Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:45

Neft Fondu 1 milyard zərərə düşüb


Dövlət Neft Fondunun zərəri rekord səviyyəyə çatıb
Dövlət Neft Fondunun zərəri rekord səviyyəyə çatıb

-

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) zərəri ilk dəfə rekord səviyyəyə çatıb. Belə ki, Fondun 2014-cü ilin 9 ayının nəticələrinə görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərcləri (zərəri) 962,7 milyon manat təşkil edib.

ARDNF bildirir ki, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 10 131,9 milyon manat, büdcə xərcləri isə 8 041,2 milyon manat təşkil edib.

ARDNF-in 9 ayının nəticələrini "Bizim Yol"a şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, burada əsas diqqət çəkən bir neçə məqam var:

"Bunlardan biri gəlirlərin ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmasıdır. Keçən ilin 9 ayında gəlirlilik 1 faiz təşkil edirdisə, bu il 0,6 faizə düşüb. Aktivlərin həcmi artsa da, gəlirlilik səviyyəsi aşağı düşür. İkinci məqam, Fondun zərərinin həcminin təqribən 1 milyard manata yaxınlaşmasıdır. Bu, çox böyük bir rəqəmdir və indiyədək belə böyük zərər olmamışdı".

“İMKAN VERİN, O GƏNCLƏR HƏYATINI YAŞASIN...”

Hüquq müdafiəçilərinin Monitorinq Qrupunun üzvü, Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu “Yeni Müsavat”ın suallarını cavablandırıb. Hüquq müdafiəçisi prezidentin son əfv fərmanıyla qurumun siyahısından dörd nəfərin azadlığa buraxıldığını deyib.

“Hazırda Monitorinq Qrupunun siyahısında 37 nəfər siyasi məhbus qalıb. Onların arasında məhkəməsi olmayanlar var. Bilirsiniz ki, İntiqam Əliyevin, Leyla Yunusun, Rəsul Cəfərovun və digərlərinin istintaqı yekunlaşmayıb. Ümid edirik ki, onları məhkəmədə azadlığa buraxacaqlar. Eyni zamanda, siyahıda olanlardan 27 nəfər barəsində məhkəmə hökmü çıxarılıb. Bizim gözləntimiz var ki, siyahımızda olanlar hissə-hissə azadlığa buraxılsın. Dekabra qədər onların hamısı azadlığa qovuşmalıdır.

...Mənim artıq 73 yaşım var. İndi o dünyamda Allah tərəfindən bəraət qazanmağa çalışıram. Biz bu günahsız insanların azadlığa çıxması üçün çalışırıq. Siyasi məhbuslarla bağlı bir qəpik qrant da almırıq. Qrant layihələrimiz yalnız insan haqları, qadınların hüquqları ilə bağlı olur. Artıq 25 ildir bu işlə məşğuluq. Tək istəyimiz o insanların ailələrinə, azadlıqlarına qovuşmağa nail olmaqdır.

- Novella xanım, NİDA üzvlərinin Fəxri Xiyabanda baş əyməsi tənqid olunur, buna münasibətiniz necədir?

- Əvvəla, Bəxtiyar Quliyev də həbsdə yazdığı əfv ərizəsində qeyd eləmişdi ki, azadlığa çıxandan sonra ziyarətə gedəcək. Mən bu gəncləri qınamıram və heç kim də onlara pis bir söz deməsin. İmkan verin, o gənclər həyatını yaşasın. Kimsə bunu sınmaq, əzilmək kimi qələmə verə bilər. Ancaq baş əyməklə heç nə dəyişmir, onları qınaq hədəfinə çıxarmayın. Kənardan danışmaq asandır, həbsdə olmayan adamlar bunu deyə bilməz. Kimsə iradəli olur, kimsə gücsüz çıxır. Bu, insanın fiziki hazırlığından asılıdır. Ona görə də heç kəs o uşaqları qınamasın. Hələ bilmək olmaz ki, sabah necə olacaq.

İLKIN RÜSTƏMZADƏNİN ANASI: “NÖVBƏTİ ƏFVİ GÖZLƏYİRİK”

Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus İlkin Rüstəmzadənin anası Atlas Rüstəmzadə oktyabrın 20-də “Media forum” saytına danışıb. O, oğlu ilə telefon əlaqəsi saxladığını deyib:

"Maddi sıxıntı ucbatından İlkinlə iki həftədən bir görüşürük. İlkinin səhhəti yaxşıdır. Təbii ki, qapalı yerdə bəzi problemlər yaranır, amma saxlanma şəraitindən narazılığı yoxdur. Prezidentin oktyabrın 17-də imzaladığı sərəncamla əfv olunan Şahin Novruzlunun azadlığa çıxmasına çox sevinir. Bəlkə də azadlığa buraxılanlar əfv ərizəsini daha öncə yazıblar, yaxud İlkinin müraciətinin forması fərqlidir deyə oğlum həbsdə qaldı. Kim deyir ümidim ölür, yalan deyir. Qaranlıq gecənin gündüzü var. Ümidliyik, növbəti əfvi gözləyirik. Ən gözəl nemət azadlıqdır”.

“AZADLIQ”: “DAĞISTANDA AZƏRBAYCANLILAR SIXIŞDIRILIR”

“Azadlıq” qəzetinin əməkdaşı Dərbənddən hazırladığı reportajında burada azərbaycanlıların sıxışdırıldığından, köç istəklərdən yazır. Dərbənd şəhər sakini Maqomed Əliyevin sözlərinə görə, son zamanlar azərbaycanlılara qarşı ayrı-seçkilik var:

“Ötən ilin aprelində şəhərin mərkəzində ucaldılan Nizami Gəncəvinin heykəli sındırılıb. Bu il oktyabrın əvvəlində isə Böyük Vətən Müharibəsi zamanı şücaət göstərərək həlak olan Sovet İttifaqı qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Şəmsulla Əliyevin heykəli onu adını daşıyan parkdan götürülərək zibilxanaya atılıb. İndi də Dağıstanın prezidenti Dərbəndi tamamilə öz inhisarına almaq istəyir”.

Şəhərdə ən çox müzakirə olunan mövzu ötən ilin sentyabrında Dağıstan prezidenti seçilən Ramazan Abdullatipovla Dərbənd rayonunun Bələdiyyə Şurasının (icra hakimi) rəhbəri olan milliyyətcə azərbaycanlı Qurban Qurbanov qarşıdurmasıdır. Qurban Qurbanov hazırda ev dustağıdır. Onun ev dustaqlığı ilə sonuclanan bu qarşıdurmanın yaranmasına prezident Abdullatipovun məsuliyyətsiz və qanunsuz çıxışı səbəb olub. O, Dağıstan sakinləri ilə “Açıq hakimiyyət” layihəsi çərçivəsində birbaşa efirdə keçirilən ünsiyyət zamanı “Biz Dərbənd rayon rəhbərliyini tezliklə dəyişəcəyik. Orada olduqca uzun müddətdir ki, hakimiyyət dəyişməyib. Hesab edirəm ki, rəhbərliyin dəyişməsi ancaq işin xeyrinədir” deyib.

PENSİYALARIN ORTA MƏBLƏĞİ YOXSULLUQ HƏDDİNİ ÜSTƏLƏYİR

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev yap.org.az saytına müsahibəsində deyir ki, pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə yuxarıdır. Bu sırada MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması (Azərbaycan 95,2%, Belarus 79,8%, Rusiya 70,4 %) xüsusi qeyd olunmalıdır.

XS
SM
MD
LG