Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:26

Neft Fondunun xərcləri gəlirlərindən çox ola bilər


İndiyə qədər xərclənən 1.4 milyard dollar vəsaitin 900 milyondan çoxu dövlət büdcəsinə köçürülüb
İndiyə qədər xərclənən 1.4 milyard dollar vəsaitin 900 milyondan çoxu dövlət büdcəsinə köçürülüb
Neft Fondundan verilən rəsmi rəqəmlərə görə, bu il Fondun gəlirləri 808 milyon yeni manat - xərcləri isə 955 milyon manata qədər olacaq. Vəsaitin 110 milyon manatı qaçqınların sosial və məskunlaşma problemlərinin həllinə, 90 milyon manat Oğuz-Qəbələ su kəmərinin, 38 milyon BTC neft kəmərinin, 37 milyon Samur Abşeron kanalının çəkilməsi və ya yenidən qurulmasına, 90 milyon Dövlət İnvestisiya Şirkətinin Nizamnamə Kapitalının yaradılmasına xərclənəcək. Daha iri məbləğ isə dövlət büdcəsinə transfert edilir-təxminən 585 milyon yeni manat.

«Əgər indidən gəlirlərin necə xərclənməsinə nəzarət edə bilməsək, sonra Azərbaycan İndoneziya və ya Nigeriya ola bilər»
Dövlət Neft Fondu fəaliyyətə başlayandan -2001-ci ilin əvvəlindən bu yana isə Fonda 3 milyard dollar vəsait daxil olub. Fondun icraçı direktoru Şahmar Mövsümov Xəzər İnteqrasiya Klubunun iclasında bildirib ki, bu günə kimi bu vəsaitlərin 1,4 milyard dollarından artığı istifadə edilib, qalan pullar gəlirlərin səmərəli idarəsi məqsədilə xarici banklarda yerləşdirilib.


Neft Fondu yaradılmamışdan əvvəl keçmiş prezident Heydər Əliyev dəfələrlə bəyan edib ki, neft ancaq indiki yox, gələcək nəsillərin də sərvətidir. Amma, indiki rəqəmlərdən belə anlaşılır ki, neft pullarından hələ ki, indiki nəsil faydalanır. Fondun rəhbəri bildirir ki, indiyə qədər xərclənən 1.4 milyard dollar vəsaitin 900 milyondan çoxu dövlət büdcəsinə köçürülüb.


Neft Araşdırmaları İnstitutundan İlham Şabanın sözlərinə görə, prezident İlham Əliyevin zamanında bu fondla bağlı siyasət bir qədər dəyişib.


Dövlət Neft Fondundan isə bildirdilər ki, Fond heç də 2004-cü ildəki dəyişikliklərdən sonra vəsaitlərin gələcək nəsillərə saxlanması funksiyasını itirməyib, sadəcə yeni qanunvericilik aktlarına uyğun olaraq, bu vəsaitləri gələcək nəsillərə nağd şəkildə yox, layihələri maliyyələşdirməklə çatdırılır.


İlham Şaban və neft gəlirlərinin şəffaflığıyla bağlı layihələr gerçəkləşdirən bir çox qeyri-hökumət təşkilatlarındakı ekspertlərin fikrincə, indi məhz gəlirlərin şəffaflığı yox, onların necə xərclənməsi məsələsi daha aktual olub. İlham Şaban: «Əgər indidən gəlirlərin necə xərclənməsinə nəzarət edə bilməsək, sonra Azərbaycan İndoneziya və ya Nigeriya ola bilər».


O ki, qaldı xərclərin gəlirləri üstələməsi tendensiyasının gələn il də davam edib-eləyəcəyinə, Dövlət Neft Fondundan bildirdilər ki, bu haqda ancaq gələn həftə-fondun prezidentinin keçirəcəyi konfransda məlumat almaq mümkün olacaq. Fondun büdcəsini isə-heç də fondun rəhbərliyi yox, ölkə prezidentinin verdiyi sərəncam müəyyənləşdirir. Hazırda 2006-cı ilin iyunun sonuna görə, Fondun vəsaitləri 1 milyard 600 milyon dollardır.


XS
SM
MD
LG