Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:31

Xoş gəldin, Lenin!


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Sabutay Nağı


XOŞ GƏLDİN, LENİN!


Zəng aramsızca yatağıma sarı uçurdu.

Yuxunun şirinliyinə qərq olmuş şüurum səsi eşidəcək qədər aydınlaşsa da yumulmaqdan doymamış gözlərim ağırlığdan açılmadı.

Telefon zənginin dayandığını dumanlı şəkildə duydum və bir an sonra bu mobil aparat yenidən səslənəndə hirslə üzü üstə çevrilib başımı balıncın altında gizlətdim. Səs isə uzandığım divana paralel kompyuter masasından canavar kimi ulayırdı...

Həmişəki kimi gec yatmışam, üstəlik kompyuterin şüası gözlərimdəki yuxusuzluğa qarışıb, ən əsası isə hazırladığım reoprtajın sonuna möhtəşəm bir cümlə yamamaq üçün azı yarım saat ardıcıl siqaret tüstülətmişəm...Hələ suyun vaxtsız kəsilməsini, elektrikin qəfil fasiləsini, qapıya çöl tərəfdən sancılımş qaz üçün borc bildirişinin əhvalımı uzun müddət korlayıb ilham pərimin ürəyindən yaraladığını da bura əlavə etsəm...

Masa üzərindəki telefon sanki reportaj əziyyətimə deyinməyimi duyub acizanə susdu. Başımı balıncın altından çıxardım. Gözlərimi hələ aça bilməsəm də bu şübhəli zəng yuxunun dərin qatından məni uzaqlaşdıra bilmişdi. Adətən mənə - səhərə yaxın yatıb, günortaya doğru redaksiyadakı işinə güclə çatan reportyora kimsə bu radələrdə zəng etmir. Ən azı 5 ildir ki, mənim həyatım günorta işə tələsik çatmaq, redaksiyadan sosial reportaj hazırlayacağım yerə yollanmaq və bundan sonra səhərə yaxın yazıb bitirdiyim reportajı redaktorun emailinə göndərmək aralığında keçir. Elə beləcə, səhərlər mənim üçün mövcud deyil.

Bəlkə, dünən evləri uçurulanlrla bağlı çəkdiyim şəkillərə aiddir bu zəng, amma yox. Təcrübəmdən bilirəm ki, evinin söküntüsü üzərində dayanıb üzünü göyə tutan qadını sürüməyə başlayan polis lazım bilsəydi gecəylə bu işi həll edərdi. Üstəlik dünən gecə nə elektrikim keçərdi, nə qaz borcu yazılardı, nə də vanna susuz qalmasın deyə su kəsilərdi. Onlar daha qaranlıqda hərəkətə keçmirlər. Əksinə, qazın fontan vurub evi bürüməsi, səni reportaj fotosuna görə su dolusu vannada islatmaq daha səmərləli üsullara çevrilib.

Ya da... bax bu ola bilər, artıq reportajı baş redaktor oxuyub. Heç işə gəlib çıxmağımı da gözləməyib. Onsuzda reportajlarımı lupa ilə süzgəcdən keçirir, xüsusilə, sonluqda öz fikir bucağımdan hadisəyə münasibətim axır vaxtlar onu təbdən çıxarır.

Ləzzətlə reportajımın sonluğunu xatırladım, içimdə gülümsədim.

Təsəvvürümə gətirirəm ki, o, baş redaktor qarşısındakı monitora baxıb əsasını əlində necə də qəzəblə sıxır. Nə vaxtsa, bu qəzeti yaradanda baş redaktorumuzun iki ayağı olmuşdu, nə vaxtsa onun ayaqlarını maşın təkərinin altindan keçirəndən sonra əlinə əsa götürmüşdü. Və mənə elə gəlirdi ki, indi o, bütün yazıları məhz bizim üçüncü ayaq dediyimiz o əsasına baxa-baxa redaktədən keçirirdi. Bax, həmin qırmızı xətt elə bu əsanın özü idi ki, xüsusilə yazıların sonluğunu qiymətləndirən unikal bir ölçü vahidinə oxşayırdı. Bilmirəm, hərdən mənə elə gəlir ki, bizim qəzetdə hər kəsin əlində artıq əsa var. Məsələn, mənim əlimdəki əsaya görə reportajı elə hazırlamalıydım ki, sonluq kommunizm-zad iyinə bulaşmasın-axı kapitalizm təbiidir, bazar varlıların zövqünü diqtə etmirmi, boz evlər-bunlar ki, insana kədər gətirir, yerində istirahət üçün qış parkı salmaq daha yaxşı deyilmi? Mənim əsam insanları inandırır ki, biz yenicə bazar münasibətlərinə keçən ölkəyik, nə vaxtsa hər şey düzələcək, hələlik isə …dənizi çəpərləməyə fikir verməyin. Düzdür, mənim, yox, əslində qəzetimizin oliqarxiya, monopoliya, korrupsiya kimi terminlərdən bolluca istifadə azadlığımız da var. Amma bu bir növ elə həmin evləri sökülənlərin ürəyinə su tökmək üçündür. Onlar, arzuları ümidlərinə calayıb yaşayan boz evlərin sakinləri inansınlar və gözləsinlər ki, nə vaxtsa oliqarxlar dövrü bitəcək. Həmin terminlər bütün dünyada işlədilir. Bütün dünyada dolaşanlardan yazmaq qadağamız yoxdur, amma o şey ki, yalnız bizdə var, bax onlardan yazmamaq üçün hamıya işıqfor qoyulub. Bəs sonluq necə olacaq, bax bu qadağan edilmiş sualın cavabından baş redaktorumuz da ilandan qaçan kimi qaçırdı.

Telefon indi elə bil qəzəblə səsləndi. Paltarlı-paltarlı uzandığım divanda bu dəfə arxası üztə çevrilib gözlərimi açdım. Zəngdən duyduğum qəzəb hiss mənə keçdi. Ayağa sıçradım, masa üzərindəki mobilə baxa-baxa pəncərə önünə qədər irəlilədim.
Onun reportajımdan narazılığı kefimə də deyil. İyirmi səkkiz ailə evsiz qaldı, iki qadının ürəyi getdi, polis professoru kənara tollazladı...Mən axı təkcə ömür boyu statistikanı yazmağa məhkum edilmiş Sizif deyiləm, polis və ya icraçı məmura diş qıcırtmağın nə mənası var? Təkcə bu statistikanı yazan mən həmin polis və ya məmurla sistemin statistik rol ifaçısı deyiləmmi? Mənim fərqim...bax, o sonluqdadır ki, indi buna görə qəzəblə yuxumun şirinliyinə belə hücum çəkirlər. Bəlkə də ən şirin yuxumu yarımçıq qoyduğunu fikirləşəsən, cənab baş redaktor? İyirmi səkkiz ailənin qovulduğu evlərin yerində möhtəşəm bir saray, içində sözsüz ki, ən fantaziyalı həyat. Bax, söküntü vaxtı gördüyüm, balaca oğlanın tək tay ayaqqabısının durduğu yerdə mənim timsahım böyük hovuzda mişar dişlərini ağardaraq üzür. Timsahım gözyaşı tökəndə həmin balacadan da kədərli görünür. Hətta gözəl bir incəsənət salonum da var. Bax, ən elit mavilərinin, ən sürüşkən elit qadınlarının ortasında dayanıb ölkənin ən gözəl və yelbeyin müğənni xanımına rəsm bilikərimi nümayiş etdirirəm. Sağ əlim astaca onun arxasına qoyulub. Əlbəttə o, əlimi, milyonlarla oynayan əlimin təmasını hiss edir...amma bu kübarcasınadır ha...yoxsa bizim redaktorun yazı yazmaqdan qurbağa ayaqlarına oxşayan barmaqları olsaydı...

...Telefon yenə susdu.

