Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Əgər sən prezident təqaüdünə layiqsənsə...


Azad Qaradərəli
Azad Qaradərəli

-

Əgər bunlar prezident təqaüdünə layiqdirlərsə, niyə boyunlarına minnət qoyursunuz, bunlara tutuquşu kimi eyni sözləri təkrarladırsınız: “əməyi keçənlərə təşəkkür, minnətdarlıq...”

Azad Qaradərəli

GƏNCLƏRƏ AÇAQ BÜTÜN QAPILARI, AMMA...

Biz də gənc olmuşuq. Fəqət elə dövrə düşüb ki gəncliyimiz, azad sözün, azad insanın nə anlama gəldiyini belə doğru-düzgün bilməmişik.

Pis başa düşməyin. Bədii yazılarında üstüörtülü olsa da diktaturanı, senzuranı, qeyri-insani məsələləri tənqid edənlər, əlləri vəzifəyə çatan kimi özləri öz yazdıqlarının əleyhinə getməyə başladılar. Nə yazıq ki, hansına inanacağımızı kəsdirə bilmirdik.

Amma ortada rus ədəbiyyatı nümunəsi vardı. Tüpürdüyünü yalamayan ədiblər öz sözlərini sonacan deyə bilirdilər. Bəlkə elə buna görədir ki, bizim ədəbiyyatımızda Brodski, Soljenitsın, Pasternak, Platonov, Dovlatov yetişmədi. (Əslində bizdə də bu səviyyəli yazıçılar vardı. Məsələn, Sabir Əhmədli, Eldar Baxış... Amma onlara münasibət göz qabağındadır. Başqa haqsızlıqlar öz yerində, amma əsərləri Prezident Fərmanıyla çap edilən kitabların siyahısına salınmadı belə.)

Əslində bu yazının yazılmasının başlıca səbəbi var. Bir qrup gəncə prezident təqaüdü verilib və onlardan müsahibə alan jurnalist (o özü də gəncdir və deyəsən haçansa o da bu təqaüdü almışdı) sanki elə danışdırıb ki, hamısı təşəkkür və minnətdarlıq hissini ifadə edib. Birinci buna etiraz etmişdim. Niyə axı bunları belə danışdırırsınız? Əgər bunlar o təqaüdə layiqdirsə, niyə boyunlarına minnət qoyursunuz, bunlara tutuquşu kimi eyni sözləri təkrarladırsınız: “əməyi keçənlərə təşəkkür, minnətdarlıq...”

Bütün qapıları gənclərin üzünə açın, amma onları mədhiyyəçi etməyin. Onları təşəkkür və minnətdarlığa öyrətməklə, ruhlarına toxunur, sərbəst düşüncələrinə çəpər çəkirsiniz.

Gənclərdən biri isə daha çox irəli gedərək demişdi: " Öz zəif qələmimə verilən böyük dəyər məni özümdən böyük məsuliyyətin altına saldı." Bu cümləni Facebook səhifəmdə yazdığım şərhdə belə qiymətləndirmişdim: "Bir qrup gəncin prezident təqaüdünə layiq görülməsi məni də sevindirdi.(Baxmayaraq ki, heç birini tanımıram.) Amma onlardan birinin bu cür fikir səsləndirməsindən (yuxarıdakı cümlə nəzərdə tutulur) təəssüf hissi keçirdim.”

Yazdığım bu fikirlər sosial şəbəkədə dartışmaya səbəb oldu, həmin cümlənin müəllifi (Ramil Mərzili) isə daha sərt təpki verdi. Bəs mən əslində nə demişdim?

Mən də bu ifadəyə - öz qələmini aşağılamağa etiraz etmişdim statusumda. Həmin gənc də mənə etiraz edib ki, bəs mən bu cür düşünməkdə haqlıyam və sair...

Deyəsən, əlavə aydınlıq gətirməyə ehtiyac var: mən tələbələrimə və yaradıcı gənclərə həmişə özünə vurğunluqdan çəkinməyi məsləhət görmüşəm. Lovğalıq və özünə vurğunluq yaradıcı adamı bitirər. Amma.. Amması o ki, hər bir yazar, istər gənc olsun, istər yaşlı, özünə və yazdığına inanmalı, yazdığını lazım gələndə müdafiə etməyi bacarmalıdır. Özünə inam başqa, ozünə vurğunluq bir başqa şeydir. Ədəbiyyatımız uzun illərdir ki, inamsızların (həm də imansızların) əlində əsir-yesirdir. Bu qədər. Gənclərə bir daha uğurlar arzulıayıram.

S.A. (Söz ardı)

Hətta tələbələrimə belə bir fikir də söyləmişdim: əgər sizin yazdığınızı hamı dayanmadan tərifləyirsə, özünüzdən şübhələnin! Demək, nəsə yerində deyil. Yazılarınıza yad adam kimi nəzər salmağınız lazımdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG