Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:39

Leyla Yunusa açıq məktub: “Bütlərin ayaqları ovulub tökülür”


Leyla Yunus
Leyla Yunus

-

Front Line Defenders hüquq-müdafiə təşkilatı həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa açıq məktub göndərib. Məktubu təşkilatın icraçı direktoru Mary Lawlor imzalayıb.

Müəllif Leyla Yunusa güc və ümid diləyən bu məktubun həbsxana darvazalarına və “insan qəddarlığının bizi ayıran divarlarına baxmayaraq” ünvanına çatacağına ümid etdiyini bildirib.

DAHA GÜCLÜ İSTƏYƏK

“Məşhur ingilis yazıçısı George Elliot yazardı – “Məncə, nə qədər ki, sağ-salamatıq, heç vaxt istək və arzularımızdan əl çəkməməliyik. Gözəl və yaxşı görmək istədiyimiz şeylər var, onları çox güclü istəmələyik”.

“Bu əzab və tənhalıq anlarında siz sizi əzənlərdən daha canlısınız. Bu gün, Azərbaycanda insan haqları sahəsində bıçaq sümüyə dirənib, sizin cəsarətiniz və işinizə sadiqliyiniz hamımız üçün bir dərsdir. Siz heç vaxt ölkənizdə bu qədər pozulan insan haqlarını müdafiə etməkdən çəkinmədiniz. Daim azadlığınızdan yararlanıb ədalətsizliklə mübarizə apardınız”.

Müəllif hüququn aliliyini təbliğ edən, münaqişənin həllinə və Azərbaycanla Ermənistan arasında sülh yaratmağa çalışan Sülh və Demokratiya İnstitutunun belə bir hüquqi tapmaca hədəfinə çevrilməsinə ikiqat ironik adlandırır.

“Aydın deyək, məhkəmə sizi müqəssir çıxarsa, bu sizə qarşı deyil, sizi azadlıq və ədalətdən məhrum edən hökumətə qarşı hökm olacaq. Sizə çox gərəkən tibbi müalicəni təmin etməməklə onlar özlərinin insanlıq hissindən məhrum olduqlarını göstərirlər. Sizin həbsinizi saxta ittihamlarla əsaslandırmağa çalışarkən onlar rəhbərlik etdikləri sistemin mənəvi iflasını sübuta yetirmiş olurlar”.

BÜTLƏRİN HAMISI GİL AYAQLAR ÜZƏRİNDƏ DAYANIR

“Həbsxana kamerasından yararlanıb bir ideyanın gücünü məhv etmək heç kəsə nəsib olmayıb. Tiran da hər şeydən çox elə ideya gücündən xoflanır və o üzdən Sizdən özünə təhlükə gəldiyni görür. O, Sizi və Sizin ərinizi, eləcə də Azərbaycanın bir çox başqa hüquq müdafiəçilərini təqib etməklə, həqiqətdən nə qədər qorxduğunu göstərir. Leyla, unutmayın ki, bütlərin hamısı gil ayaqlar üzərində dayanır və bu tiranlıq da, əvvəl-axır, onadək olan bir çoxları kimi ovulub-töküləcək və yıxılacaq”.

“Sizin yaşamanız sistem üzərində zəfər olacaq, səsiniz isə Azərbaycandakı bütün hüquq müdafiəçilərinə təslim olmamaq mesajı verəcək. Ancaq ümid bəsləyə bilərik ki, Azərbaycan hökuməti sonucda beynəlxalq ictimaiyyətin sizinlə rəftara qarşı mənəvi qəzəb və nifrətini anlayacaq”.

Məktub müəllifi xatırladır ki, gələn həftə BMT-nin İnsan Haqları Müdafiəçiləri Deklarasiyasının ildönümüdür. “Azərbaycanın üzvü olduğu bu Deklarasiyaya uyğun olaraq onları sizin səhhətinizin bərpası üçün azad etməyə çağırırıq,” Front Line Defenders təşkilatının icraçı direktoru Mary Lawlor məktubunu belə tamamlayır.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Leyla Yunus Bakı İstintaq Təcridxanasında, Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanır.

Leyla Yunus təcridxanadan yolladığı məktublarında səhhətinin pisləşdiyini, işgəncələrə məruz qaldığını bildirir, rəsmilər isə işgəncə iddialarını yalan adlandırır.

Front Line Defenders təşkilatı İnsan Haqları Müdafiəçilərinin Beynəlxalq Fondudur. Qurum 2001-ci ildə Dublində təsis olunub.

XS
SM
MD
LG