Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:35

HRW Azərbaycanda QHT-lərə yeni hücumdan danışır


Human Rights Watch
Human Rights Watch

-

MSŞT ÖHDƏLİKLƏRİNƏ ƏMƏL OLUNMAYIB

“Azərbaycanda müstəqil qruplara maliyyəni məhdudlaşdıran yeni qanunvericilik dəyişiklikləri onların fəaliyyətini mümkünsüz edir”.

Bunu oktyabrın 13-də yaydığı bəyanatda Human Rights Watch hüquq-müdafiə təşkilatı bildirir. Qurum diqqəti bir məqama yönəldir ki, bu addımın atıldığı bir vaxtda Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü (MSŞT) oktyabrın 14-15-də Birmada keçiriləcək iclasında Azərbaycanın üzvlük məsələsinə baxacaq.

MSŞT təbii sərvətlərlə zəngin ölkələrdə açıq ictimai debatlar vasitəsilə daha yaxşı idarəçilik uğrunda yaradılmış beynəlxalq koalisiyadır. Bu koalisiyanın namizəd və üzv ölkələr üçün qaydaları fundamental azadlıqlara hörmət tələb edir. (EITI rules)

HRW bildirir ki, üzvlük üçün azad və fəal vətəndaş cəmiyyətinin iştirakı ən vacib amillərdən biridir. Ancaq son bir ildə Azərbaycan hökuməti müstəqil qrupların fəaliyyətinə əngəllər törədib, MSŞT üzvü kimi öhdəliklərinə əməl etməyib.

QURUMDAN MÜVƏQQƏTİ UZAQLAŞDIRMA

“MSŞT rəhbərliyi Azərbaycanı qurumdan müvəqqəti uzaqlaşdırmalı və üzvlüyün bərpası üçün hansı işlərin görülməli olduğunu aydın şəkildə bildirməlidir. Azərbaycanın müstəqil qrupları əzməyə yönəlmiş son addımı göstərir ki, bu ölkə insan haqları və beynəlxalq şəffaflıq öhdəliklərinə məhəl qoymur,”-

Human Rights Watch-un biznes və insan haqları üzrə böyük tədqiqatçısı Lisa Misol belə deyir.

Bəyanatda xatırladılır ki, hökumət təbii sərvətlər üzrə şəffaflıq və digər məsələlərə görə qrantları qeydiyyata almaqdan imtina edib, qeyri-hökumət təşkilatlarının çoxunun bank hesablarını dondurub. MSŞT fəallarının qorxudulmasına yönəlik siyasi motivli təhqiqatlar başlanıb. Hökumətin təzyiqindən qorxaraq Human Rights Watch-a anonim danışan bəzi fəallar narahatdırlar ki, hökumət müstəqil qrupları məhv etmək və yalnız özünün maliyyələşdirdiyi qruplara şərait yaratmaq istəyir.

“DÜZ YOLDAYIQ”

Sentyabrın 30-da parlament komitəsi qanunvericiliyə dəyişikliklər təklif edib. Qüvvəyə minərsə, hökumətin marağında olmayan istənilən xarici maliyyənin qarşısı alınacaq. Yerli mediada gedən məlumatlara görə, donorlar qeydiyyata alınmasa və Azərbaycanda lisenziya almasa, hər hansı xarici maliyyəyə icazə verilməyəcək. Qrant layihəsi isə individual olaraq təsdiqlənməli, bütün qrant fəaliyyəti Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir.

Əli Hüseynli
Əli Hüseynli

Parlamentin hakim partiyadan olan üzvü Əli Hüseynli deyib ki, məqsəd hökumətin şəffaflıq öhdəliklərini artırmaqdır. “Hər bir sektorda şəffaflıq və anti-korrupsiya təşəbbüslərinə əməl etməliyik. Bu dəyişikliklər bir daha sübut edir ki, biz şəffaflığın əldə olunması üçün düz yoldayıq,” Hüseynli deyib.

Ancaq Human Rights Watch bu arqumentin əksini düzgün sayır. Belə ki, təklif olunan təbirlər əvvəlkilərdən daha sərtdir. Əvvəlki qanunları Avropa Parlamenti, ABŞ prezidenti Barack Obama da tənqid edib. Öncə QHT-lərdən tələb olunurdu ki, xarici qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınsın. Hökumət bununla QHT-lərin maliyyələşdirilməsini əngəlləyə bildi, bəyanatda deyilir.

