Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:36

«Magnitsky siyahısı»nın Azərbaycan versiyası hazırlanır


«Magnitsky siyahısı»
«Magnitsky siyahısı»
-
«Magnitsky siyahısı»nın Azərbaycan versiyasını hazırlamışıq. Siyahını tezliklə ABŞ senatorları və Aİ nümayəndələrinə təqdim edəcəyik. Qoy siyahıda adını görənlər vahiməyə düşsünlər. Anlasınlar ki, batan gəminin ilk qurbanlarıdırlar”.

Repressiyalara Qarşı Müqavimət Hərəkatının mətbuat konfransında bu sözləri Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus dilə gətirib. Onun sözlərinə görə, «Magnitsky siyahısı»na, hələlik, siyasi məhbuslara hökm çıxarmış 6 hakimin adı salınıb:

«SENATOR BİZDƏN SORUŞDU Kİ...»

«İyunun 11-də ABŞ-da Helsinki Komissiyasının yığıncağında bu fikir səsləndirilib ki, belə bir siyahı hazırlansın. Bu təşəbbüslə Komissiyanın rəhbəri, senator Benjamin Cardin çıxış edib. Daha sonra Avropa Komissiyasının sədri J.M.Barroso-dan da belə bir təklif gəlib. O bizdən soruşdu ki, bu cür siyahı hazırlaya bilərsinizmi? Dedik ki, bunu çoxdan arzulayırdıq. Qərara gəldik ki, bu siyahını Sülh Və Demokratiya İnstitutu hazırlasın. Siyahıda adı olan hakimlərin qanunsuz və sifarişli qərar çıxarmaları haqqında əlimizdə sübutlar var. Əslində, həbsdə oturmalı olan bu hakimlərdir».

«SİYAHIMIZDA SİYASİ SİFARİŞÇİLƏRİN DƏ ADI OLACAQ»

Leyla Yunusun sözlərinə görə, növbəti siyahıda prokurorluq, DİN və MTN əməkdaşlarının adları olacaq:

«Azərbaycanda 130 siyasi məhbus var, onların 41 nəfəri vicdan məhbusudur. Bu şəxslərin həbsə atılmasının günahı hamıdan əvvəl hakimlərdədir. Onlar qanunsuz məhkəmə aparıb, qanunsuz da hökm çıxarıblar. Təqdim etdiyimiz 6 hakimin qanunları necə pozduqları haqqında medianı bilgiləndirmişik. Qanunsuz həbslərdə prokurorluq, DİN və MTN əməkdaşlarının da günahı var. Hələlik, sübutları toplayırıq. Bundan sonra onların siyahısını təqdim edəcəyik. Üçüncü siyahımızda siyasi sifarişçilərin adı olacaq. Azərbaycanda nə hakimlər, nə də hüquq-mühafizə orqanları özbaşına işləyir. Onlara sifariş verənlər var».

Leyla Yunusun bildirdiyinə görə, bu məsələni iyunun 27-də Bakıya gələcək ABŞ senatoru Benjamin Cardin-lə müzakirə edəcək:

«O, Helsinki Komissiyasının rəhbəridir və Bakıya kürü yeməyə gəlmir. Bu təşəbbüs ondan gəlib. Mən siyahını ən əvvəl ona göndərmişəm. Bu siyahı bütün senatorlara təqdim olunacaq».

«MAGNİTSKY SİYAHISI»NIN AZƏRBAYCAN VERSİYASINDA ADI ÇƏKİLƏN ŞƏXSLƏR

«Magnitsky siyahısı»nın Azərbaycan versiyasında adı çəkilən 6 hakim bunlardır:

Elçin Kazımov – Lənkəran rayon hakimi (Müsavat başqanın müşaviri Yadigar Sadıqlının işi);

Rəşid Hüseynov – Şəki Rayon Məhkəməsi (Jurnalist Tofiq Yaqublu və REAL Hərakatının təsisçisi İlqar Məmmədovun işi);

Cavid Hüseynov – Bakı Ağır Cinayətlər Məhkəməsi (8 nəfər NİDA-çının işi);

Novruz Kərimov – Bakı Ağır Cinayətlər Məhkəməsi (Jurnalist Pərviz Həşimlinin işi);

Rauf Əliyev – Bakı Ağır Cinayətlər Məhkəməsi (Anar Məmmədli və Bəşir Süleymanlının işi);

Azər Orucov – Bakı Ağır Cinayətlər Məhkəməsi («Talışo sədo» qəzetinin redaktoru Hilal Məmmədovun işi).

Onların adlarının «Magnitsky siyahısı»na salınması üçün Amerika Konqresinə, Avropa Birliyinə və ATƏT Parlament Assambleyasına müraciət ediləcək.

«HAKİMİN PEŞƏKAR FƏALİYYƏTİNƏ MÜDAXİLƏ TƏQDİREDİLƏN HAL DEYİL»

«Hakimin adını hansısa məhdudiyyətlərlə bağlı siyahılara salmaq hakimlərin peşəkar fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir. Dünyanın heç bir yerində hakimin peşəkar fəaliyyətinə müdaxilə təqdiredilən hal deyil. Kim olsa belə, hakimin fəaliyyətinə müdaxilə ilə müşayiət olunan hallara yol verirsə, bizim tərəfimizdən pislənilir». Bunu AzadlıqRadiosuna Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Leyla Yunusun «Magnitsky siyahısı»nın Azərbaycan versiyasına münasibət bildirərkən deyib.

XATIRLATMA

2012-ci ilin dekabrında ABŞ Konqresi insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyalar tətbiqini nəzərdə tutan «Magnitsky aktı»na səs verib. Qanuna əsasən, rusiyalı vəkil Sergey Magnitsky-nin istintaq təcridxanasında ölümündə əli olduğu ehtimal edilən 60 rus məmuru və hüquq-mühafizə orqanı əməkdaşı qara siyahıya salınıb. Onlara ABŞ-a səfər etmək qadağan edilir, maliyyə sanksiyaları da tətbiq edilə bilər.
XS
SM
MD
LG