Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

"Bəxtim gətirdi ki, Eurovision xala orda idi, keçdi polislərin qabağına"


Camal Əli, Bakı
Camal Əli, Bakı

-

Bakıda o qədər boşluq idi ki, nə edirsən et, maraqlı idi camaata. İki dəfə bərkdən asqırsan, məşhur olurdun.

Burda gördüyün işi həqiqətən “perfekt” görməlisən, ürəkdən və keyfiyyətli...

Hökümət mənə dedi ki, ya get, ya da basıb aparacağıq istəmədiyin bir yerə - ya həbsə, ya da orduya...

Almaniyaya mühacirət etmiş rokçu Camal Əlinin AzadlıqRadiosuna müsahibəsi

- Camal bəy, vaxtilə Azərbaycanda populyarlıq qazanmış bir rokçu üçün indi Avropada yad insanların arasında yaşamaq necə bir hissdir?

- Əla hissdir, özümü yenidən doğulmuş kimi hiss edirəm. İlk aylarda çox eyforik hisslər keçirirdim, Berlin camaatı yayda çox mehriban olur. İlk qış çətin idi, qaranlıq və soyuq idi, nə dostum var idi, nə sevgilim, nə də görəcək bir işim.

Oturub yeni sənədlərimi, yeni həyatımı gözləməli idim. Amma, hardasa kimləsə tanış olanda başıma gələnləri danışıb, onları şoka salıb dostlaşırdım yavaş-yavaş.

- Avropada Azərbaycan rokçusuna maraq varmı? İndi orda rokla məşğul olursunuzmu?

- Berlin almanların özünün dediyi kimi də “multi-kulti” şəhərdir, hər cür yerdən hər cür adam var. Hamı nəsə maraqlı bir şeylə məşğuldur. Bakıda o qədər boşluq idi ki, nə edirsən et, maraqlı idi camaata. İki dəfə bərkdən asqırsan, məşhur olurdun.

Burda gördüyün işi həqiqətən “perfekt” görməlisən, ürəkdən və keyfiyyətli. Burda insanlar hər şeylə maraqlanırlar, bilmək istəyirlər. Azərbaycan haqqında da çox az şey bilirlər, onlar üçün nəsə çox ekzotik bir şey kimi səslənir.

Maraqlı şeyləri danışıram, amma düzü, mən özümü Azərbaycan rokçusu kimi hiss etmirəm. Mən bu planetin vətəndaşıyam, bəli, bu planetdə doğulduğum ölkənin adı Azərbaycandır.

Camal Əli
Camal Əli

Və bəli, mənim maraqlarım, işlərim-güclərim var, onların arasında da musiqi ən əsasıdır. Amma mən mənəm.. həyat davam edir, uzununa və eninə.

Hal-hazırda “jam session”lara gedirəm, təşkil edirəm. Bilməyənlər üçün deyim “jam” nədir:

Bir-birini tanıyan və ya tanımayan musiqiçilərin bir yerə yığışıb məşqsiz filansız bir yerdə ifalarıdır. Cümə günləri cəm oluruq səhnədə, “jam” edirik Kiki-də. Yolu düşən buyursun, sevindirsin hamımızı.

- Maraqlıdır mühacirət necə baş verir, Azərbaycandan getməyinizi hökümət özümü istədi, yoxsa həyatınıza təhlükələri nəzərə alıb getdiniz?

- Mühacirət sadə proses deyil, amma sadə izah etməyə çalışsam belə baş verir: Mühacirətlə məşğul olan müvafiq quruma gedib pasportunuzu təhvil verib müvəqqəti yaşayış icazəsi alırsınız. O müddət ərzində yaşadığınız şəhərdən qırağa çıxmamalısınız.

Bir neçə ay sonra sizi müsahibəyə çağırırlar, hekayətinizi təsdiq edən sənədlərlə birlikdə gedib hər şeyi danışırsınız.. Bir neçə aydan sonra da sizə cavab gəlir ki, haqqınızda filan qərar çıxdı. Hallar müxtəlif olur, ”yox” cavabı gəlsə yenidən müraciət edirsiniz və yenidən eyni şeylər – belə on ildir “cavab gözləyənlər” var. Bizim işığımızı sağ olsunlar, tez yandırdılar.

Mənim mühacirətimə gəlincə hökümət mənə dedi ki, ya get, ya da basıb aparacağıq istəmədiyin bir yerə - ya həbsə, ya da orduya. Mən də getməyə qərar verdim, burda qərar veriləsi bir məqam da yox idi. Prezidentin şərəf və ləyaqəti filan bəndi ilə 3-5 il iş kəsərdilər.

