Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:39

«Nəqliyyat sektoru bahalaşmaya istiqamətlənib»


-

Sentyabrın 10-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

«GUYA SÜLH SAZİŞİ İMZALAMAĞA 21 İL MÜDDƏT LAZIM İDİ?»

Sentyabrın 4-də Azərbaycan və Ermənistan prezidentlərinin Uels görüşündə münaqişə ilə bağlı böyük sülh sazişi layihəsinin hazırlanması təklifi verilib. «Media forum» saytına bu mövzuda danışan konfliktoloq Elxan Mehdiyev sülh sazişi layihəsinin hazırlanması təklifinin heç bir reallığa əsaslanmadığını vurğulayıb: «Sülh sazişinin nə qədər qeyri-real olduğunu görmək üçün ilk növbədə Ermənistana, həmin ölkənin başında oturan hərbi cinayətkar Serzh Sargsyan-ın bəyanatlarına, onun Uels görüşündən sonrakı fikirlərinə diqqət yetirmək lazımdır. Sazişi Azərbaycan və Ermənistan imzalamalıdır. Erməni tərəfin isə belə bir saziş imzalamaq, işğal etdiyi torpaqlardan çıxmaq fikri yoxdur. Təcavüzkar məsələni, Azərbaycan prezidenti İlham Əliyevin də dəfələrlə dediyi kimi, uzatmağa israrlıdır, çünki məqsədinə çatdığını düşünür. Gələn il qondarma erməni soyqırımının 100 illiyidir. Ermənistan belə bir fonda sülh sazişi imzalayarmı?!

John Kerry sadəcə arzusunu ifadə edir ki, sülh sazişi imzalamağın vaxtıdır. Guya sülh sazişi imzalamağa 21 il müddət lazım idi? Bir də axı Dağlıq Qarabağ münaqişəsi John Kerry-dən deyil, Rusiya prezidenti Vladimir Putin-dən asılıdır. Rusiyanın da başı indi ayrı işə qarışıb».

SERBİYA İLƏ AZƏRBAYCANIN TİCARƏT DÖVRİYYƏSİ 42 MİLYON AVRO OLUB

Azərbaycanda səfərdə olan Serbiyanın xarici işlər naziri və baş nazirin birinci müavini Ivica Dacic APA-ya müsahibəsində deyir ki, iki ölkənin ticarət dövriyyəsi real imkanlar və tələbatdan çox aşağıdır: «Ötən il bu göstərici 42 milyon avro təşkil edib. Biz iqtisadi əməkdaşlığı möhkəmləndirməklə bunu dəyişmək istəyirik... Biz maraqlıyıq ki, Azərbaycan kapitalı Serbiyadakı müəssisələrin özəlləşdirilməsində, eləcə də kənd təsərrüfatı, yeyinti sənayesi, kimya, əczaçılıq, informasiya texnologiyaları, infrastruktur və enerji layihələrinin reallaşdırılmasında iştirak etsin».

Dağlıq Qarabağ münaqişəsinə dair nazir deyib ki, Serbiya bu münaqişənin sülh yolu ilə həllinə aparan hər cür dialoqu dəstəkləyir.

««Madrid prinsipləri»nə və Minsk Qrupunun mövqeyinə hörmət edərək, biz münaqişənin qəti həllinə yönələn səyləri alqışlayırıq».

QƏRB İQTİDARLA BÖYÜK DİALOQA GEDİR

Richard Morningstar
Richard Morningstar

«Yeni Müsavat» yazır ki, ABŞ və Azərbaycan hökumətlərinin arasından yenə də «qara pisik» keçib. Hər halda, münasibətlər sabiq səfir Riсhard Morningstar-ın qalmaqallı müsahibəsindən sonra yumşaq desək, rəvan getmir. Ancaq tərəflər bir-birilərinin vazkeçilməz strateji önəmini ciddiyə alaraq diplomatik fəndlərlə bunu görünməz etməyə çalışsalar da, ilkin təəssürat belədir ki, Azərbaycanda son siyasi həbslər, ələlxüsus Qərbə bağlı QHT sektoruna qarşı görülən genişmiqyaslı sərt tədbirlər Vaşinqtonun ürəyincə deyil.

