Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Şəkini tanıdan sənət: yapışqansız, mismarsız şəbəkə...


Hacı Mustafa,şəbəkə stası.Şəki şəhəri
Hacı Mustafa,şəbəkə stası.Şəki şəhəri

-

Gözlə

No media source currently available

0:00 0:05:00 0:00
Direct-ə keçid

“Ən incə, ən gözəl şəbəkə Şəki Xan Sarayındadır. O şəbəkədən dünyanın heç yerində yoxdur. İncəliyinə və gözəlliyinə görə hamısından seçilir”.

27 ildir ki, şəbəkə sənəti ilə məşğuldur. Yapışqansız, mismarsız gözəlliklər yaradır... Bu sənətin sirlərini , mərhum usta Əşrəfdən öyrənib. Zaman-zaman özü də məhşur şəbəkə ustasına çevrilib Hacı Mustafa:

“Bu sənətin özəlliyi ondadır ki, heç bir yapışqandan, mismardan istifadə olunmadan şəbəkə hazırlanır. Çox möhkəm olur. 2002-2005-ci illərdə Şəki Xan sarayını bərpa etmişəm. Orada hətta elə şəbəkələr var ki, 250 yaşı olmasına baxmayaraq, indiyə qədər bərpaya ehtiyacı olmayıb. Düzəltdiyimiz şəbəkələrin də çox güman, yüz illərlə ömrü olacaq”.

YERLİ TAXTA, XARİCİ ŞÜŞƏ...

Şəbəkənin hazırlanmasında yerli meşə materiallarından istifadə olunur. Əsasən də bişmiş fıstıqdan:

Şəbəkənin hazırlanmasında yerli meşə materiallarından istifadə olunur
Şəbəkənin hazırlanmasında yerli meşə materiallarından istifadə olunur

“Parda bişiririk, şirəsi axır, sonra əlif yağında saxlayırıq. Necə ki, qəndi çaya vurarsan, çayı çəkər özünə, bax, taxta boşluqları da o əlif yağı ilə elə doldurulur. Belə ərsəyə gələn şəbəkəni əsrlərlə qurd yeməz. Çox güman ki, o vaxt Şəki Xan Sarayını da həmin texnologiyayla işləyiblər”.

Əsas çətinlik şəbəkənin şüşələrindədir. Elə ki, sifariş oldu, usta şüşə axtarışına çıxır:

“Şüşəni çətinliklə tapıram. Ukraynadan, Rusiyadan, Türkiyədən gətirilir. Sifariş götürəndə şüşə axtarışına başlayıram. Baha başa gəlir. 1 kvadratı 280-300 manata... Bir neçə il əvvəl 1 kvadratına 50-70 manat verirdim. Qiymət 5-6 dəfə qalxıb. Bu, şəbəkənin satış qiymətinə də təsir göstərir”.

Şəbəkə sənətlərinin qiyməti eskizin ölçüsündən asılıdır. Elə şəbəkə var ki, bir kv.metrinə 1000, eləsi var ki, 1500 ədəd hissə gedir.

“Bir kv.metrinə min hissə gedən şəbəkənin ərsəyə gəlməsi bir ay vaxt aparır, on beş min hissə gedəni isə bir il... Şəbəkənin qiyməti səkkizyüz manatdan başlayır. İncəliyə getdikcə, detallar çoxaldıqca qiymət də artır”.

MARAQ DA BOL, SİFARİŞ DƏ...

Göz gözəlliyə hərisdir. Şəbəkə sənətinin peşəkar usta əlindən çıxan
məhsullarının vurğunları çoxdur. Elə Şəkinin özündə sifarişlər az deyil:

“Şəkidə Kələvi Xan restoranının, Şəki Xan Saray otelinin pəncərələrini işləmişəm. Vaxtaşırı sifarişlər olur. Tələbat çoxdur”.

Yaratdığı əsərlərin səsi-sorağı Şəkiyə sığmır, dünyanın bir çox ölkələrindən gəlir.

AVROPALILARIN SEVDİYİ ŞƏBƏKƏ SƏNƏTİ

“1 il əvvəl Tiflisdə avropalıların Qafqaz üzrə sərgisi keçirilirdi. Ermənistan, Gürcüstan, Azərbaycan iştirak edirdi. Həmin sərgidə bizim şəbəkə 1-ci yer tutdu, avropalılar sertifikat verdilər.

Şəbəkəli əl işi
Şəbəkəli əl işi

Belə uğurlarım tez-tez olur. Maraq da artıb, sifariş də bol... Bu yaxınlarda Fransada mədəniyyət günləri keçiriləndə 15 əsərimi aldılar. Heydər Əliyev Fondu həmin əsərlərimi Fransadakı Azərbaycan Mədəniyyət Mərkəzində adıma düzəltdiyi “muzey-guşə”yə eksponat kimi qoydu. Fond Vyanada olan Azərbaycan Mədəniyyət Mərkəzinə də bir neçə əsərimi alıb eksponat kimi qoyub. Dünyanın harasında Azərbaycan Mədəniyyət Mərkəzi açılırsa, Fond alıb aparıb mənim əsərlərimi ora qoyur”.

12 TƏLƏBƏDƏN İKİSİNİN GƏLƏCƏYİNİ GÖRÜR

12 tələbəsi var. Bu sənəti onlara sevə-sevə öyrədir. Ancaq deyir, tələbələrdən yalnız ikisi bu sənəti sevə-sevə qavramaqdadır. 10 nəfəri isə deyəsən ustanın yanında eləcə vaxt keçirir:

Səbir, səbir , səbir...

Şəbəkə ustası Hacı Mustafa, Şəki şəhəri
Şəbəkə ustası Hacı Mustafa, Şəki şəhəri

“Bir şəbəkəni hazırlamaq üçün minlərlə detal hazırlanır. Hər detalın da hazırlanması üçün 10-12 əməliyyat həyata keçirilir.

Adamın səbri çatmır. Səbrsiz adamlar da bu sənətdə duruş gətirə bilməz. Mənim tələbələrimdən yalnız ikisi peşəkar kimi yetişir.

Gərək tələbədə maraq, həvəs, ən əsası səbəb ola... Səbr, təmkin tələb edən, çətinliyi çox olan sənət olduğundan çoxu yarımçıq atıb qaçır”.

27 ildir ki, səhər emalatxananın qapısını açıb, rəndəni əlinə alıb qaş qaralanadək yapışqansız, mismarsız gözəlliklər yaradır. Məhşur usta Ərşadın keçmiş şəyirdi, usta Hacı Mustafa bu misilsiz sənətin sirlərini tələbələrinə öyrətmək üçün əlindən gələni əsirgəmir...

XS
SM
MD
LG