Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:51

Təslim ol! Güzgüyə təslim ol!..


Andrei Tarkovsky, 1962
Andrei Tarkovsky, 1962

-

Gözgüyə bax. Üzünü çevirməyə tələsmə. Elə bilmə ki asandı...

Soyun güzgünün qabağında. Lüm-lüt soyun. Təslim ol!..

Baxılmalı filmlər

Əli İsa Cabbarov

GÜZGÜYƏ BAX

Güzgüyə bax. Elə bilirsən asandı? 5-10 saniyəlik yox. Rahat otur, dəqiqələrlə bax.

Güzgüdə əks olunana bax. Poz verib, gülümsəyib, xoşuna gələcək sifətlər alma. Necə varsan, eləcə də bax.

Soyun güzgünün qabağında. Lüm-lüt soyun. Təslim ol! Güzgüyə təslim ol!

Güzgünün verəcəyi hökmü gözlə! Sonra da müticəsinə dinlə bu hökmü!

Necə ki Tarkovski dinlədi, necə ki Tarkovski çəkinmədi güzgünün qabağında soyunmaqdan.

Hər şey ondan başladı ki, yaşlanmış anasının ölməyindən qorxmağa başladı.

Qorxu hər şeyi yadına saldı. Birdən hiss etdi ki, həftələrlə, aylarla hal-əhvalını tutmadığı anası həyatını o və bacısı Marina üçün qurban verib.

Hiss etdi ki, anasının sevdiyi birinci arvadı İrma ilə boşanandan sonra, Allahınmı, İblisinmi göndərdiyi ikinci həyat yoldaşı Larisa ilə isə heç uyuşmadılar. Nə anası nə bacısı. Nə də şair atası. İkinci həyat yoldaşı Larisanın qurduğu adada təkcə dostlarından yox, anasından da uzaqlaşdı. Uşaqlığı, ailəsi, böyüdüyü ev üçün, ada böyük torpaq üçün necə həsrət çəkirsə, Andrey elə həsrət çəkdi.

Anasını ititrmək qorxusu, adada həbsdə olan adamın uşaqlıq adlanan böyük torpaq həsrətindən doğdu bu film. Təsadüfi deyl ki, ilk adı “Etiraf” idi.

İlk versiyada ANA filmin əsas obrazı idi. İlk versiyada Tarkovskinin anası Mariya İvanovna filmin qəhrəmanı idi. Film anası ilə müsahibə əsasında qurulmalı idi. Həkim psixiatorla. Müsahibə gizli çəkilməli idi. Amma Tarkovskinin kinorejissor kimi formalaşmasında mühüm rol oynamış sənət yoldaşı, kinooperator Vadim Yusov onun öz anasını təcrübə dovşanı kimi isfadə etməsini qəbul etmədi və filmdən imtina etdi.

Diplom işini, “İvanın uşaqlığı”, “Andey Rublyov” kimi dünya kino tarixində iz buraxmış şedevrləri bir yerdə çəkdiyi operatorun bu addımını Tarkovskixəyanət kimi qiymətləndiridi. Dahi filmə gedən yolda bu ilk çətinlik oldu, amma sonuncu olmadı. Əvvəl-əvvəl, müsahibələrdən, tarixi xronikadan və real hadisələrin bərpası olan bədii səhnələrdən ibarət olacağı düşünülmüş film son versiyaya qədər çox yol gəldi.

Asan gəlməsin sizə Güzgü qarşısında dayanmaq.

Fərdin taleyini göstərməklə nəslin, millətin, dövlətin taleyinə güzgü tutmaq - Tarkovskinin sevimli fəndidir. “İvanın uşaqlığı”nda, “Andrey Rublyov”da da bu var. “Güzgü”də bu fənd öz şedevr həllini tapıb. Filmin baş qəhrəmanı müəllifin özüdür. Hətta filmə daxil olmayan final səhnəsində Tarkovski qəhrəmanı özü ifa edib. Son montaj versiyasında bu kadrlardan imtina edib. Beləcə filmdə tamaşaçı baş qəhrəmanın İnnokentiy Smoktunovski tərəfindən ifa edilən səsini eşidir.

Tarkovski60-cılardan idi. Müharibə uşağı idi. Stalinə nifrət edib Lenin haqda illyuziyalardan qurtulmayanlardan, ateizmin diktaturasında allah axtarıcılığa qapılıb, pravoslavlığın estetik dəyərlərini ekspluatasiya edənlərdən idi. Amma Tarkovski ənənəvi 60-cılar stixiyasında qalmadı. “İvanın uşaqlığın”dan sonra öz yolu ilə getdi. “Güzgü” ilə öz nəslinin, 60-cıların tale salnaməsini yaradıb, müasirlərinin aktual, amma əbədilikdən xali problemlərinə “əlvida” dedi. Sufi terminologiyası ilə desək, “Güzgü”də müəllif “şəriət-təriqət”dən qurtulub “həqiqət-mərifət”ə qədəm qoydu.

Çəkilişlər zamanı ssenari çox dəyişdi. Ana ilə müsahibədən imtina edildi. Əlavə epizodlar çəkildi. Filmin ilk montaj olunmamış materialları studiya rəhbərliyini riqqətə gətirir. Amma xoş günlərin ömrü uzun olmur. Montaj mərhələsi rejissoru dalana dirəyir. Film bir bütöv orqanizm olaraq montaj olunmurdu. Ayrılıqda epizodlar şedevr səviyyəsində idi. Film isə yox idi. Bütün bunları Andrey filmin hazırlıq mərhələsində artıq hiss edirdi.

1973-ün 23 martında gündəliyində yazırdı: “Son zamanlar mənimlə nə isə baş verir. /.../Mən hiss edirəm ki, həyatımın ən böyük əsərini yaratmağa hazıram. Əminliyimin əsas səbəbi istifadə edəcəyim materialın sadəliyi və sonsuz dərinlyində, adiliyi və ana məqsəddən yayındırmayacaq qədər bayağılığındadı. Hiss etdiyim, bildiyim, dərk etdiyim qədərilə, mən bu materialı əsər üçün ideal sayıram. Bircə problem var - alınacaqmı? Qurulacaq konstruksiyaya can verməyi bacaracağammı?”

Tarkovsky "Güzgü" filminin çəkilişlərində, 1973
Tarkovsky "Güzgü" filminin çəkilişlərində, 1973

Aylarla uzanan montaj günlərinin birində hipnoz vasitəsi ilə pəltəkliyi müalicə edən həkim haqda məlumat verilir. Ssenari müəllifi A.Mişarin və Tarkovski bunu ilahi bir şans kimi qiymətləndirib, epizodu çəkirlər və montajor L.Feyginova bu epizodu filmin əvvəlinə montaj etməyi təklif edirlər.

Epizodda hipnoz altında olan pəltək gənc nitq qüsurundan azad olur və deyir: mən danışa bilirəm.Və film doğulur. Onlarla montaj versiyalarından sonra film dünyaya gəlir. Sonralar A. Konçalalovski yazırdı, necə montaj olunmasının dəxli yoxdu, çünki kərpiclər (yəni filmin epizodları)qızıldandı.

Müharibə iştirakçıları bir qayda olaraq döyüşün ilk şoku zamanı baş verən psixolojı halı tez–tez təsvir edirlər. Real ölüm təhlükəsi ilə ilk rastlaşan zaman bütün həyatın bir kino lenti kimi gözünün qarşısından keçir. Özü də vacib hadisələr yox, üstəlik də çox xırda detallarla. Uşaq vaxtı yediyin sıyıq boşqabının üstündəki naxışlar, orta məktəbdə adi dərs günlərindən biri və məktəb çantanın aşılanmış dərisi, daddığın müxtəlif təamların dadı və s.

Tarkovski “Güzgü”də bu psixoloji fenomeni real kino obrazlarıyla canalandırıb. Final öncəsi səhnədə kadr arxasında qalan baş qəhrəman-müəllifi müayinə edən həkimin mətnində gözlənilməz, ağır diaqnoza eyham edilir. Döyüşdə olan əsgərin ilk ölüm təhlükəsi səbəbindən rastlaşdığı psixoloji halı filmin baş qəhrəmanı ağır xəstəlik, filmin müəllifi Andrey Tarkovski isə anasını itirmək və ona olan borcunu ödəyə bilməmək qorxusu səbəbindən yaşayır. (Ardı aşağıda)

Flmin nümayişindən sonra “film nə haqda idi” sualına cavab verməyə çətinlik çəkəcəksiz. Filmin düz xətt üzrə inkişaf edən süjeti yoxdur axı. Mozaik prinsiplə toplanmış xatirələr. Qəhrəmanın uşaq vaxtı yay aylarında kənddə yaşayarkən, çiskin yağış altında daxmanın yandığına şahidlik etməsi, əlindən süd qrafininin dağılması, cayda üzərkən o biri sahildə anasının paltar yuması, anasının qonşu kəndə gedib uzaq tanışlarına yeganə zinət əşyası olan sırğalarını satmağa cəhd etməsi, atasının cəbhədən məzuniyyətə gəlməsi, hərbi hazırlıq dərsində kontuziyalı müəllimin səhvən işlək bildiyi qumbaranı bədəni ilə örtməsi, başqa tərəfdən isə əlahəzrət TARİX:

İspaniyada diktaturadan qaçıb mühacirət edən ailələrin faciəsi, Sovet əsgərlərinin Sivaş çayından keçidi, Sovet-Çin sərhədində gərginliklər, atom bombası partlayışı. Bir birilə səbəb-nəticə bağlılığı olmayan kadr və epizodların, ağ-qara və rəngli çəkilmiş planların, bədii və xronikal kadrların sintezi nəzərindən “Güzgü”də Tarkovski sırf kinematoqrafik cəhətdən fövqəladə nəticə əldə edib. Sanki sınmış güzgü hissələrində əks olunmuş həqiqət, gerçəklik təsvirlərini cilalayıb, onların arasındakı sirli bağlılığı tapıb.

Filmin nümayişlərindən biri Moskvanın elit elmi mərkəzlərindən birində olur. Müzakirələr gecə birə qədər çəkir, artıq xadimə müzakirələrin bitməsini gözləmədən öz işinə başlayır. Cürbəcür, müəllifin ağlına belə gəlməyən traktovkaların isə sonu görünmür. Axırda xadimə dözmür və deyir: nə çərənləyirsiz, qəhrəman günah eləyib, vicdanı da ona əzab verir də. Tarkovski həmin baxışın diskussiyasında onlarla traktovkadan məhz xadimənin versiyasını bəyəndiyini yazırdı. Vicdan əzəbı, əzabın səni saldığı hal və bu şok halın sənin yaddaşında oyatdığı assosiasiyalardan, yuxulardan ibarətdi“Güzgü”.

Gözgüyə bax. Üzünü çevirməyə tələsmə. Elə bilmə ki asandı...

XS
SM
MD
LG