Əlimi pərdəni çəkmək üçün irəli uzatdım. Uzun müddət yuyulmadığından açıq rəngi tündləşmiş

pərdə aramla açılırdı, mənə elə gəldi ki, yazımdan keçən reportaj qəhrəmanlarımı önümdə səhnələşəcək ponoramada görəcəyəm. Məhkəməyə üz tutan şikayətçilərin hələ də nəyə isə inanaraq “möhtərəm hakim” ifadələrini, hansısa rəhbər işçiyə yanıqlı etiraz…Qəribədir, il ildən hiss edirəm ki, əslində reportajımda öz kiçicik mülkiyyətləri üçün sızıldayan insanlara qarşı içimdə bir quru hiss yaranır, get-gedə onların şikayətlərini zəhləmi tökən eyniyyət kimi könülsüz dinləyirəm. Yəqin ki, laqeydliklə hökm verən hakimə, yaxud yalan danışmaqdan yorulmayan bələdiyyə sədrinə oxşamaqdayam. Mənə elə gəlir ki, adı yadımdan çıxmış bir yazıçının hekayə prossesini doğurdan da yaşayacağam, bir səhər nəyəsə çevriləcəyəm. Ola bilsin ki, bu, ən son reportajımı yazandan sonra baş verəcək.

Yazı prossesim səhər saatlarıına qədər təsadüf edəndə dəfələrlə pərdəni çəkib çölə baxmışam. Əslində isə görünən səhnə təxəyyüldən uzaqdır. Binanın aşağısında bir neçə pişik, qabından daşmış zibil yığnağı, görünən evlərin pəncərələri…Uzaqbaşı bu menyuya təsadüfi bomojun avaralanan kölgəsi daxil ola bilərdi.

Pərdə önümdən yığıldı…

Martın son günün əvəzləyən aprel səması boz idi. O qədər ki, sanki səmada heç bir zaman işıq olmayacaq. Qaramtıl-sican rəngində olan səmada günəş öz aurası ilə peyda olanda isə qəribə cəldliklə pəncərəni yarıqaranlığa açdım. Mənə elə gəldi ki, üzü səmaya boylandığım tək bu pəncərənin yox, görünən bütün evlərin pərdələri dərindən əsnədi, kirayələdiyim bu evdə məndən əvvəl, nə vaxtsa yaşamış bir qadının öz əli ilə güldana qoymuş olduğu , solmuş çiçəklər belə yenidən canlandı, pis yuxular, ümidsizliklər sona yetdi, dünyanı ağuşuna alan ən yeni bir musiqi səsi hər tərəfə yayıldı…

…Soyuq qarışıq günəşin tədricən gətirdiyi yaz istisi evə doldu. Bilmirəm, bu doğurdanmı belə oldu, hətta güclə görünən uzaq binalardakı pəncərə pərdələrinin də günəş şüasının tıqqıtısına yığıldığını, pəncərələrinin şaqqıltıyla- sankı gözlədiyimiz, uzun zamandır gözlədiyimiz bir hissə sarı açıldığını gördüm...

...Telofonun səsinə sarı pəncərə önündən iki addımım sanki zamandan-zamana keçid qədər uzun gəldi, əlimi səsə uzatdım.

-Babanı rayon polisləri aparıb...

Ardınca da “kimə deyə bilərsən” kəlmələri...

Əmimin səsi telefondan bir az da bərkdən gəldi. Hardasa polis şöbəsindəydi.

-Hə, şöbədəyik, qoca kişini gətiriblər sürüyə-sürüyə...səhərə yaxın...

Qışqırırdı, yəqin ki, yan-yörəsində duran polislərə də bildirmək istəyirdi ki, bu işi elə belə qoymayacaq, hətta vacib adamlara da çıxışı var.

-Ciddi məsələdir deyəsən vallah, rəis harasa gedib günortaya gələsidir, gözləyirik. Bu gün buraxdırmasaq biabır olacağıq camaatın içində. Gəl, babanı tanımırsan, elə üz göstərəcək ki, heç görüm-baxımnan da rəis buraxmayacaq onu. Əşşi, şikayətçi var ortada...Özü də söyüb onu...rəisi yox, şikayətçini.

...Telefon qapanır.Pəncərəni örtməyim, paltarlarımı dəyişməyim, qapının açarını axtarmağım bir-birinə qarışır. Açarı dərəcəsi ilə fırladıb qapını bağlayanda pərdəni yerinə çəkmədiyimi fərqinə vardum.

...Babam, gəncliyinin bir neçə ilini neft daşlarında çalışmağını nəzərə almasaq ömür boyu 3-4 kəndin qovuşacağındakı yolda yaradılmış və elə bu kəndlərdəki sovxozların təsərrüfatına texniki xidmət etmiş, hamının abbeveturasıyla adlandırdığı MTS-də, Maşın-Traktor Stansiyasında işləmişdi, bu müəsissənin girişində kommunizm haqqında inamlı sözlər yazılmış böyük hərfli şüar sökülənə, sovxoz sisteminin darmadağın olduğu illərə qədər. Səkkiz illik kənd məktəbini bitirsə də riyaziyyatı, rus dilini yaxşı bilirdi, bədii kitab oxumağı da öz yerində. Bizim babmın evində qurulmuş ailəmiz də, necə deyərlər onun kitabxanasından çıxmışdı. Babamın arzusu ilə ədəbiyyat müəllimi olmuş atama elə onun arzusu ilə də nə bilim, Tolstoyun hansısa romanının qadın qəhrəmanına, bilmirəm zahirən yoxsa davranışı ilə bənzəyən anamı gəlin gətirmişdilər. Mən də elə bu kitabxananın kitablarını rəflərə düzüb səlqəyə salmağı xoşlayan babama köməklik edərək böyümüşdüm. Babamı kommunist partiyasına əsgərlikdə daxil etmişdilər. Bütün rayonda zərb- məsəl kimi işlədilən “təmiz kommunist” ifadəsinə layiq görünən bir-iki adamdan olardı. Bu elə ifadə idi ki, 100 ilin partiya üzvünə deyilmirdi. Belə adamlar onlar idi ki, imkanlarından, nə bilim aldıqları medallardan istifadə edib öz şəxsi məsələlərini həll etmirdilər. Kənd sovetinə də, lap rayon rəhbərlərinə də sözlərini deyə bilərdilər. Babm belə “kommunistlik” edə-edə məsələn, yararsız kənd məktəbini yenisiylə əvəz etdirmişdi. Bir evdə yaşayan böyük bir ailənin kənd həyatından, babamdan ayrılması da elə onun, səhər tezdən telefonumu zəng atəşinə tutmuş əmim demiş “kommunistliyinə” salmağından başlamışdı. Sovxozların dəyirman daşında üyüdülüb özəlləşdirmə illəri başlayanda MTS-in rəhbəri babamı yanına çağırıb “hərə bir şey aparır burdan, ölkə dağılır, sən isə götür o köhnə kombayını, buralar özəlləşəndə sənə heç nə çatmayacaq, onsuzda bütün əmlak dağılıb gedəcək” demişdi.

Babam isə məhz o gündən işdən çıxan çıxmışdı. İlin 8-9 ayını Rusiyada keçirən kiçik əmimimn və atamın bütün rişxəndlərinə baxmayaraq babam susmuşdu. Böyük əmim isə “xeyri yoxdur” deyib qardaşlarının ardınca rayon mərkəzinə köçmüşdü. Babmın “kommunistlik” edib kombayndan imtina etməsi hamının əlinə bəhanə vermişdi.
MTS həmin il dağılmış, o dağılmaqla da işsizliyə düçar kənd də boşalmağa başlamışdı. Nənəmi isə özələşdirmə başa çatdığı ildə itirmişdi babam.

Son 2-3 ili tamam o kəndə getməmişdim. Əvvəllər ona kitablar alıb gətirirdim, özü də bir növ mənə sifarişlərini verirdi, son illər isə daha kitabla da maraqlanmırdı. Bilmirəm, gözlərimi zəifləmişdimi? Amma əvvəlki illərdə gördüklərimə görə o kənddə indi sayılı qocalar və qadınlar qala bilərdi, yəni daha nə ola bilərdi ki, babam cinayət törətsin? Bir il əvvəl əmimin evində görüşəndə isə kişi tərs-tərs baxmışdı mənə. Yadıma düşdü ki, neçə il əvvəl “bala, jurnalist döyülsən, gəl bizim meşəni qırıb qurtardılar axı..havamızı da aparırlar, bir yazıb-pozan olmuyacaq bunu? ” demişdi. Sonra da ağaclardan danışıb insanlara qədər var gəl etmişdi mövzusu üzrə. Başa düşdüyüm bu idi ki, babam hələ də, qiymətli olan nə varsa, hamınındır fikrindədir, amma mənim üçün artıq belə deyildi.

-Dəxli yoxdu, ağacı Sibirdə qır, ya burda.

Atamın, əmimin Sibirə yollanmağına da həmin söhbət zamanı ironiya etmişdi.

-O vaxt Sibirə sürgün edirdilər, gedər-gəlməz sayılırdi oralar. İndi özümüz gedirik, çörək dalınca.

Atamla əmim Sibir meşələrində hansısa alman şirkətinin ağacqıranı işləyirdilər. Bu ironiyası ilə mənə elə gəldi ki, son zamanlar babam üçün ağaclar insanlardan daha çox əhəmiyyətli olub. Bəlkə də ona görə ki, bu ironiyasını dinləyəndə çoxlu qırışların birləşdiyi sifətinin ağac qabağına necə oxşadığığını fikirləşmişdim.

-Üc saata ordayıq. Bunu elə-belə almamışam ki, düzdür Gürcüstandan gətirəndə bizim gömrük iki qat pul istədi bu ceyrana, amma dəyər.

Deyə maşınına qürurla baxan “Mersedes”in sürücüsü irişir...

Arxa oturacağa əyləşirəm.

-Əla hava var e...bu qışdan da belə çıxdıq-
sürücü maşının içindəki sərnişinlərinə baxaraq hırıldayır-Getdik.

Yarımçıq qalmış yuxum maşının sürətinə ahəng olaraq tədricən məni ağuşuna alır.

-Şəxsi əmlaka ciddi zərər vurmaq-əmim həyəcanla qışqırır-Ucaskovu deyir bu maddə ilə iş açacaqlar. Özü də qruppavoy. Kişinin başı qaçıb e...Bilirsən məsələ nə yerdədir...

Əmim yəqin ki, ətrafına yığılmış qohum-əqrabaya da bu sözlə qəzəblənir, kimə isə öz hirsini boşaltmağa bəhanə axtarır.

Maşının şüşəsi arxasından yuxudan yenə ayılmış gözlərimlə şəhərdən uzaqlaşdığımız göstərən yolboyu dənizə çəpər uca divarlara baxıram.

-Oğurluq...-əmim bu sözü bir asta səslə əlavə edir, o qədər ki, öz də öz sözünə mənim kimi inanmır-Gəl burda bilərsən. Rəsi gözləyirik. Düzü nə oğurlayıblar deyən yoxdu...

Sürücü maşının şüşəsini endirib siqaret yandırır. Həmin an uca çəpərlər arxasından oğrunca gələn dəniz havası içəriyə dolur.

Polis şöbəsinə çatanda binanın qarşısında yorgun görünən bir neçə qohumumu gördüm. Elə həmin anda da əmim binanın pilələri ilə tələsik aşağıya enirdi..

-Söhbət bitdi. Həll elədim. İş bağlanacaq. Amma başına ağıl qoyun...

Əmim bu sözü dediyi an xüsusilə mənə baxdı, baxışı ilə sanki bunu vəzifə kimi mənim boynuma biçmək istədi.

-Rəis indi çağıracaq məni, bir də görüşək. Allah haqqı, biabır olacağıq bu hadisədən xəbər tutan olsa...

Mən indi bu hadisəni bütün günü baş xəbər axtarışında olan, yanğından, maşın qəzasından, intihardan manşet düzəltməkdən özü də yorulmuş redaktora deyə bilərdim. Amma...mənim günahım deyil ki, ölkə həyatı ancaq fəlakətlər bucağında donub. İndi harda olsa zəng etmək fikirinə düşəcək, məni redaksiyanın künc-bucağında görməyincə. Özümü saxlaya bilməyib xəbəri tirajlayacağımdan qorxdum və mobili söndürdüm.

Bir vaxtlar eyni müəssisədə tokar kimi çalışmış 5 qoca gecənin qaranlığında o köhnə, binası uçub dağılmaqda olan MTS-in ərazisinə 23 il əvvəl gömülmüş bir böyük büstü çıxarmışdı. Gizlicə, qaranlığın qatılığında, lap elə oğrular kimi.

MTS sahəsini tamamilə özəlləşdirmiş yeni sahib isə büstdən qalmış dərin çaladan nəyinsə çıxarıldığını fərqinə varmışdı. Hadisə isə büst oğurluğunda iştirakçı olmuş qocalardan birinin sosial kartının elə həmin oyuqdan tapılması ilə açılmışdı.
Rəsi əvvəlcə mənə baxdı. Gözlərinin çiynimdən asılı səfər çantasından keçdiyini duydum.Sonra üzünü əmimə tutdu.

- Əmlakın yiyəsindən də şəxsən xahiş etdim. Elə bilib kimsə ona sataşmaq üçün əmlaka girib, deyir elə o torpağı alandan kənd camaatı birtəhər baxır bu işə. Qoca kişilərdi də...indi nə edək, bu yaşlarında içəri qoymayacağıq ki. Kişi də yaman tərsdi ha. Əsil köhnənin kommunistidi. Əmlakın yiyəsinə nə desə yaxşıdır. Qolçomaq oğlu qolçomaq. Bircə dediyimi edin. Adam qoşacağıq. Büst kənddə qalsa əhvalat şişib böyüyəcək.

Əmim irişdi .Nə isə dedi. Rəisə ünvanlı xoş söz idi yəqin.

Çölə çıxanda isə :

-Oturduğum yerdə tərlədim- dedi əmim və cibinə işarə vuraraq-Bir elə edək ki, daha həngamə çıxarmasın sovuşduraq bu məsələni. Baban hələ MTS-i alanı ordakı alminumu-zadı oğurlayıb satmağnan günahlandırır. Ağzın yenə açsa şikayətçi ərzəsini dala götürməz, kim olsa belə edər də...Yazığın atasını da təhqir edib. Sözə bax, qolçomaq oğlu. O da qayıdar deyər deyər ki, kommunist oğlu kommunist. İndi bu söz söyüşdən də pisdir.

Sonuncu olaraq pillələrdən babam endi. Düz qoca dostlarının yanına sarı yönəldi. İndiyə qədərki ən qoca babamı gördüyümü fərqinə vardım, amma gözlərində nə isə bir başqa hissin olduğunu uzaqlıqdan belə gördüm.

-Bizi Səməd satdı...

Babam bir qədər kənarda dayanmış gözü yaxşı görməyən, sosial kartını büstün çıxarıldığı yerdə salmış Səmədə baxdı.Yaxınına gedib əlini çiyninə qoyanda o biri 3 qoca da onlara sarı yönəldi...

Qocalar ardlarınca gəlmiş yaxınlarının maşınlarına doluşdu. Lap öndə isə polis patrul maşını mənim doğulduğum kəndə sarı nərildəyirdi...

Birdən birə bu qədər maşının görünməsi və 5 qocanın həbsi xəbəri kəndi adamlarla doldurmuşdu. Hətta ətraf kəndlərdən də gələnlər vardı. Maşın karvanının ardınca hadisəyə doğru adamlar gəlirdi.

Maşınlardan enmiş qocalar köhnə dəyirmanın qapısı ağzında dayanıb yenə hamıdan kənar beşləşdilər. Poqonlu şəxslər babamdan nə isə soruşduqdan sonra bir tayı açıq qapıdan içəri keçdilər. Onların ardınca kənd bələdiyyə sədri iki nəfərin əhatəsində qocaların toplaşdığı yerə başını bulayıb dəyirmana daxil oldu. Dəyirman ərazisinə sonuncu olaraq əmim qaıpda dayanan kənd sahə rəisinin sırtıqca gülüşü altında keçdi.

Çox istəyirdim ki, balaca dövrə vurub xısınlaşan qocaların içindən babam mənə baxsın. Onlar isə nəinki mənə tərəf, dəyirmanın qarşısına maraqla yığışıb gözləyən kiçik izdihama belə arxalarını çevirib dayanmışdılar.

...Açıq darvazadan çıxanların çiynində büst görünəndə qocaların dairəsi düz xətə çevrildi. Kənardakı izdiham isə uğuldadı, sonra bu uğultu gülüşlə, səs-küylə əvəzləndi. Çiyinlərə ağırlıq salan büst qocaların yanından keçib yola çıxanda birdən birə babamın gülüş qonmuş üzünün mənə baxdığını gördüm, sonra onun ağac qabığı örtülüsü üzündə bəlkədə dünyann ən gözəl kədəri yarandı...

Büstü yolun ortasına qoydular.

Qalustuklarını, poqonlarını ağır-ağır nəfəs alaraq düzəldən rəsmilər nə isə məsləhətləşib kənara çəkildilər...

Ətrafdakı adamlar isə maraqla büstə yaxılaşmaqdaydılar.

Hələ özü görünməmişdən nəriltisi eşidilən köhnə Qaz-53 markalı maşın torpaq yolda azacıq toz qaldırmağı ilə caamatı bir az arxaya dağıtdı və arxasını büstə çevirdi.

Maşının hündür yük yerinə çox ağır olduğu görünən büstü qaldırmaq lazım gəldikdə isə izdiham yenidən irəlilədi.

Bu gün ilk dəfə babamın səsini eşitdim.

-Bilirsən, gecə oturmuşduq, ordan-burdan danışdıq.

Birdən yorulduq, elə bil söhbətimizə mövzu tapmadıq. 20 əvvəl biz 5 nəfər onu dəfn elədik. MTS-in həyətində, gizlətdik, kimsə bilmədi, heç o vaxt kimsə də maraqlanmadı ki, bu büst hara çıxıb getdi. Bilmirəm, yadındadır ya yox, idarənin həyətindəydi o vaxt bu büst, əlindən tutub o qədər iş yerimə gətirmişəm ki, səni. 7 yaşın olanda, yox, onda məktəbə getmirdin, yaşın 6 idi, biz onu elə gecəylə torpaqda gizlətdik. Bilirsən, buranın yiyəsini, lap elə rəisi də nə maraqlandırır? Tuncdan olsa ya da qızılı suyuna salınmış o büst yaxşı pula gedər ya yox ? Büstü biz basdırmışdıq, dünyadan köçəndən sonra onun da torpaq altında qalmasını istəmədik.
Protezini taxmamış ağzı gülüşlə açıldı.

-Bilirəm, səni də maraq öldürür. Bizə əslində büst lazım deyildi, muzey açmırdıq ki. Amma 23 ildir, sanki adamlar ədalət sözünü unudub, elə bil dünyanın ədalətsizliyinə öyrəşmişik, hamı bir-birinə laqeydləşib. Amma ədalət hissi ölə bilməz, onu nə qədər dərinə dəfn etsək də insan onsuz mövcud ola bilməz...Get bax, gör o büstü neçə metrdən qazıb çıxartdıq.

Izdihamın çiynində yüngülcə qalxan Leninin büstü maşının hündürlüyünə qoyuldu.
İşə düşməsi üçün motoruna tam güc verilən maşının təkərləri altından qalxan toz bir anlıq izlədiyim ponoramanı ilğım kimi bürüdü.

Gedən “Qaz-53”dən kəlləsi görünən büstün əlləri yox idi ki, kəndlə, lap elə bu qocalarla sağollaşsın. Amma bilmirəm kənd adamlarının yolu elə o üzü tərəf idi, ya büstlə xudafisləşirdilər, hələ də maşının arxasınca gedərək “lenini” ötürürdülər...
Telefonu açdım, göndərilmiş messaj ekrana gəldi o dəqiqə.

“Yatma. Reportajının da son sümləsini çıxartdım” Baş redaktordan idi, gülümsədim. Babamın kənd yolu ilə gedən insanlardan və maşından uzaqlaşan kədərli və ümidli gözlərinin istiqamətinə boylanıb reportajımın son cümləsini ləzzətlə xatırladım:
“Üzü günəşə sarı çiçək hava buludlu olsa da istəyindən əl çəkməz”
XS
SM
MD
LG