Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:25

Gənc şair prezidentə açıq məktub yazdı: "Sizi aldadırlar..."


Elçin Aslangil
Elçin Aslangil

-

"Deyəcəksiniz ki, İncəsənət Universitetini bitirmisən, get muzeydə işlə, mədəniyyət evində çalış, kitabxanada işlə.

Ayda 140 manatlıq məvaciblə qızıma şokolad alım, paltar alım, pampers alım, yoqurt alım, yoxsa toya gedim..."

Gənc şair Elçin Aslangil prezident İlham Əliyevə açıq məktub yazıb.

"Cənab prezident, siz heç aldadılmısınız? Mən çox aldadılmışam.

Özüm də özümü çox aldatmışam.

Hesabdan yaxşı anlayışım olmasa da, dəqiq bilirəm ki, öz ixtisasım üzrə işləsəm, o işdən 40 il ərzində aldığım məvacibə barmağımı vurmasam, ev ala bilərəm. Əgər indiki ev qiymətləri 40 il sonra aktual olsa.

Həyat yoldaşımı da aldadıram. Yox, səhv başa düşməyin. Aldadıram ki, yaxşı olacaq. Tezliklə balaca qızımızın yeməyinə, pampersinə görə atamla üz-göz olmayacam.

Bilirəm, indi deyəcəksiniz ki, “Canın çıxsın get daş daşı, balanı saxla.”- Atamın dediyi kimi. Rayonda yaşayıram, burda daşı hamı çalışır ki, özü daşısın. Artıq xərc nəyə lazımdır?! Güya atam bunu bilmir?

Deyəcəksiniz ki, İncəsənət Universitetini bitirmisən, get muzeydə işlə, mədəniyyət evində çalış, kitabxanada işlə. Ayda 140 manatlıq məvaciblə qızıma şokolad alım, paltar alım, pampers alım, yoqurt alım, toya gedim, özümün yeməyi, həyat yoldaşımın yeməyi, aylıq kredit ödənişi, qaz pulu, işıq pulu, hansı birini deyim?

Deyəcəksiniz ki, şeir yazırsan, bədii qiraətdən də anlayışın var, get toylarda tamadalıq elə. Yox, bu mən bacaran iş deyil.

Biz tərəfdə bir ticarət mərkəzi var, elə gözəl kostyumlar satırlar ki cənab prezident, hər gün yolumu o ticarət mərkəzinin qarşısından salıram. Kostyumun ən ucuzu 145 manatdır. Bayaq kredit dedim. Kredit götürüb, bir ay sonra, bir ay bundan qabaq olan-qalan abrının getdiyini başa düşmək kimi əzablı heç nə yoxdur bu dünyada.

Mən indi “Kapital bank”ı da aldadıram. Bir dəfə 3 ay telefonu bağlı saxladım. Telefonu təzəcə açmışdım ki, bank əməkdaşı zəng elədi. Nə desəm yaxşıdı: – Romada idim. Heç bir zaman olmadığım Romada. Bank işçisi tezliklə kredit borclarımı ödəməyimi xahiş etdi.

Adam nə qədər aldadılar? Anamı və atamı deyirəm. 4 ildən çoxdur ki, Binəqədi rayon məhkəməsinin icraçıları, 50 yaşında arvadla, 57 yaşlı kişini əməlli-başlı aldadırlar. Bilməyiblər, bir qadına borca pul veriblər. Binəqədi məhkəməsinin, xeyrimizə çıxartdığı qərar icra edilmir. Səbəbi isə məlum deyil.

Güya siz heç aldadılmamısınız? Mən deyərdim ki, yanınızdakı məmurlar hər gün aldadır sizi. – “Səhiyyədə problem yoxdur. Hər gün ucqar kəndlərə yol çəkilir (Hara çəkilsə də, Ucarın Alpout kəndinə çəkilmir). Bu il əhalinin gəlirləri orta hesabla bir neçə faiz artıb (Bir sıra adamların gəlirləri deyilsəydi, daha yaxşı olardı). Təhsildə, səhiyyədə, dövlət orqanlarında, korrupsiya halları azalıb.” İnanmayın cənab prezident, qəti inanmayın, yalandır.

Üzü banka tərəf dayanıb sevgi şeiri yazmaq, əllərim boş ciblərimdə, zəngin bir roman qəhrəmanı uydurmaq, heç bir zaman olmadığım Afinanın tarixi abidələrində xəyalən gəzişmək, böyük, şəxsi kitabxanamda qəhvə içə - içə kitab oxumaq. Görürsünüz özümü nə qədər aldadıram? Özü də, bu hər gün belə olur.

Sizi aldada bilmərəm, düzünü deyəcəm. İş üçün elektron müraciətlər ünvanladığım şirkətlərə yalan danışdığım kimi, sizə yalan danışmayacam. Fiziki baxımdan, heç də ürəkaçan deyil vəziyyətim. Qaymaritdən əziyyət çəkirəm, kəskin mədə ağrılarım var. Əlimdən şeir yazmaq və kitab oxumaqdan başqa heç nə gəlmir. Bağışlayın cənab prezident. Yaxşı ki, siqaret çəkmirsiniz. Mən çəkirəm...

Hörmətlə: Gənc şair Elçin Aslangil

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG