Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:36

Səfəvilər tarixi şirin bir tarixçi diliylə...


Yeni kitab: «Tarixe-aləmarayi Abbasi»
Yeni kitab: «Tarixe-aləmarayi Abbasi»

-

İz - «Dünyanı bəzəyən Abbas» Azərbaycan dilində danışdı...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

«Azərbaycan ədəbiyyatı tarixində ilk povest bu əsərin əsasında yazılıb».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına tarix elmləri doktoru, professor Şahin Fərzəliyev söylədi.

İKİ MİRZƏ – «ALDANMIŞ KƏVAKİB» NƏDƏN YARANDI?

Ünlü tarixçi İsgəndər bəy Münşi Türkmanın fars dilində yazdığı «Tarixe-aləmarayi Abbasi» («Dünyanı bəzəyən Abbasın tarixi») kitabını müəllifin öz ana dilinə - Azərbaycan türkcəsinə çevirən tarixçi alim vaxtilə Mirzə Fətəli Axundovun bu əsərə istinad etdiyini xatırlatdı: «Mirzə Fətəli «Aldanmış kəvakib»in süjetini burdan əxz etmişdi. 3-4 səhifəlik kiçik bir hissədir əsərdə, onu götürüb povest yazdı və bu povest Azərbaycan ədəbiyyatı tarixində ilk povest oldu».

«GEDİRİK Kİ, BAŞQA VAXT GƏLƏK»

Şahin Fərzəliyev bu hadisənin tarixdə gerçək olduğunu bildirdi: «M.Fətəlinin təsvir etdiyi Yusif Sərrac, əslində Ustad Yusifi Tərkeşduzdur. Münşi yazır ki, o, dinsiz kimi məşhur olan Dərviş Xosrov Qəzvininin ən fəal müridlərindən biri olub və ulduzların toqquşmasından şah sarayına gələcək bəlanın qarşısını almaq üçün təmtəraqla 3 günlük şah elan olunub. Təhlükə sovuşduqdan sonra Şah Abbas təzədən taxta sahiblənib, həm Yusif, həm də ustadı—Dərviş Xosrov Qəzvini öldürülüb. Qətl zamanı Qəzvini deyib: «Gedirik ki, başqa vaxt gələk».

İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMAN KİMDİR?

Verilişin bələdçisi İsgəndər bəyin türkman qəbiləsindən olduğunu vurğuladı: «İsgəndər bəy əsərini fars dilində yazan Azərbaycan tarixçisidir. Türkman türk qəbiləsidir. Onlar Orta Asiyadan, Mərkəzi Asiyadan köçüb gəlib yerləşiblər. Mən İraqda çox olmuşam. Türkmanlar İraqda yaşayır. İskəndər bəy Münşinin nəsli onlardandır. Onun əcdadları köçüb gəlib İrana. Özü doğulub 1560-cı ildə - İranda. Bir müddət müəyyən elmləri öyrənib - xəttatlığı, riyaziyyatı, siyaq elmini - yazını, katibliyi və Şah Abbasın sarayında münşi, yəni katib olub. Katiblikdən əvvəl əyninə zirehli paltar geyinib və Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzənin üsyankar əmirlərinə qarşı döyüşüb. Şah Abbas hara gedirdisə, onu özü ilə aparırdı. Həm siyasi, ictimai, iqtisadi,mədəni hadisələri, həm də şəxsən görüb müşahidə etdiyi, eşitdiyi hadisələri əsərində əks etdirib».

«İSGƏNDƏR BƏY HAMIDAN ÜSTÜNDÜR»

Şahin Fərzəliyev İsgəndər bəyin çox böyük tarixçi olduğunu bildirdi: «Səfəvilər dövrünün tarixçiləri onlarladır, yüzə qədərdir. Birinci yeri Münşi tutur - dilinə, əhatəliliyinə, hadisələri obyektiv işıqlandırmağına görə. O üzdən obyektiv deyirəm ki, onu başqa tarixçilərlə müqayisə edərkən gördüm ki, İsgəndər bəy hamısından üstündür. Hətta kitabın başlanğıcında ona bir qəsidə də yazdım. Məncə,o böyük tarixçiyə həsr olunan ilk şeirin müəllifi oldum:

Hədərə verməyərək bir anı İsgəndər bəy

Etdi təsvir Azərbaycanı İsgəndər bəy.

