Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:20

«Azərbaycan bu qədər neft pulunu necə xərcləyəcək?»


Ekspertin fikrincə, hökumət xərclənən neft pulları barədə hesabat verməlidir
Ekspertin fikrincə, hökumət xərclənən neft pulları barədə hesabat verməlidir

«Ekonomist» jurnalı yazır ki, müstəqilliyini qazandıqdan 15 il sonra Azərbaycan daha bir neft həyəcanını yaşayır: «Artıq 2010-cu ildə Azərbaycan 1,3 milyon barel neft və 38 milyard kub metr qaz istehsal edəcək. Prezident İlham Əliyev növbəti 20 ildə Azərbaycanın 140 milyard dollar gəlir götürəcəyini iddia edir. Bu qədər pul bu yoxsul ölkə üçün xoşbəxtlik sayılmalıdır. Lakin «Transparency International» təşkilatının analizlərinə görə, Azərbaycan dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir. İlham Əliyev isə Azərbaycanı avtoritar üsullarla idarə edir».


Jurnal bununla yanaşı, Azərbaycanda bəzi müsbət addımların atıldığını da bildirir. Yazır ki, 1999-cu ildə ölkədə Neft Fondu yaradılıb və qurumun hesabına artıq 1,6 milyard dollar vəsait cəmləşib. Azərbaycan Böyük Britaniyanın Baş naziri Toni Bleyerin korrupsiya əleyhinə yaratdığı Hasiledici Sahələrdə Fəaliyyətin Şəffaflığının Təşəbbüsü Proqramına da qoşulub. Sənədə görə, neft şirkətləri hökumətə ödədiyi pullar barədə Neft Fonduna hesabat verir və bu məlumat bütün detalları ilə çap olunur. Fondun fəaliyyətini müstəqil audit yoxlayır.


Lakin Bakıdakı neft eksperti, «Turan Enerji» xəbər bülleteninin redaktoru İlham Şabanın fikrincə, əsas problem gəlirlərə nəzarətdə yox, onların necə xərclənməsindədir: «Hökumət qazandığı pulların şəffaflığını təmin etdiyi kimi, xərclədiyi pulların şəffaflığını da təmin etməlidir. Belə olsa, korrupsiya ilə bağlı söz-söhbətlərə yer qalmaz».


Cənab Şaban şəffaflıqla bağlı daha böyük problemlərlə üzləşən ölkələrin olduğunu bildirir. Ekspertin sözlərinə görə, Azərbaycan həmin ölkələrin buraxdığı səhvləri təkrar etməməli, daha düşünülmüş siyasət yürütməlidir.


İlham Şaban bildirir ki, Azərbaycan artıq yeni təşəbbüsə qoşulmalı və gəlirlərini elan etdiyi kimi, xərclərini də açıq bəyan etməlidir. Ekspert hesab edir ki, bu məsələdə cəmiyyət və beynəlxalq təşkilatlar hökumətə təsir etməlidir: «Biz artıq ikinci mərhələyə keçməliyik. Cəmiyyətin təşəbbüsü və beynəlxalq aləmin təsiri ilə, xərclənən neft pulları barədə hökumətin hesabat verməsinə nail olmalıyıq».


XS
SM
MD
LG