Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Nərmin Kamal. Ədəbiyyatla elmin arası


Nərmin Kamal
Nərmin Kamal

-

Qəribə görünür bəzi azərbaycanlı gənclərin “Ədəbiyyatı sevmirəm, çünki elmi sevirəm” – sözləri.

Siz Mullard Fəza Elmi Laboratoriyasından daha çox sevirsiniz elmi?!

Nərmin Kamal

ƏDƏBİYYATLA ELMİN ARASI

Çərşənbə günü axşam Londonun Poeziya Kitabxanasında (The Saison Poetry Library) yaxşı bir tədbirdə idim.

1912-ci ildən bu yana yaranmış poeziya üzrə Britaniyada ən böyük kitabxanadır, yeri gəlmişkən.

Elmi müşahidələri poeziyaya çevirən üç şairlə görüş idi.

​Onlardan biri Simon Barraclough bu il Mullard Fəza Elmi Labaratoriyasında (Mullard Space Science Laboratory) yazar-rezident olmaq haqqını qazanıb. Dünyanın bu aparıcı elmi labaratoriyası hər il, mövzusu elm olan bir şairə təqaüd verərək, fəza elmi çalışmalarının qapısını onun üzünə açır.

Mullard Fəza Elmi Laboratoriyası
Mullard Fəza Elmi Laboratoriyası

O biri şair Dorothy Lehane Poeziya və Bio-tibbi elmlər layihəsinin (Poetry Meets Biomedical Science project) kuratorudur, elm və poeziya arasında qarşılıqlı əlaqə mövzularında yazılan şeirləri nəşr edən Litmus nəşriyyatında redaktordur, Kent Universitetinin yaradıcılıq fakültəsinin müəllimidir.

Üçüncü şair Kelley Swain isə elm və poeziyanı kəsişdirən mövzularda “Pocket Horizon” kitab seriyasının redaktorudur.

Keçmişdə mən də elmin poeziyasına aludə idim.

Belə bir poeziyaya çağırışlar edir, texnologiya cihazlarının təlimat kitabçalarına, atılmış sənaye obyektlərinə, nevroloq həkimlərdən aldığım xəstəlik tarixçələrinə, neft qazma materiallarına şeirlər həsr edirdim.

O zamanlar mənə deyirdilər ki, Andrey Voznesenskini oxu, o da şeirlərinə robotları, həndəsi armudları və sairi mövzu edib. Köhnə sovet şairi.

Mənim olduğum mühitdə isə əsas, meynstrim poeziya insan haqqındaydı, kişi, qadın hissləri dominant idi və çox keçmədən həmin həvəsimi əzdi.

(Ardı aşağıda)

İnsanlar fərqli cür olduğuna, milliyyətinə, cinsinə, irqinə görə incidildiyi kimi, bəzi ölkələrdə poeziyanı da fərqli yolları olduğuna görə incidirlər.

Odur ki, dünən bu tədbirdə həmin üç şairin elmi məsələlərə həsr olunmuş şeirlərini eşidəndə Bakıdakı gənclər üçün çox təəssüfləndim. Mühit bir gəncin yetişməsində bax belə, həm münbit, həm də öldürücü ola bilir.

Qayıdaq tədbirə. Bu şairlərin elm mövzularına aid çoxlu şeir kitabları var. Poeziya – hisslər, elm – faktlar haqqındadır. Onlar faktlar haqqında hisslərini yazırlar.

Simon Barraclough “Psycho Poetica”, “Tetris”, “Neptune Blue” kitablarından şeirlər oxudu. Britaniyanın nüfuzlu universiteti UCL-in öz elmi tədqiqat mərkəzləri ilə şairləri necə əlaqədə saxladığından danışdı.

Rudyard Kipling-in şeir kitabları
Rudyard Kipling-in şeir kitabları

​Kelly Swain Tibbi-Humanitar (Medicine Humanities) poeziyadan söz açdı. Dedi ki, bir adam tibbi situasiyaya düşür. Ətrafında tibbi cihazlar, ağxalatlı həkimlər, iynə ağrıları, dərman qoxuları, - belə bir situasiyaya düşən insanın xüsusi

London Poeziya Kitabxanası
London Poeziya Kitabxanası

hisləri və fikirləri olur.

​Kelly demək istəyirdi ki, bu məsələ təkcə “ağ xalatlı həkim qız”, “bir tibb bacısına vurulasan”dan ibarət deyil. İcazə verin, şeirə o əməliyyat otağı, o stomatoloq, o laboratoriya da girsin. Orda da poeziya var.

London Poeziya Kitabxanası
London Poeziya Kitabxanası

Rentgen aparatını ixtira edən Vilhelm Rentgenin çəkdiyi ilk rentgen şəkli arvadı Annanın əli olub. O şəkil indiyə qədər yaşayır, muzeyə qoyublar, İnternetdə də var şəkli. Ona baxan insanı poetik hisslər bürüyür. Yetər ki, bədii təfəkkürdən məhrum adam olmayasan.

