Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:38

Azərbaycanın adı Obamanın "qara siyahısı"na niyə düşdü?


ABŞ prezidenti Barack Obama
ABŞ prezidenti Barack Obama

-
“Yeni Müsavat” bildirir ki, Ukrayna böhranından sonra dünyanın qlobal siyasətinə qütbləşmə, “soyuq müharibə” yenidən qayıdıb. Bu savaşda Azərbaycanın “yaralı ayıya”, yoxsa “dikbaş Qərbə” dəstək verəcəyi bəlkə də “savaş meydanına” ciddi təsir də etmir. Fəqət, indi Qərb də, Rusiya da özü üçün “qara siyahı” tutub. Dostlar və düşmənləri oraya yazırlar. Azərbaycanın Rusiya kimi qəvi qonşusu və Qarabağ kimi problemi olmasaydı, bu davada heç tərəf seçməyə də bilərdi; ya da üzünü birmənalı olaraq neftini axıtdığı Qərbə sarı tutardı. ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını Rusiyadan savayı hansı ölkələrin yanında çəkdiyinə bir daha diqqət edək. Venesuela, Çin...Hər iki ölkə Rusiyaya açıq dəstək verir.

Azərbaycanın Obamanın “qara siyahısı”na düşməsinin əsas səbəbi də bu mövqedir. Əgər QHT-lərə təzyiq və son həbslər olmasaydı, başqa bir bəhanə tapılacaqdı. Təəssüf ki, iqtidarımız da bu bəhanələri indi siyasətlərini mikroskopla izləyən Qərbə istifadə üçün verir. Bəlkə də bilərəkdən. İndilikdə “bilərəkdənin” arxasında gizlənə biləcək məntiqi və ya səbəbi tapmaq çətindir.


ƏLAYİF HƏSƏNOVDAN ŞİKAYƏT YASAMAL RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun vəkili Əlayif Həsənov xüsusi ittiham qaydasında məhkəməyə verilib. Vəkil “Media forum” saytına deyib ki, Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova onu şərəf və ləyaqətini alçaltmaqda günahkar bilir: “Guya mən “Azadlıq” qəzetinə açıqlama verərək həmin xanım haqqında nalayiq fikirlər səsləndirmişəm. Halbuki mən heç vaxt bu haqda “Azadlıq” qəzetinə danışmamışam, açıqlama verməmişəm. Aydın məsələdir ki, bütün bu cəfəngiyat məqsədli şəkildə quraşdırılıb”.

Vəkil Əlayif Həsənov
Vəkil Əlayif Həsənov

Əlayif Həsənov əlavə edib ki, Nuriyyə Hüseynova xüsusi ittiham qaydasında iddianı Səbail Rayon Məhkəməsində qaldırıb, həmin məhkəmə işi sentyabrın 29-da Yasamal Rayon Məhkəməsinə göndərib: “Prosesin nə vaxt olacağı bəlli deyil”.

Bir müddət öncə Əlayif Həsənov Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Penitensiar Xidmət Nuriyyə Hüseynovanın müraciətini yayıb. O, qeyd edib ki, vəkil Əlayif Həsənov mətbuat orqanlarında onun barəsində böhtan və təhqiramiz ifadələr işlətdiyinə görə tədbirlər görülməsi məqsədilə müvafiq orqanlara üz tutub.

SƏMƏD SEYİDOV: “AŞ PA-DA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMALIDIR”

AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılmalıdır”. APA-nın Avropa bürosunun xəbərinə görə, bunu AŞ PA payız sessiyası çərçivəsində qurumun Daimi komitəsinin fəaliyyətinə dair hesabat ətrafında keçirilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov
Səməd Seyidov

