Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:40

«The Guardian»: İran İraqa qoşun yeridib


Tehranda hərbi parad - 2013
Tehranda hərbi parad - 2013
-
İran qonşu ölkədə İraq Şam İslam Dövləti (İŞİD) ekstremistlərinin qarşısını almaq üçün İraqa ordu hissələri yeridib. Beləliklə, Tehran və Vaşinqton yaranmış vəziyyətdə eyni mövqedən çıxış etməli olublar.

«The Guardian» qəzetinin məlumatına görə, son 48 saat ərzində İran İraq ərazisinə 2 minlik seçmə döyüş hissələri göndərib.

İRAQ ABŞ VƏ İRANI MÜTTƏFİQ EDİR?

İran prezidenti Hassan Rouhani bəyan edib ki, Tehran İraqdakı sünni ekstremistlərin qarşısının alınması üçün hazırda özünün keçmiş düşməni - Vaşinqtonla bir mövqedən çıxış edir.

İraq rəsmiləri bildiriblər ki, İranın 1500 nəfərlik «Bəsic» hissələri sərhədi keçərək Diyalə əyalətinin Xanaqin şəhərinə gəliblər.

Alınan son məlumatlara görə, İraqdakı şiə silahlıları yenidən qruplaşaraq Bağdadın 110 kilometrliyindəki Səmərrə şəhərinə doğru irəliləyirlər.

Səmərrə İŞİD döyüşçülərinin Bağdada yürüşündə sonuncu ciddi maneədir.

İraqın ən nüfuzlu şiə ruhanilərindən Ayətullah Ali al-Sistani bundan bir gün əvvəl bütün şiələri silaha sarılmağa çağırmışdı.

«Associated Press» agentliyinin məlumatına görə, Sistani-nin sözçüsü Sheikh Abdul-Mahdi al-Karbalai deyib ki, sünni yaraqlılara qarşı vuruşmaq tək bir məzhəbin vəzifəsi deyil və indi söhbət bütün İraqın taleyindən gedir.

İraq hərbiyəsindən olan mənbələr hökumət qoşunlarının əks-həmləsinin şənbə günü başlanacağını bildirirlər.

Alınan ən qorxulu xəbərlər bundan ibarətdir ki, Bağdadın özündə sünni və şiə icmaları arasında gərginlik son həddinə çatıb.

Britaniya qəzetlərinin yazdığına görə, İran İraqda «əl-Qaidə»yə bağlı İŞİD qruplaşmasından olan sünni qiyamçıların uğurlarından o qədər narahatdır ki, Bağdad hökumətinə dəstək verməkdə Vaşinqtonla müttəfiq ola bilər.
İŞİD qruplaşmasından olan sünni qiyamçılar
İŞİD qruplaşmasından olan sünni qiyamçılar


«Reuters» agentliyi adının çəkilməsini istəməyən vəzifəli İran rəsmisinə istinadən bildirib ki, bu məsələ Tehran liderləri arasında ciddi müzakirə mövzusu olub.

Rəsmilər bildirmişdilər ki, İran baş nazir Nouri al-Maliki-nin hökumətinə dəstək üçün qonşu ölkəyə hərbi müşavirlər və silahlar göndərəcəyini elan edib, hərçənd birbaşa qoşun göndərilməyəcəyi bildirilir.

TEHRAN VAŞİNQTONUN TƏKLİFLƏRİNƏ AÇIQDIR

İran rəsmisi «Reuters» agentliyinə deyib ki, Tehran İraqdakı vəziyyətin nəzarətə götürülməsində Vaşinqtonun təkliflərinə açıqdır. Onun fikrincə, İran İraq və Suriyada böyük nüfuza malikdir və bu, ABŞ üçün də faydalı ola bilər.

Ekspertlər bildirirlər ki, İran regional təhlükəsizlik sahəsində əhəmiyyətli oyunçuya çevrilməyə can atır.

Müşahidəçilər diqqəti həm də Tehran və Vaşinqton arasındakı münasibətlərin son aylarda sürətlə inkişaf etdiyinə çəkirlər.

