Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:21

Rəngli televizor almaq arzusunda olan neftçi


Neftçi Qahir Ədilov vəziyyətin bir-neçə ilə yaxşılaşacağına inanır
Neftçi Qahir Ədilov vəziyyətin bir-neçə ilə yaxşılaşacağına inanır
Neftçilər günü ilə bağlı mən 1982-ci ildən Neft Daşlarında işləyən neftçi Qahir Ədilovla görüşdüm. Bayramlaşandan sonra dolanışıqla bağlı suala çox qısa bir cavabı oldu: «Ayın axırına qədər borc etmirəm, bir də övladlarım da məni başa düşürlər, məni çox sıxışdırmırlar. Maşınımız və sair kapitalımız olmasa da ən əsası odur ki, ay ərzində borc etmirik».

Qahir Ədilov deyir ki, beş nəfərdən ibarət ailələri vaxtilə valideynlərinin köməyilə aldığı bir otaqlı evdə yaşayır. Uşaqlar anadan olduqca bir otaqlı evdə yaşamağın çətin olduğunu görən ailə başçısı əvvəlcə iki otaqlı ev almaq istəsə də buna gücü çatmayıb, elə o səbəbdən də eyvanla otağın arasını açaraq genişlənmiş sahədə iki otaq düzəldib. Dediyinə görə, 5-6 illə müqayisədə quruda və dənizdə neft çıxaranları maaşları artıb, indi neftçilərə yeni evlər də tikilir. Hətta Dövlət Neft Şirkətinin prezidenti onlara bildirib ki, 2008-ci ilə qədər neftçilərin ev problemi tam həll olunacaq. İndi Qahir Ədilov həmin vaxtı səbirsizliklə gözləyir.

«Statoil»un Şimal dənizindəki platformalarında çalışan neftçi ayda 10-12 min dollar civarında maaş aldığı halda təxminən eyni şəraitdə işləyən azərbaycanlı neftçinin orta aylıq əməkhaqqı 300-400 yeni manat ətrafındadı
Hazırkı Azərbaycan neftçisinin qazancı haqqında Qahir Ədilovun təsəvvürləri belədir: «Neftçi bu gün tək özünü yox, bir neçə nəfər qohum-əqrabasını dolandıra biləcək qədər yaşayışa malik olmalıdır».


25 ildən bəri Neft Daşlarında çalışan Qahir Ədilov deyir ki, bu ilin sonuna qədər kanalları kənardan dəyişilə bilən televizor almaq istəyir. Deyir oktyabr ayından neftçilərin maaşlarının artırılacağı ilə bağlı məlumatlar var və əgər əməkhaqqı artırılsa, ilk maaşına bu cür rəngli televizor alacaq.


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da deyir ki, Azərbaycan nefti dillər əzbəri olsa da onu çıxaran Azərbaycan neftçisi bu gün elə təminatlı həyat sürmür. Digər neft ölkələrində neftçilərin xeyli yüksək maaş aldıqlarını deyən Mirvari Qəhrəmanlı bir-iki il əvvəl Norveçin «Statoyl» neft şirkətində gördükləri ilə Azərbaycanda gördüklərini müqayisə edir. Onun dediyinə görə «Statoil»un Şimal dənizindəki platformalarında çalışan neftçi ayda 10-12 min dollar civarında maaş aldığı halda təxminən eyni şəraitdə işləyən azərbaycanlı neftçinin orta aylıq əməkhaqqı 300-400 yeni manat ətrafındadır, yalnız dənizdə işləyənlər bundan bir qədər çox maaş alırlar. Neft və qaz sənayesi işçilərinin Həmkarlar İttifaqının sədri Cahangir Əliyev hesab isə edir ki, Azərbaycan neftçilərinin qərb ölkələrindəki həmkarlarına çatmasına xeyli müddət lazımdır: «Biz özümüzü Norveç və ya İngiltərə neftçiləri ilə müqayisə edə bilmərik. Bizim onlara çatmağımıza hələ xeyli var. Amma beş il bundan qabaqla müqayisə aparırıqsa onda mən deyərdim ki, inkişaf göz qabağındadır».


Amma bütün bu deyilənlərə baxmayaraq neftçi Qahir Ədilov vəziyyətin bir-neçə ilə yaxşılaşacağına inanır və kanalları kənardan dəyişilə bilən rəngli televizor almağa hazırlaşır. Həm də inanır ki, onda ailəsi birotaqlı evdə deyil yeni, daha geniş evdə yaşayacaq.


XS
SM
MD
LG