Camal Əli
Camal Əli

Bəxtim gətirdi ki, Eurovision xala orda idi, keçdi polislərin qabağına, mən də qarışıqlıqdan istifadə edib çıxdım aradan. Hamı narahat idi, bir məndən başqa. Mənə elə gəlirdi ki, mən çox dəqiq bilirəm nə baş verir və hər şey çox gözəl olacaq.

- Bəs əsgərliyə getməyə niyə cəza kimi baxırsınız ki, bu ki tam normaldır və hər bir kişi vətənə xidmət etməlidir.

- Əsgərliyə getmək istəmirdim, qətiyyən istəmirdim, indi də istəmirəm, heç kəsə də məcburi “vətənə xidmət” arzulamıram. Əvvəllər mənə də elə gəlirdi ki, bizim müqəddəs borcumuz-filan var, hətta mahnılarda da vətənpərvərlik edirdim.

Təbliğat qurbanları idik: şəhidlər, qırğınlar, qurbanlar, qan, qərənfil, göz yaşı.. Mən də yaxınlarımı itirmişəm, təxminən bilirəm faciə necə hissdir, amma bunu həyat tərzinə çevirmək düzgün deyil məncə.

Əgər, hansısa bir qrup insan hələ də ölkəsinin ərazisi ilə, 16-cı əsrdəki döyüşləri ilə fəxr edirsə, hesab edirəm ki, o insanları sadəcə aldadıblar, onlar da heç vaxt onlara öyrədilənləri sorğulamayıblar.

- O kədərli məqamı xatırlamaq istəməzdim, amma başınıza gələnlərin səbəbi mitinqdə prezidentlə bağlı söyüş işlətməyinizdir…

- Orda dediklərim mənim 24 illik həyatımda içimdə toplananların, orada o məqamda yaranan vəziyyətə reaksiyası idi. Məni əsəbiləşdirdilər, mən də əsəbi-əsəbi hərəkətlər elədim, sözlər dedim. Peşman deyiləm, amma çox istəyərdim ki, məsələlər gəlib heç o yerə çıxmasın, problemlər mədəni metodlarla həll olunsun. Məsələnin məğzi o idi ki, bizə xidmət etməli olan insanlar, bizə həyatı özlərinə sərf edən şəkildə diktə edirlər, biz də buna qarşı idik – imkan verin həyatımızı yaşayaq.

Camal Əli Bakıda
Camal Əli Bakıda

Əgər ölkəni idarə etmək məsuliyyətini qəbul edib o kreslolara oturmusunuzsa, adekvat olun, sui-istifadə etməyin vəziyyətdən. Əgər əlinizdən gəlmirsə çəkilin, gəlsin əlindən gələnlər görsün bu işi. Bizə siyasi lider, cəngavər-filan lazım deyil, yaxşı menecer lazımdi. Təki, o menecer hamını özü qədər sevsin, ömrünü insanlara qulluq etməyə, həsr etməyə hazır olsun. Yoxsa belə baxanda İlham Əliyev öz ailə-şirkəti üçün heç də pis menecer deyil. Sadəcə bizə lazım olan adam odurmu?

Belə bir ifadə var: hər xalq layiq olduğu şəkildə idarə olunur. Əlavə edək ki, hər idarəçi də özünə layiq xalq yetişdirir. Təəssüf ki, Azərbaycanda insanlar bir-birinə xalq kimi baxır, fərd kimi yox.

Sürü-çoban ideologiyasi təlqin olunur, guya bizə kimsə deməsə ki, filan şey filan olmalıdır, biz özümüzü bədbəxt hiss edəcəyik. Yalandır! İnsanları sadəcə illərlə eyni şeylərə inandıra-inandıra süni mühit yaradıblar. Bizi idarə etmək lazım deyil. Dövlət insanlara xidmət etmək üçün kəşf olunub.

Bizdə sadəcə tarixi-ictimai şərait elə gətirib ki, biz yalandan dövlət olmuşuq, yalandan demokratiya qurmuşuq, yalandan konstitusiya yazmışıq. Uzaqdan doğulduğum ölkəyə baxanda sürətlə irəliləyən deqradasiya görürəm, arada təəssüf edirəm, arada əsəbiləşirəm ki, axı həyatlar heçə gedir, ömürlər israf olunur, sonra da qəbul edirəm.

