Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:48

Christoph Straesser: «Bu vəziyyət qəbuledilən deyil»


Christoph Straesser
Christoph Straesser
-
AŞPA-nın siyasi məhbuslar üzrə keçmiş məruzəçisi, hazırda Almaniyanın insan hüquqları komissarı çalışan Christoph Straesser AzadlıqRadiosuna müsahibə verib. Müsahibə yazılı sual və cavablar əsasında gerçəkləşdirilib.
- Cənab Straesser, hüquq müdafiəçisi Leyla Yunusun vətənə xəyanət ittihamı ilə saxlanan Rauf Mirqədirovla bağlı istintaqa çağırılmasını, evində və ofisində axtarış aparılmasını, onun ölkədən çıxmasına imkan verilməməsini necə qarşıladınız?

- Mən Rauf Mirqədirovun həbsindən, Leyla və Arif Yunusların istintaqından çox narahatam. Hər üçü Azərbaycan vətəndaş cəmiyyətinin tanınmış və fəal üzvüdür. Hər üçünün Ermənistanla barışıq cəhdləri və ictimai dialoqları var. Azərbaycan rəsmiləri belə davranış və bəyanatlarla yerli vətəndaş cəmiyyətinə və beynəlxalq ictimaiyyətə sanki eyham vururlar ki, Azərbaycan Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Tərəflər arasında inam yaradılmasında, münaqişənin sülh yolu ilə həllində heç bir irəliləyiş əldə olunmayıb. Bu üzdən Azərbaycan hakimiyyətindən Rauf Mirqədirova qarşı ittihamla bağlı araşdırmanın beynəlxalq hüquq normalarına uyğun aparılmasına təminat gözləyirəm. Vətəndaş cəmiyyətlərin təcrübə mübadiləsinə dair Almaniya siyasi fondlarının dəstəklədiyi layihələr hələ də gerçəkləşə bilər.
- Leyla Yunusla bağlı baş verənlər Azərbaycanda siyasi məhbus məsələsini yenidən gündəmə gətirə bilər? Leyla Yunus deyir ki, ölkədə siyasi məhbus olduğunu söylədiyindən təzyiqlə üzləşir. Prezident İlham Əliyevsə deyir ki, Azərbaycanda siyasi məhbus yoxdur.

- Leyla Yunus və başqa hüquq müdafiəçiləri ilə razıyam. Təəssüf ki, Azərbaycanda hələ də siyasi məhbuslar var və onların sayı bu aylarda çoxalıb. O sıradan 8 fəal gəncin də mayın 6-da qeyri-mütənasib cəzaya - 6-8 il arasında həbsə məhkum edilməsi, şübhəsiz, Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi «siyasi məhbus» anlayışına uyğundur. Məhkəmə boyunca müşahidə edilən ciddi nöqsanlar prosesin siyasi motivlərdən doğması barədə gümanları təsdiqlədi. Bu vəziyyət qəbuledilən deyil. Beləliklə, Avropa Birliyi, Avropa Şurası və ayrı-ayrı şəxslər gərək Azərbaycan hakimiyyətini fəalları buraxmağa, ya da onların hüquqlarına təminat verən ədalətli məhkəmə keçirməyə, bu fəalların vətəndaş və siyasi hüquqlarına sayqı göstərməyə çağırsın. Avropa Şurasının üzvü olan Azərbaycanda gərək bir nəfər də siyasi məhbus qalmasın. Çağdaş demokratik toplumların ortaq standartları ilə adamların siyasi səbəb və çox şübhəli ittihamlarla incidilməsi və ya həbsxanaya atılması bir araya sığmır.
- Azərbaycan bir neçə gündən sonra AŞ Nazirlər Komitəsinə rəhbərlik edəcək. Sizcə, Azərbaycan buna nə dərəcədə hazırdır?

- Sizin də bildiyiniz kimi, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik hər 6 aydan bir əlifba sırasına görə dəyişir və başqa üzv dövlətə verilir. Mayın 14-də Azərbaycan ilk dəfə Nazirlər Komitəsinə sədrliyi öhdəsinə götürəcək. Fikrimcə, bütün üzv dövlətlərin nümayəndələri mayın 6-da Nazirlər Komitəsinin Vyanada keçirilən yığıncağında xarici işlər naziri Elmar Məmmədyarovun təqdimatını diqqətlə dinləyiblər. O, sədrlik boyunca Azərbaycanın üstün diqqət yetirəcəyi məsələlərə, o cümlədən korrupsiya ilə mübarizə məsələsinə toxunub. Gözləyirik ki, Azərbaycan konstruktiv sədrliyə can atacaq və özəlliklə insan hüquqları sahəsində açıq hiss ediləcək inkişafa nail olmaq üçün bu fürsətdən yararlanacaq.

- Azərbaycana səfəriniz gözlənilir?

- Azərbaycana səfərdə maraqlıyam və dolğun təsəvvür əldə etməkdən ötrü bütün tərəflərlə dialoqa can atıram. Aydındır ki, əksəriyyətinin ağır şərtlər altında yaşadığı yüz minlərlə adamın 20 ili aşan məcburi köçkün həyatı da bu təsəvvürün önəmli hissəsidir. Regiona həmin səfər yaxşı olar ki, bir və ya bir neçə qonşu ölkəni əhatə etsin. Amma vaxtı hələ bəlli deyil.
XS
SM
MD
LG