroporta. Uşaq deyilik, təxribat ola biləcəyini hiss edirdik. ABŞ və Fransa səfirliklərinin təmsilçiləri ilə görüşdük, dedilər ki, «narahatsınızsa, sizinlə aeroporta gedərik». Aeroportda pasport nəzarətindən keçdik, möhür vuruldu. Ancaq minik zolağında gözləyərkən bizə bir polkovnik yaxınlaşıb dedi ki, «uça bilməzsiniz, ardımca gəlin». Bizi bir otağa apardılar. Baqajı yoxlamağa başladılar. Gecə 3 ya 4-də Nərimanovdakı evimizə gəldik. Orda vəziyyətim pisləşdi. Çünki Prokurorluq, polis işçilərinin özlərini necə pis apardıqlarını gördüm. Sonra məni «Semaşko»ya aparıblar.

«PROKURORLUQDAN ZƏNG EDİB NALAYİQ SÖZLƏR DEDİLƏR»
- Prokurorluq aprelin 29-da yaydığı məlumatda bildirir ki, istintaqa ifadə verməyə getməliydiz, yayınmısınız. Sizə bildiriş gəlmişdimi?

- Aprelin 28-də axşam saat 6-da gəliblər ki, aprelin 28-də saat 3-də ifadə vermək lazımdır. Xanımım aşağıda yazıb ki, bildirişi axşam saat 6-da alıb, yəni 3-də gələ bilməz. Biz axı konfransa getməliydik. Üstəlik, düşünürdük ki, bizim üçün daha vacib konfransdır. Fransanın prezidenti Francois Hollande mayın 12-də Bakıya gəlir. Xanımımla mən siyahıdayıq, bizimlə görüşəcək. Yəni biz Bakıya qayıtmalıydıq, bir həftəlik seminara gedirdik. Hara qaçırdıq? Həm də bizə ölkədən çıxmamaq qadağan olunmamışdı. Hələ demirəm ki, beşinci gün (aprelin 25-də- red.) Prokurorluqdan zəng edib nalayiq sözlərlə məni qorxutmağa çalışıblar. O sözləri sizə deməyə utanaram. Niyə görə təzyiqim qalxdı? Bir şeyi də deyim. Neftçilər Xəstəxanasından çıxanda getdim banka ki, pul götürüm, axı pul ödəməliydim. Deyirlər ki, hələ aprelin 24-də Nəsimi məhkəməsinin qərarıyla şəxsi hesabım bağlanıb. Pul vermədilər mənə. Məhkəmənin qərarı varsa, niyə vətəndaşın bundan xəbəri yoxdur. Həmin qərar nəyə əsaslanıb? Biz indiyədək protokolu görməmişik, niyə saxlayıblar, niyə axtarış aparıblar?
- Prokurorluq deyir bankdan külli miqdarda pul vəsaiti çıxarmağa cəhd göstərmisiz.

- (Kinayə ilə deyir) Hə, 5 milyon manat və 10 milyon manat pul olub. Başları xarabdır, nə deyim onlara? Külli miqdarda olsaydı, başqa cür hərəkət edərdim.

HARA GEDİRİKSƏ, SƏNƏDLƏRİ ÖZÜMÜZLƏ GÖTÜRÜRÜK
- 5 illik viza almağınız ölkədən uzun müddətə getmək niyyətinizlə izah olunur.

- Məncə, prokurorluq işçilərinin xəbəri yoxdur xaricə getmək nə deməkdir. Biz xanımımla tez-tez xaricə gedirik, hər ay gedirik. Biz ilyarım, iki ildən sonra pasportlarımızı dəyişirik. Bilirsiz nə qədər pul gedir buna? Əvvəl «Şengen» vizasını bizə bir illik verirdilər, sonra 2 illik verdilər. Soruşduq «5 illik verirsiz», dedilər «problem yoxdur». Tez-tez gedənlərə verilir. Bu, normal praktikadır. Prokurorluq əməkdaşları bilmirlərsə, səfirliyə zəng edib soruşsunlar. XİN-dən soruşsunlar.
- Leyla Yunusun adına xaricdə olan mülkə dair sənədlər də üstünüzdə olub. Yəni Prokurorluq məqsədinizin istintaqdan yayınmaq, ölkədən çıxmaq olduğunu belə əsaslandırır.

- Səhv etmirəmsə, söhbət jurnalist Rauf Mirqədirovun istintaqından gedir. Yəni bizimlə bağlı deyil istintaq. Bilirik ki, MTN işçisi evinə girirsə, hansısa sənədi götürə, oğurlaya bilər. Harasa gedəndə sənədlərimizi özümüzlə götürürük. Pulu oğurlasalar, dözərik, taparıq, ancaq evin «kupça»sı itsə, nə zülm çəkərik onu bərpa etməyə.

CASUS OLSAYDIQ...
- Sizcə, nədir Sülh və Demokratiya İnstitutuna qarşı bu tədbirlərin məqsədi?

- Konkret İlham Əliyevi korrupsiya, insan azadlıqları ilə bağlı tənqid edən şəxslər olaraq biz qalmışıq. Fikir verin, İlham Əliyev deyir ölkədə siyasi məhbus yoxdur, xanımım ortaya siyahı qoyur. Siyahı dərc olunur, yayılır. Digər tərəfdən xanımım ermənilərlə birgə sayt yaradıb. O saytın məqsədi sülhə çağırışdır. Məqsəd hər iki tərəfi ətraflı informasiya ilə təmin etməkdir. Hələlik münaqişə tərəfləri bir-biri barədə ancaq mənfi məlumatlar alır. Erməni və azərbaycanlı ekspertlər təkcə siyasi deyil, kino, qadınlar, ən müxtəlif mövzuları müzakirə edir, fikirləri dərc olunur. Bu, hakimiyyəti narahat edir. Raufu saxlamaqda əsas məqsəd zərbəni xanımıma vurmaq idi. Stalin zamanı, 37-ci ildəki kimi böyük bir şou yaratmaq istəyirlər ki, bunlar casusdur. Casus olsaydıq, rəsmi tədbirə getməzdik. Yaxud necə olur ki, Rauf casus kimi gedib hər şeyi yazır? Hərdən onlarla görüşəndə deyirəm ki, «mənimlə bağlı bir şey tapa bilmirsinizsə, çağırın, özüm sanballı bir şey tapım ki, kimsə sizə inansın». Yoxsa ki, məmur balasının bahalı maşınlarına fikir verən yoxdur, hüquq müdafiəçisi «Nissan» alanda deyirlər bahalı maşın alıb.
XS
SM
MD
LG