Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

«Şah İsmayılın qəbirdaşını ruslar aparmaq istəyiblər...»


Şah İsmayıl (1487-1524)
Şah İsmayıl (1487-1524)

-

Azərbaycanın ünlü tarixçisi İsgəndər bəy Münşi Türkmanın fars dilində yazdığı «Tarixe- aləmaraye- Abbasi» («Dünyanı bəzəyən Abbasın tarixi») kitabının tərcüməçisi – tarixçi-alim Şahin Fərzəliyevlə söhbətin 2-ci bölümü.

Əvvəli burada

DAHA BİR KİTAB GƏLİR...

Şahin Fərzəliyev taxta çıxan zaman Şah Abbasın Səfəvilər tarixini dərindən öyrəndiyini bildirdi:

«Şah Abbas özündən əvvəlki tarixi, öz tarixini dərindən öyrənmişdi və öz qüdrətinə də bələd idi. Elə buna görə də «dünyanı bəzəyən Abbas» oldu. Onu da deyim ki, bu orijinal ad deyil. «Tarixe-aləmarayi-Əmini» kitabı da var. Xacə İsfahaninin kitabıdır. İndi mən Həsən bəy Rumlunun məşhur «Əhsənüt-təvarix» kitabını tərcümə edirəm. Ərəbcədən çevirəndə, bu ad «Tarixlərin ən yaxşısı» deməkdir. Müəllif özünün tarixini ən yaxşı tarix sayır, Münşi də öz tarixini üstün bildiyindən onu «Dünyanı bəzəyən Abbasın tarixi» adlandırır».

«MÖHTƏŞƏM KİTAB»

«İz»in qonağı «Tarixe-aləmarayi Abbasi» kitabını «möhtəşəm əsər» sayır: «Əsər Şeyx Səfiəddindən-Səfəvilərin əcdadından başlayır. Onun övladlarından yazır, gəlib çıxır Cüneydə, Sultan Heydərə. Şeyx Heydər Şah İsmayılın atasıydı. Anası Marta idi. Mən hər dəfə Ərdəbilə gedəndə, duyğulanıram. Nəyə görə? Marta Trabzon imperatorlarının nəslindəndi və Uzun Həsənin arvadı Dispina Xatunun qızı idi. Şah İsmayıl kürən olduğundan, romalılara oxşayırdı. Martanın şərq adı Aləmşah Bəyimdir. Onun da qəbri Ərdəbildədir. Müsəlman olmadığından, qəbri dışarıdadır, türbənin içində deyil. Bu üzdən üzərindəki qəbir daşları da çatlayıb. Axırıncı dəfə gedəndə, gördüm, üstünü örtüblər. Amma içəridəki daşlar yaxşı qalıb. Şah İsmayılın qəbirdaşı çox gözəldir. Qara daşdandır. Üstündə nəstəliq xəttiylə gözəl yazılar var».

«ŞAH İSMAYILIN QƏBİR DAŞINI RUSLAR APARMAQ İSTƏYİBLƏR»

Şahin müəllim maraqlı bir nüansa toxundu: «1945-ci ildə ruslar İrandan çıxanda, istədilər ki, Şah İsmayılın üstündəki qara daşı aparsınlar. Şərqdə belə ənənə var: Əgər məqbərədə şah dəfn olunursa, giriş qapısını aşağıdan qoyurlar ki, əyilib ehtiramla içəri daxil olasan. Ruslar istədilər daşı çıxarsınlar, qapıdan çıxmadı... Xəbəri eşidincə, Ərdəbil əhalisi üsyan elədi ki, sən bizim şeyximizin qəbir daşını hara aparırsan? Xoşbəxtlikdən, daşı apara bilmədilər, yoxsa Ermitajdaydı... İndi Səfiəddinin qəbri də Ərdəbildədir, əcdadları da... Oğlanları - Sam Mirzə, Təhmasib, Əlqas Mirzə hərəsi bir yanda dəfn olunub».

«KİTABI TƏK TARİXÇİ DEYİL, HƏM DƏ ŞAİR YAZIB»

Şahin Fərzəliyev kitabın həm də şair qələmindən çıxdığını söyləyir: «Tək tarixçinin yox, həm də şairin qələmindən çıxıb. Kitabda çoxlu şeir parçaları var. Münşi «Quran»ı mükəmməl bildiyindən «Quran»dan ayələr də var. Mütaliəsi geniş idi – «Şahnamə»dən parçalar var. Nizamini çox sevirdi - Nizamidən sitatlar var. Nizamini əsərdə «Gəncə arifi Nizami Gəncəvi» deyə anır. Gör, Nizamiyə nə böyük qiymət verir! Arif kimdir, arif İrfanı bilən adamdır. İrfanı da hər adam bilməz. Məsələn, indi Azərbaycanda İrfanı bilən yoxdur. Çünki «İrfan» dərsi keçməmişik. Mən İranda «Elmi-İrfan» kitabını gördüm.12 cilddir. İrfanı bilmək üçün 12 cild oxumalısan. Amma İsgəndər Münşi «İrfan»ı bilirdi. O zaman tədris olunurdu, indi olunmur. İsgəndər Münşi müxtəlif elmləri bilirdi. Xəttat idi, tarixçi idi, şair idi. Hər üçü bir adamda cəmlənmişdi».

«BİR ADAMDA 3 ADAM!..»

Professor Şah İsmayılın da belə olduğunu deyir: «Mən həmişə deyirəm, bir adamda 3 adam birləşmişdi - şah, sərkərdə və şair. Hər üçü əzəmətli! Mən çaşıb qalmışam. 38 il ömür sürəsən, dövlət qurasan və gecə-gündüz fəthlərdə, səfərlərdə, döyüşlərdə, savaşlarda olasan, ortada da «Divan»ın olsun! Nə cür vaxt tapırdı? Mən 5 «Divan» yazmışam. Hər «Divan» 5-6 ilə yazılır. Axı mənim 75 yaşım var. Şah İsmayılsa 38 yaşında dünyadan köçdü...».

«OĞLUN ŞAHLIĞA KEÇMƏK İSTƏYİR - BOĞUN ONU, SƏSİNİ EŞİDİM...»

Şahin Fərzəliyev Qaraqoyunlu hökmdarı Cahan şahın da şeir yazdığını söylədi: O, «Həqiqi» təxəllüsüylə şeirlər yazırdı. «Divan»ı da var. Şeirlərini oxuyursan - humanist bir şair görürsən, tarixini oxuyursan - qəddar bir hökmdar! Türk sultanları kimi, uşaqlarının başını kəsib... Şah Abbasın özü də. Ona deyirlər ki, oğlun Məhəmmədbağır sənin yerinə keçmək istəyir. Deyir, gedin boğun onu, boğultusunu eşidim... Osmanlılar da beləydi, serialı görmüsünüz yəqin. Sultan Mehmet Fateh taxta çıxan kimi əmr verdi: Xalqın və dövlətin mənafeyi naminə taxta çıxan yeni sultanın ixtiyarı var ki, kişi övladlarını məhv etsin. Bir padşahın da 50-100 övladı olardı. Anaları da fərqli olduğundan, aralarında düşmənçilik yaranardı».

Şahin Fərzəliyev
Şahin Fərzəliyev

«SULTAN SÜLEYMANIN CƏSƏDİNİ ATA BAĞLAMIŞDILAR...»

Şahin müəllim orta əsrlər dövrünü «qan-qada»lı dövr adlandırdı: «Sultan Süleyman Macarıstanda öldü. Əgər padşah xaricdə ölürsə, onu xalqdan gizləyirlər, yerinə yeni şah hazırlayırlar. Hazırlıqlar bir neçə ay sürdü. Sultan Süleymanın cəsədini müqəvva kimi mindirmişdilər ata, dik dayanıb gedirdi atla. Guya zəfərlə qayıdır. Halbuki iki aydır ölüb... O müddətdə şahzadə Səlimi onun yerinə hazırladılar. Sonra dedilər, padşahımız ölüb. Yəni hər dövrün öz xüsusiyyətləri var. Feodalizm, orta əsrlər, xanlıqlar dövrü qan-qadadır, cəzalardır, müxtəlif üsullarla məhv etməkdir. Biz xoşbəxtik ki, bunları görməmişik».

KİTABDA DAHA NƏLƏR VAR?

Aparıcının «Münşinin kitabında daha nələr var» sualını kitabın tərcüməçisi belə cavabladı: «Kitabda mükəmməl İran tarixi, Xorasan tarixi var. Azərbaycan tarixi də çox geniş verilib. Şirvan, Gürcüstan, Əfqanıstan, Hindistan, Böyük Moğollar İmperiyası, oranın sultanları da var. Çox böyük hissə Osmanlı səltənətinə və Kürdistana ayrılıb. Bu yerlərin çoxunda Şah Abbas da olub, İsgəndər bəy Münşi də. Yəni çox böyük əraziləri əhatə edən məmləkət və imperiya. İmperiyanın başında da duran Şah Abbasdır».

«KİTABDA ŞAH ABBASIN ŞEİRLƏRİ DƏ VAR, MÜNŞİNİNKİLƏR DƏ...»

Professor kitabda Şah Abbasın şeirlərinin də verildiyini bildirdi: «Şah Abbasın az şeiri var. Şah İsmayıl kimi «Divan»ı olmayıb. Burada bir-iki rübaisi var. Münşinin də türkcə rübaisi və farsca şeirləri var. Döyüşlərin təsvirləri var. Maddeyi-tarixlər var. Dövrün alimləri, şairləri, dövlət xadimləri, əmirlər, vəzirlər, dövlətin ictimai, iqtisadi və siyasi məsələləri haqqında geniş məlumatlar var».

«2 KİTABDA 3 CİLD YERLƏŞİB»

Şahin Fərzəliyev birinci kitabın 2010-cu ildə çıxdığını bildirdi: «Dünyanı bəzəyən Abbasın tarixi» 3 cilddir. Birinci kitab cildyarımdır. O kitab 2010-cu ildə çıxıb. İkinci kitab bir neçə ay öncə - 2014-cü ilin axırında. Qəribə burasıdır ki, İsgəndər bəy Münşi bu kitabı 14 ilə yazıb. Mən də 14 ilə tərcümə etmişəm. Ağırdır. Dünən mən Akademiyanın vitse-prezidentinin yanında oldum. O mənə dedi ki, bu iş bir institutun görəcəyi işdir. Sən necə bacardın? Orta əsrlər dilidir. Ağırdır».

«KİTAB BAŞDAN-BAŞA AZƏRBAYCANDIR»

Şahin müəllim kitabın tirajının az olduğunu dedi: «Satışa çıxmayacaq. Tirajı çox azdır. Birinci kitab 500 nüsxə, ikinci kitab 300 nüsxə çıxıb... Azərbaycanda, azı, 1500 kitabxana var. Heç 10-dan birinə çatmayacaq. Mənim yanıma çoxlu adam gəlir, kitab istəyirlər. O gün yazıçı Əfqan gəlmişdi. Deyir Şah Abbas haqqında roman yazmaq istəyirəm. Öz nüsxəmi verdim ona. Kaş belə kitablar 10 min tirajla çıxaydı. Alimləri, tarixçilərin, jurnalistlərin, oxucuların ixtiyarında olaydı. Çox maraqlı kitabdır. Başdan-başa Azərbaycandır. XVI-XVII əsrin Azərbaycan tarixidir, Şirvandır, Dərbənddir, bizə yaxın torpaqlardır. Təəssüf ki, Tarix İnstitutunun çap imkanları zəifdir. 500 nüsxə kimə çatacaq? Azı 10 min nüsxə çıxmalıdır.İndi mən Həsən bəy Rumlunun «Əhsənüt-təvarix» kitabının birinci cildini tərcümə edib bitirmişəm - min səhifədir. Düşünürəm, bu kitablar 300-500 çıxanda, yəqin «Əhsənüt-təvarix» 100 nüsxə çıxar... Belə kitabların qədrini bilmək lazımdır».

ŞAH ABBAS ÖZ ƏCƏLİYLƏ ÖLÜB?

Şahin Fərzəliyev bunu «müəmma» adlandırdı: «Münşi onun öldürülməsi barədə yazmır. Şah Təhmasib də zəhərlənib öldürülüb, amma müəllif yaza bilməz bunu. Münşi yazır ki, Şah Abbas möhkəm xəstələndi. Bir neçə ay yataqda qaldı və sonra vəfat elədi. Həsən bəy Rumlu Şah Təhmasib haqqında yazır ki, özünü xəstələnmiş kimi göstərdi ki, öyrənsin-bilsin, əmirlər özlərini necə aparacaqlar?Oğlanları neyləyəcəklər? İki-üç aydan - ona hər şey məlum olandan sonra «sağaldı». Cəzalandırılmalı adamları cəzalandırdı. Üstündən iki il keçdi, şah doğrudan xəstələndi... Bilmirdi ki, öləcək. Vəliəhd təyin edə bilmədi. Amma Şah Abbas qardaşoğlunu vəliəhd təyin etdi. Məncə, Şah Abbas öldürülməyib. Vəliəhd təyin edibsə, demək, öz əcəliylə ölüb».

«ŞƏRQŞÜNASLAR YETİŞDİRMƏK LAZIMDIR»

Sonda Şahin Fərzəliyev bir məqama toxundu: «Arzu edərdim ki, ölkədə şərqşünaslar çox olsun. Bizim tariximiz farsca-ərəbcə yazılıb. Hətta XIX əsrdə Abbasqulu Ağa Bakıxanov «Gülüstani-İrəm»i farsca yazdı. Fars dili vasitəsilə daha geniş yayılırdı. Azərbaycanlılar farsca yazırdılar. Şah İsmayılın böyük qüdrətiydi ki, «Divan»ı Azərbaycanca yazdı. Amma Yavuz Sultan Səlim «Divan»ını farsca yazdı... Qısqanc yanaşmaq lazım deyil. Dövrün yazı ənənələri ərəb və fars dilində idi. Ona görə, tarixçilər də, şairlər də əsərlərini ərəbcə-farsca yazırdılar. Bizim Tarix İnstitutunda fars dili bilən yeganə adam mənəm. Şərqşünaslar yetişdirmək lazımdır».

XS
SM
MD
LG