Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:50

“Siyasi məhbuslar buraxılsın, avrointeqrasiya sürətlənsin”


-

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ölkə prezidentinə, hökumət üzvlərinə və Milli Məclisin deputatlarına müraciət edib

32 QHT rəhbəri, o cümlədən, vəkil və yazarın imzaladığı müraciətdə ölkədə insan haqları, demokratiya ilə bağlı problemlər sadalanır. Bildirilir ki, Azərbaycan “alternativ, fərqli fikir bildirməyə və mövcud siyasətə etiraz etməyə və siyasi motivlərlə həbs edilənlərin sayına görə Şərq Tərəfdaşlığı ölkələri arasında birinci yerdədir”.

Müracət müəllifləri bildirirlər ki, Azərbaycan hələ də Korrupsiya Qavrama İndeksində aşağı yerlərdə qərar tutur:

“Son zamanlar korrupsiyanın qarşısını almaq üçün müəyyən addımlar atılsa da, onun yüksək səviyyədə olan siyasi və iqtisadi korrupsiyaya heç bir əhəmiyyətli təsiri olmayıb”.

Müraciətdə deyilir ki, hazırda “siyasi və ictimai fəalların, gənclərin, jurnalistlərin, şəffaflıq və korrupsiyaya qarşı mübarizə aparanların, insan haqları müdafiəçilərinin təqib və təzyiqlərə məruz qalması Azərbaycanın imicini korlayır”.

TEZLİKLƏ AVROPA BİRLİYİ İLƏ ASSOSİASİYA SAZİŞİ İMZALANSIN”

Vətəndaş cəmiyyəti təmsilçiləri istəyirlər ki, siyasi motivlərə görə həbs edilən məhbuslar dərhal azad edilsin, fundamental insan haqları və azadlıqları - ifadə, birləşmək, toplaşmaq azadlıqları və özəl mülkiyyətin toxunulmazlığı təmin edilsin:

“Korrupsiya və inzibatçılıqla ciddi mübarizə başlansın, azad sahibkarlığın inkişafı, daxili bazarda və xarici ticarətdə inhisarçılığın aradan qaldırılması üçün dövlət rəqabəti dəstəkləsin. QHT-lərin dövlət qeydiyyatının tələbi ləğv edilsin, vergi yükü azaldılsın və bu sahədə mövcud olan problemləri tənzimləyən yüksək Avropa standartlarına cavab verən qanunlar qəbul edilsin”.

Müraciət müəllifləri ölkə rəhbərliyindən, Milli Məclisdən xahiş edirlər ki, Azərbaycan Avropa Birliyi ilə Assosiasiya Sazişini tezliklə imzalasın, Dünya Ticarət Təşkilatına daxilolma prosesini sürətləndirsin, NATO və Avropa Birliyinə üzvlük niyyətini açıqlasın:

“Azərbaycan ictimaiyyəti ölkədə baş verən korrupsiya və insan haqları pozuntularını tamam qəbul olunmaz sayır və yuxarıda göstərilən addımların atılmasının vacibliyini bəyan edir. Müasir tarix onu göstərir ki, bu kimi islahatların keçirilməsinin gecikdirilməsi xalq və dövlət üçün faciəvi nəticələrə gətirib çıxarda bilər”.
XS
SM
MD
LG