Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

Astara gömrüyündə 8 aydır saxlanan maşınlar var...


Astara Gömrük İdarəsi
Astara Gömrük İdarəsi

-

Artıq 8 aydır ki, «Arçın» kiçik müəssisəsinin kafel dolu yük maşını Astara gömrüyündə saxlanır. Müəssisənin sahibi Yunus Orucovun deməsinə görə, gömrük idarəsi hesab-fakturanın (invoice) əsli ilə düz olmadığını bəhanə gətirir. Onun sözlərinə görə, hesab-faktura olmayanda belə gömrük idarəsi bu sənədi özü tərtib edə bilər. Sahibkar deyir ki, bunlar hamısı bəhanədir. Onu gömrük idarəsinin yazılmamış qanunlarına tabe etdirmək istəyirlər. Sahibkar məhkəmələrə üz tutmalı olub:

«MƏHKƏMƏ EKSPERTİZANIN RƏYİNİ NƏZƏRƏ ALMADI»

«2-3 dəfə məhkəmə oldu, onlar gəlmədilər. Sonra müraciət elədilər gömrük komitəsinə. Onların nümayəndəsi iştirak elədi. Onlar da məsələ qaldırdılar ki, guya «invoice»-in əsli olmadığına görə, gömrük rüsumunun hesablanması mümkün olmamışdır. Sonra məhkəmə sənədi ekspertizaya göndərdi. Bakı təsdiq elədi ki, sənəd əsli ilə düzdür. Məhkəmə sonuncu instansiyada işə baxanda onların dediklərini əsas gətirdi. Məhkəmə ekspertizanın rəyini nəzərə almadı və iddiamı təmin eləmədi».

Sahibkar daha yuxarı məhkəmə instansiyasına müraciət etmək fikrində olduğunu söyləyir.

««İNVOİCE»İN ƏSLİ OLMADIĞINDAN...»

Yunus Orucov
Yunus Orucov

Yunus Orucov Dövlət Gömrük Komitəsinə şikayət məktubu da ünvanlayıb. Astara Gömrük İdarəsinin rəis müavini Abbas İsmayılovun imzası ilə cavab məktubu da gəlib. Həmin məktubda deyilir ki, «təqdim etdiyiniz kafel yükünə dair sənədlərdə «invoice»in əsli olmadığından yükün rəsmiləşdirilməsi mümkün olmamışdır».

ASTARA GÖMRÜYÜNDƏ SAXLANAN KAFELLƏ DOLU DAHA BİR YÜK MAŞINI...

Astara gömrük idarəsində daha bir kafel dolu yük maşını saxlanıb. Yük maşının sürücüsü Vidadi Abbasov deyir ki, yük «Ulduz» firmasına məxsusdur. Onun deməsinə görə, bir həftədir ki, maşın gömrükdədir. Sürücü deyir ki, sahibkarla boş keçən günlər üçün ona haqq ödəniləcəyi barədə danışıq etməyib. Ona görə də bu problemin tezliklə həll olunmasını istəyir:

«Ulduz» firmasının sahibi Mədət Pənahov yükün yenə səbəbsiz saxlandığını deyir. Bu barədə məhkəməyə üz tutacağını bildirir.

«Ulduz» firmasına məxsus yükün Astara gömrüyündə saxlanması birinci hadisə deyil. Bu firmaya məxsus yük 2013-cü ilin noyabrında da gömrükdə saxlanmışdı. Onda yalnız 3 aydan sonra yükün boşaldılmasına icazə verilmişdi. Sahibkar Mədət Pənahov deyir ki, məhkəməyə müraciət etmişdi. Məhkəmə başa çatmamış yük buraxıldı və buna görə də iddia geri götürüldü:

«MƏHKƏMƏ AXIRA ÇATMADI, MALLARI VERDİLƏR»

İnvoice
İnvoice

«Mallarımızı verdilər, həll olundu da. Məhkəmə axıra çatmadı, malları verdilər. Zərər deyəndə malımız gec gəldi, zərər bir dənə odur».

O sərhəddə saxlanan yük maşını ilə əlaqədar yenidən məhkəməyə müraciət edəcəyini deyir. Ehtimal olunur ki, gömrük idarəsi yenə «invoice»lə bağlı məsələni uzadacaq.

ARAŞDIRMA APARILACAQ...

Bütün bu deyilənlərlə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinin qaynar xətti ilə əlaqə saxladıq. Qaynar xəttdən bildirdilər ki, saxlanan yük maşınları ilə bağlı araşdırma aparandan sonra cavab veriləcək.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, 20 il ərzində ölkədə dəyişikliklər olsa da gömrük sistemində yaxşılığa doğru heç bir dönüş yoxdur. Sistem köhnə qayda ilə işləyir.

«20 İL ƏRZİNDƏ ORDA HEÇ BİR İSLAHAT APARILMAYIB»

«Bu 20 il ərzində orda heç bir islahat aparılmayıb. Gömrük komitəsində əvvəllər necə işləyirdilərsə, elə də işləyirlər».

İqtisadçının fikrincə Azərbaycanda gömrük xidməti yenilənməli, beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

Sabiq gömrük məmuru Elman Hüsenovun fikrincə də gömrük idarələrində sahibkarların bilərəkdən incidilməsi yolverilməzdir:

«BUNLAR ELƏ BİL AYRI ZÜMRƏDİRLƏR»

«Bunlar elə bil ayrı zümrədirlər. Ancaq bizdə hüquqi dövlətdir. Həmin məsələlər həm avtobus şöbəsində, həm də yük şöbəsində hökm sürür. Yəni «bez predeldir», özbaşınalıqdır. Birinin sənədi olmayanda deməlidirlər ki, get bu sənədi dəyiş. Və yaxud özləri dəyişməlidirlər və deməlidirlər ki, budur. Ancaq bunlar, monopoliya deyirik, həmin adamların üstünə göndərirlər ki, gedin onunla razılaşın».

Elman Hüsenov deyir ki, belə qaydalar ayrı-ayrı adamların varlanmasına səbəb olur və azad sahibkarlığa ziyan vurur.

«GÖMRÜK ORQANI ŞƏFFAF OLMALIDIR»

«Azad sahibkarlıq belə olmur, azad rəqabət olmur. Adam tanıyıram, deyir get bu işi gör, 80 faiz mənim olacaq. Gömrük orqanı şəffaf olmalıdır. Özlərinin məcəlləsində bunlar yazılıb. Ancaq onlar özbaşınalıqla məşğuldurlar. Heç kim də buna nəzarət eləmir. Düzdür, prezidentimiz dedi ki, korrupsiyaya qarşı mübarizə davam edəcək, güclənəcək. Ancaq heç bir təsiri yoxdur».

XS
SM
MD
LG