Görünən həm də odur ki, Birləşmiş Ştatlar eyni zamanda Ukrayna böhranı və Rusiyanın postsovet ölkələrinə yeni təhlükələrin fonunda Azərbaycanın müstəsna dəyərini nəzərə alaraq hələ ki «növbətçi» etirazlarla kifayətlənir. Lakin qeyri-rəsmi qaynaqlardan sızan informasiyalarda Vaşinqtonun hakimiyyətin son addımlarından dolayı dərin məyusluq içində olduğu, vəziyyətdən çıxış yolu aradığını və Azərbaycana səfir təyinatının gecikdirilməsinin də bu ovqatın təzahürü olduğu deyilir».

UZUNÖMÜRLÜLƏRİN YARADICILIQ FESTİVALI KEÇİRİLİB

«Azərbaycan» qəzetinin məlumatına görə, Lerikdə uzunömürlülərin Yaradıcılıq Festivalı keçirilib. «Festival iştirakçıları uzunömürlülərin toxuduqları al-əlvan xalçalarla, tikmələrlə, ağacdan hazırladıqları məişət əşyaları ilə də tanış olub, el sənətini yaşadanlarla maraqlı ünsiyyət qura bildilər. Cənub bölgəsinin zəngin mətbəxi, məşhur aşpazlarının məharəti diqqətdən kənarda qalmadı. Festivalda plov bişirənlər də yarışdılar. Münsiflər heyətinin qərarı ilə fərdi yarışlarda müvafiq olaraq ilk üç yerin qaliblərinə Məmmədsadiq Ləkipura (Lerik), Lətifə Hüseynovaya (Masallı) və Minaxanım Yusibovaya (Cəlilabad) Milli Kulinariya Mərkəzinin təsis etdiyi qızıl, gümüş və bürünc medallar təqdim edildi».

NƏQLİYYAT SEKTORU BAHALAŞMAYA İSTİQAMƏTLƏNİB

«Bizim Yol» avtobuslarda şəhərdaxili və şəhərdənkənar gediş haqlarının artırılmasından yazır.

«Nəqliyyat sektorunda hesabatlılıq olmadığına görə bu sahəni idarə edən qurumların xərclər və gəlirləri barədə məlumat əldə etmək çətindir. Bu səbəbdən rentabelliliyin aşağı olmasının, xərclərin gəlirləri ödəməməsinin kökünü araşdırmaq və təhlil etmək mümkün deyil. Özü də bu qurumların hər biri xərclərini ödəmək üçün dövlət büdcəsindən böyük həcmdə dotasiya alır. Hər dəfə qiymətlər bahalaşanda dotasiyaların azaldılacağını əsas gətirirlər. Amma fərqli bir situasiya ilə qarşılaşırıq: hər il büdcədən bu sektora yönəldilən yardımların həcmi artır.

İqtisadçı-ekspert Nemət Əliyev «Bizim Yol»a şərhində nəqliyyat sektorunun ölkə iqtisadiyyatının əsas qolu olduğunu vurğulayıb. Ekspertə görə, xərclər strukturunda kifayət qədər lüzumsuz xərclər mövcuddur: «Əlavə xərclərə o qədər yol verilir ki, ona görə metropolitenin büdcəsi şişirdilib. Maliyyə təsərrüfat sistemində islahatlar aparsalar, bu xərclər kifayət qədər azala bilər. Eyni şişirtmələr dəmir, dəniz və hava yollarında da var. Maliyyə Nazirliyi, Hesablama Palatası təftiş aparmalıdır. Çünki bu cür fəaliyyət «rentabelliyə» təsir göstərir və büdcədən əlavə dotasiyaların ayrılmasına gətirib çıxarır».

XS
SM
MD
LG