Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:38

İntiqam Əliyev: «Bu ittihamlar Ədliyyə Nazirliyinin əli ilə qaldırılır»


İntiqam Əliyev
İntiqam Əliyev

-

«Mən sizə etiraz edirəm» – hüquqşünas İntiqam Əliyev məhkəmə prosesində hakim Rasim Sadıqova müraciətdə belə deyib.

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas İntiqam Əliyevin məhkəməsi davam edib. Proses başlayan kimi İntiqam Əliyev üzünü zaldakılara tutub ötən prosesdə zərərçəkənlərin zaldakıların ünvanına dedikləri təhqiredici sözlərə görə onlardan üzr istəyib.

Daha sonra müdafiə tərəfi prosesə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. İntiqam Əliyev hakimi qərəzli olmaqda günahlandırıb:

«Proses boyu dəfələrlə vəsatətlər qaldırmışıq, müdafiəni təşkil etmək üçün sənədlərə ehtiyac olduğunu vurğulamışıq. Siz isə bütün bu vəsatətləri ya əsassız saymısınız, ya da baxılmamış saxlamısınız. Ötən prosesdə çəkişmə prinsipini pozaraq prosesə müdaxilə etmisiniz. Bütün bunlar sizin qərəzinizdən xəbər verir. Ötən prosesdə baş verənlər bir təxribat idi və hesab edirəm ki, siz də bu təxribatın içindəsiniz, çünki prosesi yarımçıq kəsdiniz və yəqin ki, kimlərləsə məsləhətləşməyə getdiniz. Siz heç bir halda, xüsusən də zərərçəkənin müdafiəçisi kimi davrana bilməzsiniz. Bütün bunlara görə, hesab edirəm ki, siz bu prosesə sədrlik edə bilməzsiniz. Düzü, bu cür proseslərdə hakimin kimliyi onsuz da o qədər əhəmiyyət daşımır, çünki siz siyasi sifariş yerinə yetirirsiniz. Elə bu da bir səbəbdir ki, mən sizə etiraz edim».

Müdafiə tərəfinin bu vəsatəti əsassız hesab olunaraq təmin olunmadı.

«MƏNİM ÜÇÜN VACİB OLAN BUDUR»

Prosesdə zərərçəkən Əfsanə Orucova ifadəsini davam etdirdi. Müdafiə tərəfinin əksər suallarını bircə sözlə cavabladı – «xatırlamıram».

İntiqam Əliyev hakimə müraciət edərək, ümumiyyətlə, zərərçəkənlərin ifadəsinə ehtiyac olmadığını bildirdi:

«Özüm əvvəllər dəfələrlə proseslərdə müdafiəçi olmuşam. Hər dəfə düşünürdüm ki, siyasi məhbuslar niyə öz günahsızlıqlarını bu qədər enerji, əsəb sərf edərək sübut etməyə çalışırlar. Axı hər kəsə hər şey aydındır. Məsələn, Əvəz Zeynallı niyə sübut etməyə çalışırdı ki, heç kimi şantaj etməyib. Və ya İlkin Rüstəmzadə niyə enerjisini ona sərf edirdi ki, hamını heykəli təhqir etmədiyinə inandırsın. Dindar niyə sübut edir ki, narkotik maddə istifadə etmir və s. İndi də mənə ictimaiyyətdən mesajlar çatır ki, onlara hər şey bəllidir, yəni niyə həbs olunduğumu bilirlər. Mənim üçün də əsas budur. Siz məhkəmə olaraq mənim üçün maraqlı deyilsiniz, sizin üçün hər şeyi prokuror düzüb qoşub artıq. Ona görə də düşünürəm ki, zərərçəkənlərə sualları davam etdirməyə ehtiyac yoxdur. Əfsanə Orucova bacısının əməllərinin qurbanıdır».

Bundan sonra müdafiə tərəfi Əfsanə Orucovaya sualları dayandırıb. Prosesdə sonuncu zərərçəkən olan Gülnar Mehtiyeva isə səhhəti ilə bağlı prosesdə iştirak etməyib.

«MƏNİ TƏHQİR ETMƏKDƏ DAVAM ETSƏLƏR...»

Zərərçəkən Gülşən Orucova çıxış üçün hakimdən icazə istədi və mediada şəkillərinin yayılması, haqqında məlumatların verilməsini İntiqam Əliyevin təşəbbüsü adlandırdı. Bildirdi ki, əlində İntiqam Əliyevin pulları mənimsəməsi ilə bağlı faktlar var və mediada haqqında yazıldıqca, o da bu faktlardan istifadə edəcək.

Məhkəməyə İntiqam Əliyevlə onun həbsindən 2-3 gün əvvəl elektron yazışmasını təqdim etdi. Həmin yazışmada İntiqam Əliyev ondan sənədləri, layihə maaşları ilə bağlı cədvəlləri qaydaya salmağı istəyir.

Müdafiə tərəfi isə bir daha məhkəmədə vəsatət qaldıraraq İntiqam Əliyevə məxsus kompüterləri, sənədləri istədilər. Bildirdilər ki, bunlar olduğu halda onlar yazışmalar, layihədaxili ödəmələrlə bağlı istənilən ittihamın əksini sübut edə bilərlər.

Hakim vəkillərin sənədlərin dəqiq adları da göstərilən vəsatətini təmin etdi. Bildirdi ki, həmin sənədlərin müdafiə tərəfinə verilməsi üçün siyahı istintaq orqanına göndəriləcək.

«ƏDLİYYƏ NAZİRLİYİ QRANTLARLA BAĞLI SİSTEMİ DAĞIDIB»

Vəkillərin daha bir vəsatəti qrant layihələrinin qeydiyyatı ilə bağlı oldu. Vəkil Şəhla Hümbətova məhkəməyə sənədlər təqdim etdi. Bildirdi ki, hazırda Ədliyyə Nazirliyi qrant layihələrinin qeydiyyatı ilə bağlı reyestr cədvəlini saytdan çıxarıb. Amma məhkəməyə təqdim olunan sənədlərdə ittihamda qeydiyyatdan keçirilmədiyi iddia olunan qrant layihələrinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi sübut olunur.

Bu vəsatətlə bağlı çıxışında İntiqam Əliyev Ədliyyə Nazirliyini qrant layihələri sistemini dağıtmaqda ittiham etdi:

«Biz hər dəfə deyirik ki, vətəndaş cəmiyyətinə dəstək verən təşkilatlarla bağlı ittihamlar saxtadır və bunda dövlət müəssisələrinin də əli var. Bütün bu təşkilatlara qarşı ittihamlar Ədliyyə Nazirliyinin əli ilə qaldırılır, «qrant layihələri qeydiyyatdan keçməyib» adı ilə. Əslində isə bu layihələrin qeydiyyatdan keçməsi ilə bağlı sistemi nazirlik dağıdıb».

Dövlət ittihamçısı bu vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Hakim növbəti prosesi martın 31-ə təyin edib.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

İttihama görə, 119 min manat vəsait Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər. Vəkillər həmin pulların hesabdan çıxarılıb-çıxarılmaması ilə bağlı bank məlumatlarının tələb olunmasını vacib sayırlar.

Beynəlxalq qurumlar İntiqam Əliyevin həbsini siyasi motivli sayır.

XS
SM
MD
LG