Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:39

...ay "O"!


Vüsal Nuru
Vüsal Nuru
-

"Sizi niyə maraqlandırır ki, qurultay iştirakçıları qeyrətlidir, ya qeyrətsiz?"


Azad Yazarlar Ocağı (AYO) bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin qurultay iştirakçılarına müraciət edərək onları "qeyrət göstərib sədri dəyişməyə" çağırıb.

AYB-nin üzvü, gənc yazar Vüsal Nuru "Oxu zalı"na göndərdiyi bu yazıda müraciətə etirazını bildirir.



Vüsal Nuru


...ay "O"!


... ay "o" cular, cənablar, əslində sizə - "xain sindromu"ndan əziyyət çəkən qrupa cavab vermək ağılsızlıqır.

Anar müəllimin sizi sevindirəcəyinə inanmadığım üçün bu "ağılsızlığı" öz üzərimə götürürəm.

Həm də ona görə ki, Anar müəllim məni şəxsən tanımır, heç vaxt şəxsi maraqlarıma görə qəbulunda olmamışam, işim keçsin deyə ağız açmamışam. Yəni sinəmi qabağa verməkdə başqa məna axtarmağınıza yer yoxdur. Bu sizin çağırışınıza və təklifinizə cavab, səbrimin daşmasının məhsuludur, haqsızlığa dözə bilməməyimin ifadəsidir.

Əliniz qələmə çatandan bəri yazdığınız ilk söz "Anar" olub. Araşdırdığınız, qələmindən çıxan hər mətni oxuduğunuz yazıçı, gözünüzü dodağına dikib, qulağınızı şəkləyərək dinlədiyiniz şəxs Anar olub. Bu gününüzə qədər ilham mənbəyiniz olan Anar müəllimin sayəsində bir-iki köşə yazıb qonorar almısız, alacaqsız da.

Əslində Anar sizin çörək ağacınızdı. Anar sizin qiblənizdi. Qiblə dedim, öz qibləm yadıma düşdü - AYB.
AYB-nin 12-ci qurultayı, 17 iyun 2014
AYB-nin 12-ci qurultayı, 17 iyun 2014


Bəli mən buranı, yazıçıların birləşdiyi ittifaqı hələ orta məktəb illərindən qiblə bilmişəm, çünki mənim ədəbiyyatdan başqa dinim yoxdur. Orda - o binada bizdən əvvəl kimlərin gəlib-getdiyini düşünəndə adamın içi fərəhlənir.

Həmin pillələrlə qalxıb-enmək, o divarların xatirələrini dinləmək adama stimul verir. O bina yox, zirzəmi olsaydı da məndə bu hissləri doğuracaqdı.

Nə yazıq ki, sizin içinizdə boş yer olmadığından o fərəh hissinin nə olduğunu anlamırsız. Siz o binadan, o birlikdən uzaq olmaqla bütün AYB-yə ən böyük şərəf hissini yaşadırsız.

Aşağı rakursdan baxanda siz özünüzü daha yüksək tutmuş və AYB sıralarında olanları rəhbərləriylə birlikdə qəbul etməyən, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən bu qurumun süqutuna çalışan, guya ki, AYB olmasa Nizami, Nəsimi yenidən doğulacaq düşüncəylə yaşayan bir neçə "o" çular kimi görünürsüz.

Yaxşı bəs bu qurumu qəbul etmirsizsə sizin nəyinizə lazımdır AYB-nin sədri kim oldu, katibləri kimlər olacaq? Bu məsələ niyə əsəblərinizə toxunur, niyə şəkərinizi qaldırır? Boy göstərmək məqsədiylə, yəni "biz də varıq, hardasa burdayıq" şüarı altında cümlələri cümlələrin sırazına düzüb abzas düzəltmisiz:

"Qurultaya dəvət olunan siz dəyərli yazıçılar AYB-dəki neqativ hallara göz yummamalı, ədəbi prosesin köhnə sovet modelindən çıxarılıb çağdaş prinsiplər əsasında formalaşdırılmasında öz sözünüzü deməlisiniz. Sovetlərin durğunluq illərində olduğu kimi müti və qorxaqcasına etiraz səsinizi qaldırmamanızın yazıçı adına əsla yaraşmadığını unutmamalısınız. Öz içinizdən yeni bir sədr seçməyə qeyrət göstərin. Dəyişikliyə səs verin". )))) qəhqəhə "smaylik"i...

Sizi niyə maraqlandırır ki, qurultay iştirakçıları qeyrətlidir, ya qeyrətsiz? Yəni sayğının, hörmətin nə olduğunu bilməyən adamlarda doğrudanmı bu qədər yazıçı təəssübkeşliyi formalaşa billər? Guya ki siz, ay "o" çular, sətiraltı olaraq qurultay iştirakçılarını - yəni Anara səs verən 439 nəfəri qorxaq, yaltaq adlandırmağa cəhd etmisiz və yazıçı şərəfindən, yazıçı qürurundan, yazıçı obrazından danışıb özünüzə gülməli bir imic yaratmısız.

"Qurtarın bu komedyanı!" ("Uzaq sahillərdə")

İndi sizə yuxarı rakursdan necə göründüyünüzü deyim: Çox kiçik, yəni cılız, yəni boş, yəni... Bunu yazıçı olmaq istəyən, yazan, bəzilərinin hətta insafla deməliyəm ki, yaxşı yazıları olan adamların ədəbi camiədə tanınması uğrunda "mübarizəsi" kimi də yozmaq olar. Amma bu mübarizə Don Kixotun Dəyirmana hücum etməsinə bənzəyir və gülüş doğurur. Adamda belə bir təəssurat yaranır ki, ordakı adamların - yəni sizin əslində bu qurumda olmaqdan böyük arzunuz yoxdur, amma qapını döyməyə üzünüz gəlmir.

Əslində qapının dalında boyun burmaqdan, tədbirlərdən çıxanları qarşılayıb, özünüzü dost kimi göstərib ironik sözlər toxumaqdan bezmisiz, bu sırada, bu cərgədə durmaq istəyirsiz, bu qapıdan içəri rahat girmək istəyirsiz, amma ayaqlarınız palçıqlıdı, əzizim və bilmirsiz qırmızı xalının üstüylə necə keçəsiz.

Çalışın keçin, axı ədəbiyyat rinq deyil əzələ göstərilsin, futbol meydançası deyil ki, söz top ola.

Heç şübhəsiz ki, başqa rakurslar da var, onu da başqaları deyər. Mənim deyəcəyim odur ki, insan ağzından çıxan sözüylə özünü ifadə edir. Odur ki, özünüzü ifadə edəndə çalışın şəklniz qorxunc alınmasın.

Ağacların dibini murdarlayan çox olur, amma o ağaclar hər bahar yenə yarpaqlayır, yenə bar verir, yenə kölgəsində minlərlə adamlar oturur, əzəmətinə heyran qalır və o ağaclar yenə düzənliyi öz ağac adlarıyla bağ eləyir. Çalışaq içimizi təmiz saxlayaq.
XS
SM
MD
LG