Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:43

IREX nümayəndəsi: Azərbaycanın əməlləri şok doğurur


Leon Morse: "Fəaliyyətimizin bərpası üçün dondurulmuş hesablarımız qaytarılmalıdır"
Leon Morse: "Fəaliyyətimizin bərpası üçün dondurulmuş hesablarımız qaytarılmalıdır"

-

IREX təşkilatının media işləri üzrə direktor müavini Leon Morse Amerikanın Səsinə müsahibədə təşkilatın Azərbaycandakı fəaliyyətinin dayandırılmasını şərh edib. Azərbaycanda QHT-lərə qarşı yürüdülən siyasəti dəyərləndirən cənab Morse Azərbaycan hökumətinin irəli sürdüyü iddiaların təəccüb doğurduğunu deyir və təşkilatın fəaliyyətini bərpa edəcəyinə ümidini ifadə edir.

Amerikanın Səsi: Son həftələr IREX Azərbaycanda fəaliyyətini dayandırmağa məcbur edilib. Sizin təşkilatınız Azərbaycanın səlahiyyətli nümayəndələrinin bu addımını necə qiymətləndirir?

Leon Morse: Bu bizi çox təəcübləndirdi. Belə ki, biz Azərbaycan qanunlarına uyğun şəkildə fəaliyyət göstərməyə çalışırdıq. Buraya işçi qəbulu, işçilərin imtiyazları və huquqlarının qorunması, habelə onların vergi ödənişləri daxil idi. Bizi təəccübləndirən bu istintaqın xəbərdarlıq və ya izahat verilmədən başladılması idi. Bizə vergi ödənişlərimizlə bağlı təhqiqat aparıldığını dedikdə söhbətin nədən getdiyini başa düşmədik. Belə ki, biz vergidən azad bir statusa malikik. Vaşinqtonda yerləşən İREX USAİD yolu ilə vəsaiti ABŞ hökumətindən alıb, Azərbaycana həyata keçirdiyimiz proqram üçün göndərir. Bir neçə il əvvəl ABŞ və Azərbaycan hökumətləri tərəfindən imzalanan sənədə əsasən biz vergidən azad edilmişik. Düşündük ki, arada anlaşılmazlıq var və ya sənəddə dəyişiklik edilib. Amma sonra anladıq ki, ABŞ-la Azərbaycanın məsələyə baxışları fərqlidir.

Amerikanın Səsi: IREX-ə qarşı bu ölçü GHT-lərə qarşı basqılar çərçivəsində həyata keçirilib. Azərbaycanın bu siyasəti vətəndaş cəmiyyətlərinə nə kimi təsir göstərə bilər?

Leon Morse: Bütün bunlar Azərbaycanın vətəndaş cəmiyyətlərinin inkişafı üçün pis vaxtda baş verir. Müstəqil maliyyə qaynaqları olduqca azdır. ABŞ-da vətəndaşlar və korporasiyalar bu sektora yardım edir. Azərbaycanda vətəndaş cəmiyyətlərinə dəstək verilmir - ələlxüsus maddi baxımdan. Azərbaycanın vətəndaş cəmiyyətləri inkişafları üçün lazım olan beynəlxalq təşkilatların yardımından məhrumdur. Bu isə onların fəaliyyət çərçivəsinin daralması deməkdir.

Amerikanın Səsi: Təşkilatınızın Azərbaycandakı fəaliyyəti haqda məlumat verməyinizi istərdik. Hədəfiniz nədir?

Leon Morse: İREX uzun zamandan bəri təhsil mübadiləsi ilə məşğuldur. Bunun təməli 1957-ci ildə Xruşov və Eyzenhauer zamanında qoyulub. 1968-1990-cı illərdə İREX qarşılıqlı anlaşma, hər iki ölkənin ziyalılarının tarix, mədəniyyət, incəsənət, ədəbiyyatları ilə tanışlığı məqsədi daşıyan mübadilə proqramı həyata keçirirdi. Azərbaycanın müstəqillik əldə etməsindən sonra İREX həmin məqsədlə o ölkədə fəaliyyətə başlayıb. Daha sonra bizim təşkilat jurnalizmin keyfiyyətinin artırılması, müstəqil medianın yaradılmasına diqqət ayırdı. Amma əsas amalımız yenə də qarşılıqlı anlaşma, təhsil mübadiləsi və vətəndaş cəmiyyətlərinin inkişafıdır.

Amerikanın Səsi: Siz narahatlıqlarınızı Ağ Ev və ya Dövlət Departamenti kimi rəsmi kanallara ünvalayıbsınızmı?

