Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:46

Əli Hüseynli: «Artıq Azərbaycanda bu qədər xarici donora ehtiyac görmürük»


Əli Hüseynli
Əli Hüseynli

-

«Araşdırmalar da göstərir ki, xarici donorların indiyədək ayırdığı vəsaitlərin çoxu məqsədəuyğun xərclənməyib, başqa məqsədlərə xidmət edib, çox ciddi pozuntular olub».

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli apa-ya müsahibəsində belə deyib.

- Azərbaycanda son vaxtlar xarici qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilikdə edilən dəyişiklər intensiv müzakirə olunur. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?

- İndiyə qədər xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı fəaliyyəti də bizim qanunvericilikdə tənzimlənirdi. Amma təcrübə göstərdi ki, şəffaflığın, korrupsiyaya qarşı mübarizə tədbirlərinin tərkib hissəsi kimi bu sahədə də qanunvericiliyə bir sıra dəyişikliklər etmək lazımdır. Məqsəd bu sahədə şəffaflığı artırmaqdır. Necə ola bilər ki, o qeyri-hökumət təşkilatları daim şəffaflıqdan danışırlar, amma özlərinin fəaliyyətində bu şəffaflıq görünmürdü? Çünki həmin qeyri-hökumət təşkilatları könüllülük əsasında yox, qrant layihələri əsasında fəaliyyət göstərirdilər. Son dövrün araşdırmaları da bizə onu göstərdi ki, bu sahədə, təəssüflər olsun, boşluqlar çoxdur. Bu boşluqlardan yararlanaraq maliyyə, o cümlədən qrant layihələrinə aiyrılan maliyyə məqsəddənkənar xərclənib. Yəni, əslində xarici qeyri-hökumət təşkilatlarının ölkədəki nümayəndəliklərinin fəaliyyətlərində onların, bir daha deyirəm bizim yox, onların yaşadıqları problem məhz bu boşluqlar ilə bağlı olub. Söhbət konkret o təşkilatlardan gedir ki, nizamnamələrinə uyğun Azərbaycan dövləti ilə bağladıqları hüquqi müqavilələr əsasında fəaliyyət göstərmirlər, yuxarıda qeyd olunan yollara əl atırlar. Təbii ki, bu da yolverilməzdir. Onu da deyim ki, eyni bu problemlər, bu məqamlar o xarici təşkilatların baş ofislərinin olduğu ölkələrdə də mövcuddur.

Onların Azərbaycandakı qeyri-şəffaf fəaliyyəti ilə bağlı da tək indi yox, indiyə qədər də mütəmadi olaraq ictimaiyyətə məlumatlar, bəyanatlar verilib. vətəndaş cəmiyyətində bu məsələlərin həssas olduğu üçün buna dözümlə yanaşmışıq. O da məlumdur ki, bu sahədə son vaxtlar ciddi islahatlar aparıldı. Hər şeydən əvvəl artıq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası var. Bu o deməkdir ki, prezident özü QHT-lərə dəstək verir. İkincisi isə, bir çox sahələr var ki, müxtəlif dövlət strukturları özləri də qanunvericiliyə əsaslanaraq o sahədə, mədəniyyətdən tutmuş ekologiyaya qədər vətəndaş cəmiyyətini maliyyələşdirə bilərlər.

Yəni, belə deyək ki, biz artıq xarici donorların Azərbaycanda bu qədər fəaliyyətinə ehtiyac görmürük. Araşdırmalar da onu göstərir ki, onların indiyədək ayırdığı vəsaitlərin çoxu məqsədə uyğun xərclənməyib, başqa məqsədlərə xidmət edib. Çox ciddi pozuntular olub. Bu, qeyri hökumət təşkilatlarının fəaliyyətində və onların xaricdən aldıqları donorlarla bağlı baş verib ki, indi-indi üzə çıxır.

- Qanunvericilikdə edilən dəyişiklərdə xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndəliklərinin fəaliyyəti ilə bağlı əlavə məlumatların verilməsi, o cümlədən xaricdən qrant almaq istəyən təşkilatın burada müvafiq icra hakimiyyətindən rəy alması tələbi də qoyulur ki, bəziləri tərəfindən bu sualla qarşılanır. Dəyişikliklərdə bu qeydlərə ehtiyac nə ilə bağlı idi?