Çox kitab yazmış olan çoxlu yazar var, amma

Bir kitab ilə tapıb ad-sanı İsgəndər bəy...».

NİYƏ «DÜNYANI BƏZƏYƏN ABBAS»?

Aparıcının «İskəndər bəy Münşi nədən I Şah Abbası «Dünyanı bəzəyən Abbas» adlandırıb, onun başqa Səfəvi şahlarından fərqi nəydi» sualını tarixçi-alim belə cavabladı: «Orta əsrlərdə yazılan kitabların hamısı ərəb-fars dillərində adlandırılıb. Bu kitabın adını İsgəndər bəy farsca qoyub: «Tarixe-aləmarayi Abbasi», yəni «Dünyanı bəzəyən Abbasın tarixi». Padşahlar əsrlər boyu təriflənib - bugün də təriflənir...Var ümumi tarix əsərləri, bir də var xüsusi tarix əsərləri. Ümumi tarix əsərləri Adəm-Həvvadan başlayır, ta yazıçının dövrünə qədər. Xüsusi tarix əsərləri padşahın qohum-əqrəbasından başlayır, ta özünün hakimiyyət dövrünə və ölümünə qədər - əgər müəllif sağ qalırsa... Münşi «Dünyanı bəzəyən Abbasın tarixi»ni ona görə yazdı ki, o dövrdə «dünya» anlayışı bir qədər yığcam idi. Düşünmürdülər ki, dünya bu qədər böyükdür».

«TARİXDƏ 9 SƏFƏVİ ŞAHI OLUB»

Şahin Fərzəliyev niyə «Dünyanı bəzəyən Abbas» ifadəsinə haqq qazandırmaq üçün tarixə nəzər saldı: «Tarixdə 9 Səfəvi padşahı olub. Əsası qoyulub 1501-ci ildə, süquta uğrayıb 736-cı ildə. Demək olar 236 il hakimiyyət sürüblər. İlk şah olub I Şah İsmayıl - Səfəvilərin əsasını qoyan şəxs, ikinci şah olub 1 Şah Təhmasib - 53 il taxtda oturub. II Şah İsmayıl - Şah Təhmasibin oğlu, I Şah İsmayılın nəvəsi 3-cü Səfəvi hökmdarıdır. İlyarım şahlıq edib. Ondan sonra İsmayılın qardaşı Məhəmməd Xudabəndə şah taxtına (dördüncü) əyləşib. Xudabəndə zəif iradəli olub. Onun zamanında dövlət süquta uğrayırdı. Osmanlılar hücum edirdilər. Bu zaman I Şah Abbas (beşinci) hakimiyyətə gəldi...».

Şahin Fərzəliyev
Şahin Fərzəliyev

OSMANLILARIN BİR ƏSRDƏ 6 HÜCUMU...

Tarixçi alim XVI əsrdə Səfəvi dövlətinə 6 hücum olduğunu dedi: «Hamısı da Osmanlılar tərəfindən... 1514-cü ildə Sultan Səlim Yavuz və Şah İsmayıl arasındakı o məşhur döyüşdə Səfəvilər yenildilər...1534-cü ildə Sultan Süleymanın birinci yürüşü baş verdi. 1535-də ikinci yürüşü... 1548-də Sultan Süleymanın üçüncü yürüşü... 1554-cü ildə yenə Sultan Süleymanın dördüncü yürüşü və Amasiya sülh müqaviləsi - bir-birlərinə hücum etməmək haqda anlaşma. Sultan Süleymandan sonra taxta əyləşən Səlimin (Məst Səlim) dövründə sakitlik olur. Onun oğlu III Murad 1578-də altıncı dəfə Səfəvilərə qoşun yeritdi... Dövlətin yarısını tutdu. Bir yandan özbəklər Xorasanı tutdular, o biri yandan III Murad Gəncəyə qədər gəldi».

I ŞAH ABBAS ORDUNU YENİLƏŞDİRİR...