Belədirsə belə də olmalı imiş, amma bu o demək deyil ki, bundan sonra da belə də qalmalıdır. Təbiətdə “sabitlik pozulmasın” adlı bir şey yoxdur, hər şey dəyişir. Ən uzun, ən çətin qış da qurtarır, yerinə bahar gəlir... Elə o baharların birində bizim də bağların vişnə ağacları çiçəkləyəcək. Mən inanıram!

- Halbuki, nə vaxtsa, siyasi mövzulara çox da qarışmayan “Host” qrupunun da üzvü olubsunuz. Bu qrupun üzvlərindən bəziləri ölkədə karyera qurublar, məşhurluq qazanıblar, rahat həyat yaşayırlar. Maraqlıdır, sizin timsalınızda yaradıcı adamın öz ölkəsində, rahat həyatdan imtina etməsinə nələr səbəb olur?

- Mən yalanla yatib yalanla oyana bilmərəm. Heç bir şəxsi marağım o qədər vacib ola bilməz ki, özümə və ətrafıma yalan danışım. “Host”dan isə bu tələb olunurdu – yalandan özünüzü elə aparın ki, guya heç nə olmayıb.

Məni yazmağa vadar edən şey elə o idi ki, biz aramızda gizli danışdığımız şeyləri açıq danışaq. Azadlığımızı təcrübədən keçirək.

Bizim cəmiyyət olaraq belə bir təcrübəmiz yoxdur. İfadə azadlığı əslində heç qorxulu bir şey deyil. Sadəcə məmurlar qorxur ki, birdən çox dərin sirrlər açılar, hamısı gedərlər cəhənnəmin dibinə. Qorxurlar! Çünki Azadlıq və Həqiqət yaxın dostlardır.

- İndi ölkədə çoxlu sayda musiqiçilər, yazarlar, yaradıcı adamlar var ki, qeyri-rəsmi mövcud olduğu deyilən senzura çərçivəsində yaşayırlar, yaradırlar. Sizcə, yaradıcı azadlıq olmayanda ortaya çıxan əsərlər necə olur?

- Bəlkə siz mənə deyəsiniz.. necə olur? Heç kəsin bişirdiyi yeməyə “dadsızdır” deyib qalxıb gedə bilmərəm.

Ümumiləşdirmək də istəməzdim, əminəm ki, xəbərimiz olmayan, adını bilmədiyimiz, səsini eşitmədiyimiz, işlərini görmədiyimiz insanlar var, sadəcə ortaya çıxmırlar, ya da onları heç hara dəvət etmirlər elə sadaladığınız səbəblərə görə... Qışın ortasında “qarpız mürəbbəsi” tapmış kimi sevinəcəyik onlar ortaya çıxanda.

- İnsan hüquqlarına böyük önəm verilən Avropadan baxanda Azərbaycan necə görünür? Sizcə, biz indi hansı istiqamətdə irəliləyirik, bu inkişafımızın sonu hara gedib çıxacaq? Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Tragikomediya kimi! Heç vaxt xəbər oxumaq həvəskarı olmamışam, amma arada deyib-gülmək üçün Azərbaycan xəbərlərinə baxıb kədərlənirəm. Avropanı da ilahiləşdirmək lazım deyil. Müqayisə etsək, bəli, yerlə-göy qədər fərq var.

Burda hər cür imkan var, ideyalarınızı, xəyallarınızı reallaşdıra bilirsiniz. Əgər kağız uzərində yazılıbsa ki, filan şey filan cür olur, o quruma gedirsiniz və həqiqətən də hər şey necə yazılmışdısa elə də olur. Bu ilk aylarda məni az qala şoka salırdı. Bir gündə 2-3 sənəd işini həll etmək olurdu. Azərbaycanda hər şey bir cür yazılır, başqa cür oxunur, oxuyana görə sağa-sola yozulur, lazımdırsa yazılar pozulur, yerinə başqa şeylər yazılır.

Camal Ali
Camal Ali

Məsələn, elə bizim prezidentimiz – yazılmışdi ki, ancaq 2 dəfə prezident seçilmək olar, o heç Putin-Medvedev variantına belə cəhd etmədi, pozdu öz bildiyi kimi yazdı.

Qısası, qanunsuzluq, dərəbəylik, qeyri-etik ve ayrı-seçkilik şəraitində israf olunan maddi və mənəvi resurslar ölkəsi kimi görünür mənə odlar yurdu Azərbaycan və onun Küləklər Şəhəri paytaxtı Bakı.

Arada Basinin damları üçün çox darıxıram amma.

Deyə bilərəm ki, Bakıda ən gözəl anlarımı orda keçirmişəm. Burda gəzməyə dam da yoxdu.

27
XS
SM
MD
LG