- Mənsə onlara belə bir sual verirəm: nə üçün o prosesi həyata keçirən şəxs tələb olunan bu məlumatları gizləməlidir? Deyək ki, hansısa xarici qeyri-hökumət təşkilatı Azərbaycanda müəyyən bir sahə ilə bağlı layihə həyata keçirir. Əvvəla, o layihənin Azərbaycanda həyata keçirilməsinin zərurəti olmalıdır. Bəzən ehtiyac olmayan layihələrdən, məsələn, İŞİD kimi terror təşkilatı yaranır. Məsələn, müxtəlif təşkilatlar Qərbdə bir sıra layihələri həyata keçiriblər, nələrisə, hansısa ideyalarısa zərurət oldu-olmadı maliyyələşdiriblər və nəticədə İŞİD kimi bir terror təşkilatı ortaya çıxıb. Yəni layihənin ideya baxımından zərurəti əvvəlcədən müəyyənləşməlidir. Müəyyən olunmalıdır ki, o ideya baxımından layihənin bizim cəmiyyətdə həyata keçirilməsinə ehtiyac varmı? İkincisi isə maliyyə baxımından zərurəti nəzərdə keçirilməlidir. Əgər müəyyən bir sahə, ekologiya, mədəniyyət, hüquq islahatları ilə bağlı sahədə kifayət qədər dövlət resursları varsa, o zaman xarici donorlara nə ehtiyac var?

Ümumiyyətlə, xarici donorlara ehtiyac müəyyən bir keçid dövrü üçün lazımdır. Azərbaycan isə onu çoxdan keçib. İndi Azərbaycan özü investisiya yatıran ölkələr sırasındadır.

Qaldı ki, müvafiq icra hakimiyyətindən rəyinin tələb olunmasına, o zərurətlə bağlı olan rəydir. Elə bu həmin zərurətlərin əvvəlcədən müəyyən olunması üçün lazımdır. İndiki mərhələdə isə buna ehtiyac var.

- Yəni belə anlama gəlir ki, Azərbaycanın həmin beynəlxalq təşkilatlarla əməkdaşlığına getdikcə son qoyulur?

- Əksinə. Əməkdaşlıq üçün şəffaflıq təklif olunur. Azərbaycanın beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığına yeni bir mərhələ gəlir. Bu o deməkdir ki, indiyə qədər iradlar vardısa, artıq buna son qoyulacaq. Təsəvvür edin ki, xarici qeyri-hökumət təşkilatının Azərbaycanda bağladığı müqavilədə əvvəldən hər şey aydın və şəffaf göstərilib, o zaman fəaliyyətdə iradlar təbii ki olmayacaq. Sadəcə, yuxarıda da dediyim ki, bir çox sahələr var ki, o sahə ilə bağlı bizim artıq xarici donorlara ehtiyacımız yoxdur. Məsələn, hüquqi islahatları ilə bağlı layihələrin maliyyələşməsinə ehtiyac yoxdur. Korrupsiyaya qarşı mübarizə, ASAN xidməti və s.-lə bağlı artıq bizim onlara deyil, onların bizə ehtiyacı var. Bəli, hansısa yeni bir ideyaları varsa, dinləməyə hazırıq, buyursunlar. Amma indiki vəziyyətdə yoxdur. Amma elə sahələr var ki, əməkdaşlıq etmək olar. Məsələn, qaçqınlarla bağlı və sair.

- Yerli QHT-lər ilə bağlı qanunvericilikdə daha hansı yeniliklər gözlənilir?

- İndiki dəyişiklərin çox hissəsi elə milli QHT-lərə də aiddir. Dəyişikliklərdə bu barədə ifadə də aydın göstərilib. Hələ ki biz bu dəyişikləri vacib bildik və təklif etdik. Tezliklə plenar iclasda bunların müzakirəsi olacaq.

XS
SM
MD
LG