Şahin müəllim o dövrdə şahzadə Abbasın hakimiyyətə gələrkən hələ çox gənc olduğunu deyir: «O vaxt onun 15 yaşı vardı. Neyləyə bilərdi ki? Atası Xudabəndə, dediyim kimi, zəif hökmdar idi. Hakimiyyəti anası Xeyrülnisa bəyim idarə edirdi. Abbas gördü ki, Qızılbaşlar özbaşınalıq edirlər, onlara sərt mövqe göstərdi. Orduya, qoşuna fars elementlərini daxil etdi. Onlar həm dövlət quruluşu işlərinə baxdılar, həm də ordunu yeniləşdirdilər. Bu məqsədlə Şelli qardaşlarını da İngiltərədən İrana dəvət elədi. Hələlik məğlubiyyətlə barışdı. Həm Xorasanda döyüşməliydi, həm İranda, Azərbaycanda, gürcülər yaşayan torpaqlarda. Gördü bacarmayacaq, cavandı... 1606-cı ilə qədər ordunu yeniləşdirdi».

«AZƏRBAYCAN BƏDBƏXT...»

Bu ifadəni mən yox, verilişin bələdçisi işlətdi: «1606-cı ilə qədər Azərbaycan bədbəxt nələr çəkib?! Bu dövrdən danışanda nələr görmürük?! Səfəvilərədək Azərbaycanı Ağqoyunlular idarə edirdi. Ağqoyunlular da türkman, yəni türklər idilər. Nə isə, Azərbaycan 1578-ci ilədək Səfəvilərin əlində qaldı, sonra Sultan Muradgəlib tutdu buranı - ta 1606-cı ilədək. Şah Abbas ordunu Avropa qaydasıyla təchiz edib qüvvətlənəndən sonra itirilmiş torpaqları bir-bir geri aldı. I Şah Abbasın böyüklüyü ondadır ki, cavan olsa da, çox işlər gördü. Çünki bacarıqlı idi. Böyük insan, böyük qurucu idi. Hərbçi idi. Ölkənin daxili işlərini də gözəl yönəldirdi - nağıllarımızdakı «təğyiri-libas» olub xalqın güzəranını öyrəndiyini xatırlayaq – üstəlik, dövlət məsələlərini yaxşı bilirdi».

«QIZILBAŞLARIN XƏYANƏTİ...»

Şahin müəllim I Şah Abbasın Qızılbaşlardan müəyyən qədər uzaqlaşmasının səbəbinə də toxundu: «Qızılbaşlar onun atasını həbs etdilər, anasını öldürdülər. O vaxt Abbas Xorasanda hakim idi - cəmi 7-8 yaşı vardı və şahzadənin adından idarəçiliyi lələlər (dayələr) həyata keçirirdilər. Anası öldürüləndə Abbas Xorasandaydı. Ona dedilər ki, ananı biz öldürdük. Şəriətə görə, hakimiyyəti qadın idarə edə bilməz! Qızılbaş əmirləri hətta Xeyrülnisa Bəyimin anasını, yəni Abbasın nənəsini də öldürdülər –yaşlı qadındı,sarayda iflic yatırdı... Xeyrülnisa Bəyim Mazandaran hakiminin qızı idi, beləcə, Abbası gətirib taxta oturtdular və I Şah Abbas dönəmi başladı».

«HAKİMİYYƏTİ OĞLUNA VERMƏDİ!»

Verilişin bələdçisi bu möhtəşəm əsərin 1629-cu ildə bitirildiyini deyir: ««Dünyanı bəzəyən Abbasın tarixi» 1629-cu ildə bitir. Şah Abbas bu ildə dünyasını dəyişib. Amma İskəndər bəy Münşi sağ idi, axı.Odur ki, «Zeyli-Tarix-i aləmara-yi Abbasi»niyazmağa başladı. Zeyli, yəni ardı. Abbasın ölümündən sonrakı 5 il də həmin kitabda təsvir olunub. O kitab məndə yoxdur, amma İranda var. Ömür çatsa, onu da tərcümə edəcəyəm. O kitabda Şah Abbasdan sonra hakimiyyətə gələn Şah Səfidən söhbət açılır. Səfi Şah Abbasın qardaşı oğluydu. Hakimiyyəti oğluna vermədi, qardaşı oğluna vəsiyyət etdi. Çünki Səfidə daha böyük qüdrət gördü... Və Şah Səfi taxta çıxdı».

