Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:34

Azərbaycanın beynəlxalq şəffaflıq qurumuna üzvlüyünə baxılır


MSŞT-in Myanmada toplantısı
MSŞT-in Myanmada toplantısı

-

Oktyabrın 15-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Azərbaycanın bu koalisiyaya üzvlüyü məsələsinə baxışı davam etdirir. Səbəb ölkədə son bir ildə vətəndaş cəmiyyətinə təzyiqlərin artmasıdır.

Yazı daim yeniləndiyindən son məlumatlar yazının əvvəlindədir.

----------------------------------------------------------------------

Oktyabrın 15-də Myanmada Qlobal Şəffaflıq Təşəbbüsünün beynəlxalq idarə heyətinin vətəndaş cəmiyyətindən olan üzvləri arasında məsləhətləşmələr davam edib. Lakin səhər iclasında konsensus alınmayıb. İdarə Heyəti razılaşıb ki, digər məsələlərin müzakirəsini ləngitməmək və müntəzəm işi bərpa etmək üçün Azərbaycan məsələsinə iclasın sonunda yenidən qayıdılsın, müzakirələr konsensus tapılana və qərar qəbul edilənə qədər davam etdirilsin. Bunu Qubad İbadoğlu facebookda yazır. Onun sözlərinə görə, “müzakirələrə görə öhdəliklərin yerinə yetirilməsi növbəti ilə və ya növbəti iclasa (fevral ayına) qədər ola bilər. Əgər onlar yerinə yetirilməzsə o halda 1 il ərzində ölkənin üzvlüyü dayandırıla bilər”.

BU QƏDƏR UZUN MÜZAKİRƏLƏR OLMAYIB

“İdarə heyətində qərarların qəbulu yalnız konsensus əsasında olduğundan vəziyyət olduqca mürəkkəbdir. Çünki, burda hər kəsin deyil, hər tərəfin (hökumət, investorlar və vətəndaş cəmiyyəti) mövqeyi müzakirə olunur və əsas götürülür. Biz, vətəndaş cəmiyyəti üzvləri Azərbaycan məsələsində vahid mövqeyimizi formalaşdırmışıq. Həmin mövqe ilə də toplantıya qatılırıq. Mövqeyimiz budur ki, Azərbaycanın Mədən sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə hökuməti komissiyası İdarə heyəti qarşısında vətəndaş cəmiyyətinin MSŞT-də iştirakına mane olan problemlərin həlli ilə bağlı konkret öhdəliklər (onların aydın və ölçülə bilən siyahısı hazırlanıb) götürməlidir. Ona ayrılan vaxtda bu problemlər həll olunmazsa, ölkənin MSŞT-də iştirakı müvəqqəti (qaydalara görə 1 il) dayandırılmalıdır Qərarın qəbulu yalnız bizim deyil, həm də qarşı tərəflərin - hökumətlər və şirkətlərin nümayəndələrinin - konsensusa nə qədər hazır olmasından asılıdır. İdarə heyətinin tarixində indiyə qədər bu qədər uzun müzakirə olmayıb. İlk dəfədir ki, vətəndaş cəmiyyətinin israrlı mövqeyinə görə müzakirələr bir gün ərzində bitməyib, növbəti günə keçirilib. Qərarı gözləyək”.

ÜZVLÜKDƏN ÇIXMA MÜZAKİRƏ OLUNMADI

Qubad İbadoğlu facebook-da yazır ki, müzakirələr oktyabrın 15-ə qalıb:

«Burda qərarlar konsensusla qəbul edilir, hökumət bütün gücünü qoyub ki, heç bir qərar olmasın. Biz isə təklif edirik ki, Azərbaycan hökuməti öhdəlik götürsün və ona vaxt ayrılsın - həmin vaxt ərzində öhdəlik yerinə yetirilməzsə, üzvlüyü müvəqqəti dayandırılsın. Üzvlükdən çıxma məsələsi, ümumiyyətlə, müzakirə olunmadı, çünki beynəlxalq təşkilatlar deyir ki, bu ilk növbədə şirkətlərin və sonra da hökumətin xeyirinədir, bir daha hesabat verməyəcəklər. Ona görə də biz o mövqeni əsas götürərək, üzvlükdən çıxarmaq məsələsində təkid etmədik, çünki bu məsələdə konsensus olması mümkün deyil. Hətta bu gün bizim təklifimiz ətrafında 3 saat müzakirə getdi, yenə də konsensus alınmadı, müzakirəni sabah davam etdirəcəyik».

2-Cİ VARİANT MÜZAKİRƏ OLUNUR

«1-ci variantın əleyhinə beynəlxalq QHT-lər çıxış etdilər. Onlar hesab edirlər ki, 1-ci variantın qəbulu Azərbaycanda bu təşəbbüs çərçivəsində hesabatlılığın dayandırılması və vətəndaş cəmiyyətinin prosesdən tamam kənarlaşdırılması kimi ziyanlı nəticələrə gətirib çıxarar. Odur ki, əsas müzakirələr bizim 2-ci variant üzərində getdi. Bu variant üzrə hökumətin qarşısında öhdəliklər qoymaq və onun yerinə yetirilməsi üçün vaxt ayırmaq, həmin müddətdə öhdəliklər yerinə yetirilməzsə, üzlüyü müvəqqəti dayandırmaqdan ibarətdir. Bu variantın əleyhinə çıxış edən əsasən transmilli korporasiyalar və bəzi hökumətlərin nümayəndələridir. 3-ü varianta gəlincə, gələn ilin iyulundan başlayaraq Azərbaycan növbəti dəyərləndirmədən keçəcəyinə görə o, ciddi müzakirə mövzusuna çevrilmədi. Azərbaycan hökuməti bu müzakirələr zamanı istənilən qərarın qəbulunun əleyhinə çalışır».

«2-Cİ VARİANTI TƏKLİF EDİRİK, ŞƏRTLƏRLƏ»

Qubad İbadoğlu AzadlıqRadiosuna deyir ki, hazırda Neypidoda toplantı davam edir. Müzakirədə MSŞT-in Katibliyinin sentyabrın 20-23-də Bakıya ezam olunan missiyasının hazırladığı hesabat dinlənilir.

Qubad İbadoğlu İdarə Heyətinin üzvü olaraq çıxış edib, Azərbaycanda vətəndaş cəmiyyətinin hazırkı vəziyyətindən, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının qarşılaşdığı çətinliklərdən danışıb:

«Müzakirələrdə qərar vermək üçün 3 variant təklif olunur. Biz MSŞA Koalisiyası olaraq 1-ci variantın - Azərbaycanın MSŞT-dən çıxarılması əleyhinə çıxış edirik. 2-ci variantı isə, yəni Azərbaycanın MSŞT-də fəaliyyətinin müvəqqəti dayandırılmasını isə yalnız bu formada təklif edirik ki, əvvəlcə şərtlər qoyulsun və həmin şərtlər qəbul edilməzsə, fəaliyyət müvəqqəti dayandırılsın. 3-cü variantın – erkən dəyərləndirmə aparmaq üçün Azərbaycana erkən dəyərləndirmə şirkətinin gəlməsinin isə əleyhinəyik. Çünki qrafikə görə gələn ilin iyul ayından başlayaraq Azərbaycan növbəti dəyərləndirmədən keçməlidir».

MSŞT üzrə beynəlxalq idarə heyətinin qaydalarına görə, ölkə müzakirə olunarkən onun təmsilçiləri qərar qəbul etmə prosesində iştirak edə bilməz.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Toplantıya hökumətin təmsilçisi olan ARDNF-nin sədri Şahmar Mövsümov qatılmayıb.

AZƏRBAYCANIN ÜZVLÜYÜ MƏSƏLƏSİNƏ BAXILIR

Oktyabrın 14-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Azərbaycanın bu koalisiyaya üzvlüyü məsələsinə baxır. Səbəb ölkədə son bir ildə vətəndaş cəmiyyətinə təzyiqlərin artmasıdır.

Ortalıqda əsasən üç variant var: Azərbaycan bu təşəbbüsdən çıxarıla bilər; fəaliyyəti müvəqqəti dayandırıla bilər; ölkəyə erkən dəyərləndirmə missiyası göndərilə bilər.

Xatırladaq ki, beynəlxalq hüquq-müdafiə qurumlarının çağırış və təzyiqlərindən sonra MSŞT missiyası QHT-lərlə bağlı durumu öyrənmək üçün sentyabrın sonlarında Bakıya ezam olunub.