MSŞT-NİN ATA BİLƏCƏYİ ADDIMLAR

Azərbaycan hökuməti MSŞT-də tərəfdaşlığını həmişə vurğulayır, qurumun “sözəbaxan” üzvü sayılır. Ancaq getdikcə artan narazılıqları nəzərə alaraq, MSŞT sentyabrda Azərbaycana fakt-araşdırıcı missiya göndərib. MHŞT-nin rəhbəri Jonas Moberg "Financial Times" qəzetinə tədqiqatın nəticəsindən asılı olaraq Azərbaycanın bu qrupdakı üzvlüyünün ləğv oluna biləcəyini deyib. Ancaq Dövlət Neft Fondu AzadlıqRadiosuna bildirib ki, “Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxarılması bir sıra MHŞT-yə aidiyyatı olmayan beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülür və bu məsələnin heç bir əsası yoxdur”.

Jonas Moberg
Jonas Moberg

Human Rights Watch bildirir ki, MSŞT idarə heyəti prinsip və tələblərinin pozulmasına cavab olaraq hökuməti ya qurumdan çıxara, ya da üzvlüyünü müvəqqəti dayandıra biləcəyini deyib. İkinci hal müvəqqəti tədbir sayılır və problemlər aradan qaldırılsa, üzvlük bərpa oluna bilər. MSŞT Azərbaycanın tam üzvlük statusunu “namizəd” statusu ilə də əvəzləyə bilər. Qeyd edək ki, gələn ilin iyulunda Azərbaycanın üzvlüyünün müstəqil dəyərləndirilməsi aparılacaq.

TƏLƏBLƏR

“MSŞT Azərbaycanın üzvlüyünü dayandırmalı, onu MSŞT heyətindən uzaqlaşdırmalı və hökumətdən tələb etməlidir ki, vətəndaş cəmiyyəti qruplarının MSŞT prosesində tam və azad iştirakına yaratdığı əngəlləri aradan qaldırsın. Azərbaycan hökuməti xüsusilə aşağıdakılara əməl etməlidir:

  • Xaricdən maliyyələşən layihələrin qarşısını alacaq qanunvericilik təklifləri qəbul olunmasın;
  • QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklər olunsun, Avropa Şurasının tövsiyələri (link recommendation) nəzərə alınsın, qeydiyyat və hesabatlılıqla bağlı aşırı prosedurlar sadələşdirilsin;
  • Xarici donorlara qarşı əsaslandırılmamış cinayət işləri dayandırılsın;
  • Beynəlxalq donorların müdaxiləsiz işinə icazə verilsin, Azərbaycanda filial qeydiyyatını çətinləşdirəcək məhdudiyyətlər qəbul olunmasın;
  • Müstəqil qurumlar və fəalların qorxudulmasına, vergi və digər yoxlamalara son qoyulsun, bank hesablarına həbs götürülsün;
  • Müstəqil qrupların Azərbaycan ərazisini gəzib təlim sessiyaları və digər fəaliyyət təşkil etməsinə, eləcə də xaricə səfərlərinə icazə verilsin;
  • Fəal vətəndaş iştirakı və MSŞT-ya dair ictimai debata imkan yaradan mühit yaradılsın. Hökumət jurnalistin azad işləməsinə icazə versin. Buraya MSŞT məlumatlarının hazırlanması və təhlili də daxildir;
  • Vətəndaş fəaliyyəti və hüquqlar qorunsun, müstəqil qrupları və fiqurları qoruyan vəkil və fəalların hədəfə alınması dayandırılsın”.

SÖHBƏT NÜFUZDAN GEDİR...

Human Rights Watch-un biznes və insan haqları üzrə aparıcı tədqiqatçısı Lisa Misol deyir:

“Bu qlobal şəffaflıq işi nüfuzunu saxlamaq istəyirsə, Azərbaycan hökumətinin vətəndaş cəmiyyətini məhv etməsinə icazə verilə bilməz. MSŞT liderləri Azərbaycana dərhal təsir göstərməlidir ki, təzyiqi dayandırsın. Təşəbbüsün qaydalarına uyğun olaraq spesifik dəyişikliklər tələb olunmalıdır”.

XS
SM
MD
LG