ZİRVƏDƏ İKİNCİYƏ YER YOXDUR!

Çox maraqlı müsahib olan Şahin müəllim Səfəvi hökmdarlarını zirvəyə doğru sıraladı: «Mən bunu həmişə demişəm və yazmışam. Səfəviləri zirvəyə doğru sıralasaq, birinci Şah İsmayıl gəlir, sonra I Şah Təhmasib, II Şah İsmayıl, Məhəmməd Xudabəndə və I Şah Abbas. Şah Abbas zirvədədir. Zirvədə bir adama yer ola bilər. Sonra zirvə aşağı düşür, axı... Zirvədə ikinci adama yer yoxdur!Sonra üzüaşağı gəlir 1 Səfi, II Şah Abbas, Şah Süleyman,Şah Sultan Hüseyn. Şah Sultan Hüseyn ən zəif Səfəvi hökmdarıydı. Ona görə də, 236 illik hakimiyyət əldən çıxdı. 30 il hakimiyyətdə oldu və əfqanlar onun özünü də məhv elədilər. Bir neçə il əfqanlar hökm sürdülər və axırda Nadir Şah gəlib hakimiyyəti ələ aldı. Beləcə, Nadir Şah Əfşarlar dövləti yarandı...».

HATƏM BƏY ORDUBADLI - SƏFƏVİLƏRİN BAŞ VƏZİRİ

Tarixçi-alim İskəndər bəy Münşinin həyatının döyüşlərdə, vuruşlarda keçdiyini deyir: «Şah hara gedirdi, onunlaydı. Münşi yazmağındaydı. Şah Azərbaycana gedirdi, o da gedirdi. Naxçıvana gedirdi, yenə onu müşayiət edirdi. O vaxtlar Hatəm bəy Ordubadi Səfəvi dövlətinin baş vəziriydi. Şah Abbas üçün vəzirin-vəkilin haradan olmasının fərqi yox idi. Təki bacarıqlı olsun. Hatəm bəy Ordubadi də çox bacarıqlı bir baş vəzir idi. Sonra döyüşdə öldü. O vaxtlar vəzirlər də döyüşə gedirdilər. Hətta şah da döyüşə gedirdi. Ordu şahı görəndə daha da cürətlənirdi».

DÖYÜŞƏ QADINLAR GEDİR...

Şah İsmayıl dövründə qadınlar da döyüşə gedirmiş: «Qadınlarını daözləriylə aparırdılar. Xeybə (çadır) qururdular. Qadınlar-uşaqlar bir tərəfdə, özləri bir tərəfdə. Qadınların ələ keçirilməməsi və uşaqların öldürülməməsi üçün kişilər canlarını fəda edirdilər... Çaldıranda da elə oldu. Birgünlük döyüş idi - 23 Avqust 1514-cü ildə. Şah İsmayıl məğlub oldu və qadınlarının biri -bəziləri deyir Taclı xanım, bəziləri deyir Bəhruzə xanım, - əsir aparıldı...».

«CƏNGİ SULTANİ» - SULTAN SAVAŞI...

Şahin müəllim təbəssümlə döyüş qaydalarının bugünkü kimi olmadığını deyir: «Dediyim kimi, padşahın özü şəxsən döyüşə gedirdi və o döyüş «Cəngi-Sultani» adlanırdı-«Sultan savaşı», «Üzbəüz döyüş». Döyüş başlayanda, ön hissə, sağ cinah, sol cinah olurdu. Bir də, qəlb, yəni mərkəz. Qəlbdə şah dayanardı. İş çətinə düşəndə, şah girərdi döyüşə, girərdi içəri - əlbəyaxa döyüşə. Şah İsmayıl da özü getdi döyüşdü. Yaralandı. Yəni o dövrün özünün qayda-qanunları vardı və Şah Abbas da bunların hamısını öyrənmişdi».

- Şah Abbas daha nə öyrənmişdi?

- Şahin müəllim Səfəvilərdən daha nələr danışdı?

- «Möhtəşəm kitab» oxuculara çatacaqmı?

75 yaşlı tarixçi-alimin şirin söhbətinin davamını burada oxu.

XS
SM
MD
LG