Azərbaycanla bağlı hazırlanmış hesabat bugünkü toplantıda müzakirə edilir. MSŞT Şurası Myanmanın Neypido şəhərində toplaşıb.

«DÖVLƏT MARAQLARIMIZI ÜSTÜN TUTARAQ...»

MSŞT beynəlxalq idarə heyətinin üzvü olan Qubad İbadoğlu oktyabrın 13-də keçirilən məsləhətləşmələrə qatılıb. İqtisadçı bildirib ki, oktyabrın 14-də ilk öncə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün katibliyinin Azərbaycana ezam etdiyi missiyanın hesabatı dinlənəcək:

«Sonra isə Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxarılmasından başlamış onun hazırkı statusunun aşağı salınmasına qədər çox müxtəlif variantlar ətrafında müzakirələr başlayacaq.

Mən dövləti maraqlarımızı üstün tutaraq çalışıram ki, ölkəmiz bu təşəbbüsdə qalıb, işini davam etdirsin, amma bir şərtlə ki, ölkədə vətəndaş cəmiyyəti institutlarının bu prosesdə iştirakına şərait yaradılsın və biz, əvvəllər olduğu kimi, yenə də bərabər tərəf statusunda işimizi davam etdirək».

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan 2002-ci ildə yaradılmış təşkilata 2003-cü ildə qoşulub.

ÜZVLÜK MƏSƏLƏSİ ORTAYA NECƏ ATILDI?

Azərbaycanın Dövlət Neft Fondu bir müddət öncə AzadlıqRadiosuna bildirib ki, təşəbbüsdən çıxarılma məsələsinin əsası yoxdur, bu, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən təklifdir:

«Azərbaycan standartın tələblərindən irəli gələn bütün öhdəliklərin tələb olunan səviyyədə və vaxtında icrasını davam etdirir. QHT Koalisiyasının da daxil olduğu MHŞT üzrə Çoxtərəfli Qrupun iclasları mütəmadi olaraq keçirilir. Azərbaycan hər zaman olduğu kimi Şəffaflıq Təşəbbüsünün tətbiqində israrlıdır və yeni standarta uyğun hesabatlılığa keçiddə də ilk ölkə olmağa çalışır».

Jonas Moberg
Jonas Moberg

İlk dəfə olaraq «Financial Times» (FT) qəzeti Azərbaycanın bu qrupdakı üzvlüyünün ləğv oluna biləcəyini yazıb. Elə MHŞT rəhbəri Jonas Moberg də deyib ki, Azərbaycana göndərilən missiyanın araşdırmasının nəticələrindən asılı olaraq ölkənin qrupdakı üzvlüyü ləğv oluna bilər. FT yazırdı ki, MSŞT-nin Azərbaycanda aparacağı təhqiqat həm də təşkilatın insan haqları məsələsinə münasibətinin sınağı olmalıdır.

ÜZVLÜKDƏN ÇIXARILMAYA FƏRQLİ YANAŞMALAR

Bəzi müşahidəçilərin fikrincə, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxarılması ölkədə fəaliyyət göstərən bəzi qeyri-şəffaf şirkətlər üçün daha əlverişlidir.

«Human Rights Watch» hüquq-müdafiə təşkilatı isə oktyabrın 13-də bəyanat yayıb, MSŞT rəhbərliyini «Azərbaycanı qurumdan müvəqqəti uzaqlaşdırmağa və üzvlüyün bərpası üçün hansı işlərin görülməli olduğunu aydın şəkildə bildirməyə» çağırıb. «Azərbaycanın müstəqil qrupları əzməyə yönəlmiş son addımı göstərir ki, bu ölkə insan haqları və beynəlxalq şəffaflıq öhdəliklərinə məhəl qoymur», - bəyanatda deyilirdi.

Son bir ildə, İlham Əliyev 3-cü dəfə prezident seçiləndən sonra Azərbaycanda onlarla ictimai fəal, bloqqer, müxalifətçi həbsə atılıb. Yerli və beynəlxalq hüquq müdafiəçiləri bu həbsləri siyasi sayır, məhz hakimiyyət tənqidçilərinin qondarma ittihamlarla susdurulduğunu deyir.

XS
SM
MD
LG