S. Seyidov vurğulayıb ki, hər dəfə regionda baş verən problemlərlə bağlı anlaşmaya yaxınlaşdıqda, xüsusən də Dağlıq Qarabağ münaqişəsini qeyd etmək istərdim, burdakı erməni həmkarlarımız problemi yalnız Minsk qrupunun həll etmək imkanında olduğunu vurğulayırlar: “Bəs hazırkı Assambleya Dağlıq Qarabağ üzrə alt komitə yaratmaq istədikdə siz harda idiniz? Biz bu problemi sizinlə burada müzakirə etmək istədik siz isə bundan imtina etdiniz. Assambleyanın sədri hər iki ölkənin nümayəndə heyətlərinə danışıqlar masası ətrafında oturmağı, bu mürəkkəb vəziyyətdən qəbul ediləbiləcək çıxış yolu tapmaq üçün təkliflə çıxış etdiyi zaman siz harda idiniz? Siz yenə də imtina etdiniz. Avropa Şurası və AŞPA-nın Ermənistan və ya Azərbaycan tərəfinin deyil, özünün təyin etdiyi bitərəf məruzəçisinin mövqeyini eşitməyə belə razılıq vermirsizsə, hər dəfə yox deyirsizsə, o zaman biz nəyi müzakirə edə bilərik ki?! Artıq vaxtdır ki, biz bu kimi məsələlərdə Avropa Şurasının səsini eşidək, Azərbaycandan və Ermənistandan deyil, Avropa Şurası tərəfindən gələn obyektiv məlumatlar və obyektiv hesabat olduqca vacibdir. Hesab edirəm ki, AŞPA-nın gündəliyindən bu məsələni çıxartmaq istəyənlər üçün bu çox vacib bir siqnal olardı”.

DAŞINMAZ ƏMLAK BAZARINDA VƏZİYYƏT NECƏDİR?

“Azadlıq” qəzeti “mənzil bazarında eniş ola bilərmi?” sualına cavab axtarıb. “MBA Consulting Group”un rəhbəri Nüsrət Ibrahimov söyləyir ki, qiymətlərin qalxıb-enməsini bazar tənzimləyir. O, son üç ayda qiymətlərin düşməyə meylli olduğunu bildirir:

“Bəlli olduğu kimi ötən illə bu ilin birinci yarısında qiymətlər xeyli artmışdı və buna görə də bazarın aktivliyi xeyli aşağı düşüb. Yay ayları və sentyabr ayında qiymətlər düşür. Qiymət düşməsinin bu ilin sonuna kimi davam etməsi də mümkündür. Hamısı bazara daxil olan pul kütləsinin həcmindən asılıdır. Bazara əlavə pul daxil olsa stabilləşmə və az da olsa, artım ola bilər”.

DOLLAR BAHALAŞIR, NEFT VƏ QIZIL SÜRƏTLƏ UCUZLAŞIR

“Bizim Yol” dolların ucuzlaşmasının Azərbaycana necə təsir edəcəyini araşdırıb:

“Dünya bazarında ABŞ valyutası ucuzlaşıb-bahalaşanda Azərbaycan Mərkəzi Bankı kursu sabit saxlamağa çalışdı. Hətta ilin əvvəlindən dollar bahalaşmağa doğru getsə də, manatın məzənnəsi stabil olaraq qalır. Hazırda 1 dollar 0,78 AZN-ə təklif olunur. Mərkəzi Bankın bu siyasətini nə zamana kimi saxlaya biləcəyi maraq doğurur.

Dollar
Dollar

Qeyd edək ki, Amerika dollarının qalxması neftin qiymətinin ucuzlaşmasına gətirib çıxarıb. Bunun fonunda Azərbaycanda ixracın 95 faizinin neft və neft məhsulları təşkil etdiyini nəzərə alsaq, ölkəyə daxil olan gəlirlərin azalması deməkdir. Ekspertlərin fikrincə, indiki vəziyyətdə Azərbaycanın dövlət büdcəsində neftin baza qiymətinin 100 dollar/bareldən götürülməsi kifayət qədər risklər yarada bilər: "Qara qızıl" 80 dollar/barelə qədər ucuzlaşa bilər. Ona görə də büdcə proqnozlarında bütün bunlar nəzərə alınmalıdır”.

XS
SM
MD
LG