Tədbirdə danıışan növbəti şair Dorothy Lehane-ın həyat yoldaşı astronom-fotoqrafdır. Kosmik gəmidə işləyir, orda şəkil çəkir, gətirir Yerə. Arvadı da o şəkillərə şeir yazır. Tədbirdə öz kitablarından bir neçə şeir oxudu; patogenlər haqqında, planetlərin hərəkət səsləri haqqında, ölçülər haqqında.

Bir tanışım bütün dünyanı nəzərdə tutub deyir ki, kasıblar bu çətin həyatda baş çıxarmaq, işləyib pul qazana bilmək üçün maliyyə, iqtisadiyyat, nəqliyyat, rabitə kimi sahələri seçib oxuyurlar. Sənətlərini konkret fayda götürmək üçün seçirlər. Varlıların isə belə problemi olmadığına görə, onlar daha ali maraqlarının arxasınca gedirlər: ədəbiyyatın, fəlsəfənin, əsl elmin, incəsənətin. Tanışım ən ümumi şəkildə də olsa, haqlıdır. Bədii təfəkkür isə sənət seçimindən asılı bir şey deyil.

Simon Barraclough deyir, Kembric Universitetində bir kimya müəllimimiz vardı, dərsə başlamazdan əvvəl bizə şeir oxuyurdu. Ən çox da T.S. Eliotun, Radyard Kiplinqin şeirlərini.

Bəzi hindistanlı tələbələr əsəbiləşirdilər. Deyirdilər ki, axı bu, kimya dərsidir, ədəbiyyat dərsi deyil. Ancaq müəllim heç vecinə almırdı. Simon da çox sevirmiş onun bu şeirlərini. Mən də çox sevirəm Qərb intellektuallarının sahələrarası (interdisciplinary) yanaşmasını. Mühəndisləri, kompüter texnoloqlarını həftə səkkiz, mən doqquz biletlə təmin edərək çağdaş incəsənət muzeylərinə, yazıçıların qiraət günlərinə göndərən ali məktəbləri və iş yerlərini çox sevirəm. (Ardı aşağıda)

Onlar çox yaxşı bilirlər ki, IQ - intellektual inkişaf ölçüsü ilə EQ – emosional inkişaf ölçüsü insanda paralel irəliləməlidir. Bunlardan biri o birindən kəskin fərqlənəndə ən gözəl qız, ən yaraşıqlı oğlan da olsan, sənin simanda eybəcər mənzərə yaranır.

O adamlar ki, “Bədii ədəbiyyatı xoşlamıram, mən ancaq elmi kitablar oxuyuram”, “Bədii ədəbiyyatda professional praktik fayda azdır” və digər bu kimi sözlər deyir, onlar Azərbaycan, Türkiyə təhsil sistemlərinin qurbanıdırlar. Həmçinin özünü poeziyaya həsr etmiş bir insan elmi-kütləvi biliklərdən, “non-fikşn” kitablarından uzaq düşdükcə emosional bataqlığa çökür. Elə də pisdir, belə də. IQ və EQ bir-birindən çox uzaq düşməməlidir.

O riyaziyyatçı xoşbəxtdir ki, M.S.Merwin’in “Ananas tarlasındakı turistə suallar” şeirindən zövq ala bilir. Əks təqdirdə, o adamlar pəncərəyə çox yaxın qoyduğuma görə bir tərəfi böyümüş, o biri tərəfi boş qalmış otaq güllərini xatırladırlar.

Roald Hoffman
Roald Hoffman

Bəzi insanlar bədii təfəkkürlərinin olmamasından əziyyət çəkirlər, - doğru deyir Seymur Baycan. Bəzi insanlarda bədii təfəkkürün olmamasından həm də başqaları əziyyət çəkir. Ədəbiyyat damarı olmayan, bədii ədəbiyyatın nə demək olduğunu başa düşməyən bir insanda empati duyğusunun olması şübhəlidir.

Qayıdaq tədbirə. Bu həftə həm də Londonda Poeziya günü qeyd olundu. Kitabxanalardan tutmuş böyük sənət mərkəzlərinə qədər hər yerdə hiss olunurdu ki, bu gün şeir günüdür.

Mətbuatda kimyaçı Roald Hoffmann kimi elm adamları poeziya, elm və fəlsəfə arasındakı ortaq torpaqdan söz açırdılar.

Belə bir fonda qəribə görünür bəzi azərbaycanlı gənclərin “Ədəbiyyatı sevmirəm, çünki elmi sevirəm” – sözləri. Siz Mullard Fəza elmi laboratoriyasından daha çox sevirsiniz elmi?! (bax, 4-cü abzas)

XS
SM
MD
LG