Təkcə bizim təşkilat deyil, digər beynəlxalq təşkilatlara münasibət Azərbaycanın Avropa ailəsinə məxsus olduğu fikirini dəyişə bilər. Bu, indiyədək görülən işlərə ziyan vura bilər.

Leon Morse: Biz rəsmən USAİD və Dövlət Departamenti ilə əlaqə saxlamışıq. Dövlət Departamenti QHT-lərə qarşı basqılarla bağlı bəyanatla çıxış edib.ABŞ hökuməti ümümilikdə İREX-ə həmişə dəstək verib. Bu təbiidir. Çünki biz hər iki hökumətlə əməkdaşlıq şəraitində fəaliyyət göstəririk.

Amerikanın Səsi: Azərbaycan hökumətinin lobbiçiləri bu ölkənin Avro-Atlantik məkana inteqrasiyada maraqlı olduğunu dəfələrlə bildirib. İREX və digər GHT-lərə qarşı yaranmış belə bir vəziyyətdə bu iddiaları nə dərəcədə etibarlı hesab etmək olar?

Leon Morse: Bu mənim və İREX-in narahatlığıdır. Aydındır ki, Azərbaycan böyük Avropa ailəsinin üzvüdür. Buna şübhə yoxdur. İllərdir Azərbaycanın vətəndaş cəmiyyətləri və hökumətin tərkibində bir çox insan münasibətlərin formalaşmasına xidmət göstərib. Lakin hazırkı durum inteqrasiyanın perspektivlərinə ziyan vurur. Təkcə bizim təşkilat deyil, digər beynəlxalq təşkilatlara münasibət Azərbaycanın Avropa ailəsinə məxsus olduğu fikirini dəyişə bilər. Bu, indiyədək görülən işlərə ziyan vura bilər.

Amerikanın Səsi: İREX-in Azərbaycanda fəaliyyətinin bərpası hansı halda mümkün ola bilər?

Hətta bu gün ABŞ-la əlaqələri yaxşı olamayan Rusiyada fəaliyyət göstəririk. Biz qeyri-siyasi bir təşkilatıq. Azərbaycanda belə bir şeyin baş verməsi şok doğurur.

Leon Morse: Bu, eşitdiyimiz kimi vergi və cinayət ittihamları aradan qaldırıldığı təqdirdə mümkün ola bilər. Amma bizə rəsmi məlumat və ya izahat verilməyib. Buna görə də özümüzü müdafiə edə bilmirik. Biz bütün lazımi sənədləri, məlumatı vergi rəsmilərinə təqdim etmişik. Biz bilirik ki, heç bir səhv iş görməmişik. Fəaliyyətimizin bərpası üçün dondurulmuş hesablarımız qaytarılmalıdır. Hesablarsız maaşların ödənilməsi qeyri-mümkündür. Cinayət ittihamları haqda qeyri-rəsmi mənbələr və mətbuatdan məlumat alırıq. Biz günahlandırıldığımız iddiaları qəbul etmirik. Hökumətdən yazılı şəkildə heç bir xəbər almamışıq. Ümid edirik ki, məsələ bizim xeyrimizə həll olunacaq, hesablarımız açılacaq və biz fəaliyyətimizi bərpa edəcəyik. Biz 20 ildən artıqdır ki, bu fəaliyyətlərlə məğul oluruq. Təcrübəmizdə belə hallara nadir rəst gəlinir. Belarus və Özbəkistanda İREX-in idarələri hökumətlər tərəfindən bağlanıb. Buna səbəb də maliyyələşdirmə olub. Hətta bu gün ABŞ-la əlaqələri yaxşı olamayan Rusiyada fəaliyyət göstəririk. Biz qeyri-siyasi bir təşkilatıq. Azərbaycanda belə bir şeyin baş verməsi şok doğurur. Belə ki, Azərbaycanla ABŞ güclü əlaqələrə malikdir. Buna görə bu, bizdə təəccüb doğurur.

Amerikanın Səsi: Sizə qarşı nə kimi cinayət ittihamları irəli sürülüb?

Leon Morse: Qeyri-rəsmi mənbələrdən eşitdiyimizə görə - və onlara inanmaq mümkündürsə - müxalif mediaya təlim verdiyimizə görə ittiham edilirik. Biz obyektiv və müstəqil media ilə iş aparırıq. Azərbaycanda müxalif media mövcuddur. Lakin biz qeyri-müstəqil və ya qeyri-obyektiv media ilə iş aparmırıq.

XS
SM
MD
LG