Ötən illər ərzində Tehranın nüvə ambisiyaları ABŞ-ı qorxutsa da, İraqda «əl-Qaidə» ekstremistlərinin hərbi uğurları onların hər ikisini eyni dərəcədə narahat edir.

«ABŞ İRANI KONSTRUKTİV İŞLƏRƏ HƏVƏSLƏNDİRİR…»

Öz növbəsində prezident Barack Obama elan edib ki, Vaşinqton İraqdakı «əl-Qaidə» yaraqlılarına qarşı hava zərbələrini istisna etmir.
«Bədr» şiə təşkilatından olan könüllülər İŞİD-ə qarşı vuruşmaq üçün İraq ordusuna qoşulurlar – 14 iyun 2014
«Bədr» şiə təşkilatından olan könüllülər İŞİD-ə qarşı vuruşmaq üçün İraq ordusuna qoşulurlar – 14 iyun 2014


İran prezidenti Hasan Rouhani deyib ki, «İran terror və zorakılığın davam etməsinə dözməyəcək».

İrandan gələn xəbərləri şərh edərkən ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki xatırladıb ki, «ABŞ bir çox hallarda İranı konstruktiv rol oynamağa həvəsləndirib».

İraq müharibəsinin İranı da münaqişəyə çəkəcəyindən narahat olan xarici işlər naziri Mohammad Javad Zarif beynəlxalq birliyi terrorizmə qarşı mübarizədə Maliki administrasiyasına kömək etməyə çağırıb.

İranın «Tasnim» agentliyi briqada generalı Mohammad Hejazi-yə istinadən bildirib ki, İran İraqa hərbi müşavirlər və silahlar göndərməyə hazırdır.

DAHA BİR KƏRBƏLA MÜSİBƏTİ?

ABŞ-ın «Wall Street Journal» qəzetinin müxbiri də Beyrutdan xəbər verir ki, «əl-Qaidə»yə bağlı sünni islamçıların İraqdakı hərbi uğurlarından narahat olan Tehran İraqa artıq İnqilab Keşikçiləri Korpusunun döyüşçülərini göndərib.

İranın təhlükəsizlik xidmətinə yaxın mənbələr də qəzetə bildiriblər ki, Bağdadı, müqəddəs şiə şəhərləri Kərbəla və Nəcəfi müdafiə etmək üçün İran bu həftə İraqa İnqilab Keşikçiləri Korpusunun iki birləşməsini göndərib.

«Wall Street Journal» yazır ki, İranın İraqdakı hadisələrə müdaxiləsi Ağ ev üçün əlavə təhlükəsizlik qayğıları yaradacaq, çünki bu halda ABŞ və İran qeyri-ixtiyari müttəfiqə çevriləcəklər.
Kərbəla
Kərbəla


ABŞ İranın Suriya prezidenti Bashar al-Assad-a dəstək verməsini istəməsə də, Tehranın İraqın baş naziri al-Maliki-yə köməyinə etiraz etmir.

Qəzet xəbər verir ki, İranın Qüds Qüvvələrinin komandanı general-mayor Qasem Solaimani bu həftə Bağdadda olub.

TEHRAN MÜQƏDDƏS ŞİƏ OCAQLARINI MÜDAFİƏ EDƏCƏK

Xəbər verilir ki, İran İraqla sərhəddə çox sayda qoşun cəmləşdirir. Ölkənin hərbi-hava qüvvələrinə İran sərhədinin 60 kilometrliyinə yaxınlaşan İŞİD döyüşçülərinə zərbələr endirilməsi əmr olunub.

İran, həmçinin, Suriyadakı könüllü şiə dəstələrini İraqa keçirməyə çalışır.

Bu arada İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasının sözçüsü sünni döyüşçüləri «murdar» Kərbəla və «Allaha şərik qoşan» Nəcəf üzərinə yürüş etməyə çağırıb. İranın daxili işlər naziri Esmail Ahmadi-Moghaddam ölkənin Milli Təhlükəsizlik Şurasında deyib ki, Tehran «müqəddəs şiə şəhərlərinin müdafiə edəcək».
Hazırladı: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG