Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:48

Yadigar Sadıqov: "Artıq 10 dəftər gündəlik yazıb evə yollamışam" (Müsahibə)


Yadigar Sadıqov, 2010
Yadigar Sadıqov, 2010

-

"Əsas məşğuliyyətim kitab oxumaqdır"

"Uduzmağı bacarmayanlar müxtəlif bəhanələrlə Müsavatı tərk edirlər, ya da o qədər ifrata varırlar ki, xaric olunurlar..."

"Barəmdə zarafatlar gəzir: “Kriminal aləmdə “müəllim” ləqəbi ilə tanınır...”​

Həbsdə olan Müsavat fəalı Yadigar Sadıqovla müsahibə

- Yadigar bəy, son illərdə həbsə düşənlər arasında ən pozitiv olan, hətta həbsdə zarafatlar etməyi bacaran məhbus siz oldunuz. Bunu sizin son dovrlər mətbuatda gedən yazılarınızdan aşkar görmək olur. Bu pozitivliyi nəyə borclusunuz?

- Cavabım paradoksal olacaq: pozitivliyə görə həyatımdakı neqativliklərə borcluyam. Çoxdan anlamışam ki, çətinlikləri pozitiv əhval ruhiyyə ilə daha asan yola vermək olar, nəinki giley və sitəmlə. Həbsdən yazdığım məqalələrdəki pozitivliyin isə xüsusi hədəfi var.Axı yazdıqlarımı ailə üzvlərinin taleyindən narahat olan dostlar da oxuyur. Bu həm də onları sakitləşdirmək üçündür.

- Məhbus kamera yoldaşlarınız əsasən kimlərdi və onlarla münasibətiniz necədir?

Milli Şuranın mitinqi, 12 oktyabr 2014
Milli Şuranın mitinqi, 12 oktyabr 2014

- Cəzaçəkmə müəssisəsində kamera şəraitində saxlanılırıq. Buradan hərəsinin öz yataqxanası olan dəstələrə bölünürük. Lakin yuxu vaxtı istisna olmaqla digər dəstələrdəki yüzlərlə məhbusun hər biri ilə ünsiyyət imkanı mövcuddur.

Bu baxımdan, burada müəyyən seçim imkanı var. Əgər təcridxanada kameradakılarla qeyri-ixtiyari yoldaşlığa məcbursansa, cəzaçəkmə müəssisəsində oturub-durduqlarını özün seçirsən. 14 saylı CÇM-də böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdə təqsirli bilinənlər cəza çəkir.

Yadigar Sadıqov və İsa Qəmbər
Yadigar Sadıqov və İsa Qəmbər

Bu kateqoriyalara aid müxtəlif qanun pozuntularına görə həbs olunanlar var. Lakin narkotik və oğurluğa görə tutulanlar çoxluq təşkil edir. Böyük çoxluq ilk dəfə məhkum olan gənclərdir. Mənə münasibətləri kifayət qədər hörmətlidir. Az qala hamısı adımla deyil, “müəllim” deyərək xitab edirlər. Hətta “kriminal aləmdə “müəllim” ləqəbi ilə tanınır” deyib zarafat edənlər də olur.

- Bəzən intellektual, savadlı məhbuslar kamera yoldaşlarına nələrsə öyrədir, onlara insani dəyərlər, ideyalar aşılayır. Siz məhbus yoldaşlarınıza nə danışırsınız?

- Şəxsimi intellektual saydığınıza görə təşəkkür edirəm. Salman bəy demişkən, adamın ürəyinə yağ kimi yayılır. Oysa, başqanlıq yarışımızdakı seçimimizə görə bəzi dostlar adımızı “qaragüruh” qoyub. Təəssüf ki, həbsdəki gəncliyin səviyyəsi heç də qənaətbəxş deyil. O səbəbdən intellektual söhbətlər az olur. İmkan daxilində ibtidai davranış qaydalarını, hərəkət tərzini təbliğ edirəm. Narkotiklərin gətirdiyi bəlaları təsvir edirəm. Hərdən yaxşı həmsöhbətə də rast gəlirəm. Bu zaman tarixi, siyasi, dini mövzularda fikri mübadiləmiz olur.

- Həbsdə olanların ailələri çox zaman diqqətsizlikdən gileylənirlər. Ailənizə kifayət qədər diqqət göstərilirmi?

- Şikayətim yoxdur. Müsavat Partiyası da, bəzi dostlar da bacardıqları qədər diqqət ayırırlar.

- Müsavatdakı Başqan seçimini və sonra baş verən istefaları necə qarşıladınız?

Yadigar Sadıqov məhkəmədə (ayaq üstdə), 2013
Yadigar Sadıqov məhkəmədə (ayaq üstdə), 2013

- Ürək ağrısı ilə. Gənc yaşlarımdan zirvədə tutduğum adamların oradan çırpılaraq çilik-çilik olmasını müşahidə etmək çox üzücü idi.

Lakin problem təkcə partiyanın daxili ilə məhdudlaşmır. Müsavat Partiyası keçirdiyi seçki ilə cəmiyyətə böyük bir demokratiya örnəyi göstərdi. Hakimiyyətin bundan üşənməsi anlaşılandı və onun rəsmi sözçülərinin dediklərini kənara qoyuram.

Yadigar Sadıqov (sağda) və Hikmət Hacızadə
Yadigar Sadıqov (sağda) və Hikmət Hacızadə

Lakin demokratik düşərgəyə mənsub olduğunu iddia edən bir çox fəallardan, yazarlardan, Müsavatın demokratiya nümunəsini dəstəkləməsini ummağa haqqımız var idi. Axı danılmaz faktdlr ki, bu gün ölkədə nəinki bundan yaxşı, hətta buna yaxın demokratik performans göstərəcək bir təşkilat yoxdur.

Digərlərində vəzifələr təyinatla tutulur, seçki, gizli səsvermə anlayışı mövcud deyil. Buna görə də, ümid etmək olardı ki, yuxarıda sadaladığım şəxslər Müsavatın örnəyini digər təşkilatlara təbliğ edəcəklər. Onları Müsavata qatılmağa səsləyəcəklər. Nə yazıq ki, belə olmadı, burada da xəyal qırıqlığı yaşandı. Onlar prosesin təbliği əvəzinə, nəticələrin siyasi təftişi ilə məşğul oldular; reaksiyalarında dəyərlərə sadiqliyin deyil, şəxslərə simpatiya və antipatiya hissləri, Müsavatı zəif görmək arzusu rol oynadı.

Bununla belə, şübhə etmirəm ki, Müsavat Partiyasının göstərdiyi nümunə yaxın gələcəkdə daha obyektiv qiymətini alacaq. Bu gün hər seçkidən sonra itkilərlə üzləşirik. Uduzmağı bacarmayanlar müxtəlif bəhanələrlə partiyanı tərk edirlər, ya da o qədər ifrata varırlar ki, xaric olunurlar. Lakin əminəm ki, bu itkilərin yeri tezliklə dolacaq. Müsavatın sözdə deyil, gerçəkdə, anti-demokratik rejimə alternativ olduğunu görənlər partiyaya üz tutacaq, özləri ilə yeni ab-hava gətirəcəklər. Çünki demokratlıq mövcud rejimə müxalif olmaqla məhdudlaşmır. Demokratlıq bəyan etdiyin demokratiya dəyərlərə riayət etməkdir ki, hələ ki, Müsavatdan savayı bunu isbatlayan təşkilat yoxdur.

Yadigar Sadigov
Yadigar Sadigov

- Məhbusluq həm də zaman bolluğudur. Xeyli kitab oxumaq olur.

Bu illər ərzində hansı kitabları oxumusunuz?

- Haqlısınız, mütaliə burada əsas məşğuliyyətimdir. Azadlıqdakı dostlar kitab göndərirlər.

Yadigar Sadıqov
Yadigar Sadıqov

Belələri arasında son 2-3 ay ərzində S.Suvorovun SSRİ, M. Aydoğanın Türkiyə tarixinə həsr olunmuş kitablarını, sizin şeirlərinizdən, Seymur Baycanın hekayələrindən (rus dilində) ibarət kitabçaları oxumuşam.

Cəzaçəkmə müəssisələrinin kitabxanaları da son dövrlərdə Azərbaycan dilinə çevrilmiş bir çox əsərlərlə zənginləşdirilib. 2015-ci il başlayandan E.M.Remarkın, Kamyunun, Bulqakovun Azərbaycan dilində seçilmiş əsərlərini oxumuşam. Hazırda isə CAR yazıçısı Con Maksvel Kutzeenin 4 romanının daxil edildiyi kitabın mütaliəsinə başlamışam. Deyim ki, azadlıqda olduğum son illərdə bədii ədəbiyyata vaxt ayıra bilmirdim. Boş vaxtım olanda da siyasi və tarixi ədəbiyyata üstünlük verirdim. Burda isə həmin çatışmazlığı aradan qaldırmağa çalışıram.

- Ən çox kimdən, nədən ötrü darıxırsınız?

- Ən çox darıxdığım kimlərin və nələrin siyahısı kifayət qədər genişdir. Lakin seçimdə israr etsəniz atamı və Lənkəranı deyərəm. Digər ailə üzvlərimdən fərqli olaraq atamın yaş və səhhəti görüşümə gəlməyə imkan vermir. Onunla sonuncu dəfə 2014-cu ilin yanvarında Lənkəranda mənə hökm oxunan günün ertəsi görüşmüşdüm. Artıq 1 il 3 aydan çox vaxt keçib. Lənkərandan da heç vaxt bu qədər uzun müddət ayrı düşməmişdim. Hətta hərbi xidmət zamanında məzuniyyətim olmuşdu. Çox darıxmışam ora üçün.

- Sizi həbsxanada əməkdən imtina etməkdə ittiham edirdilər. Bu söhbətin sonu nə oldu? Hələ də nəyəsə məcbur etmək istəyirlər?

Yadigar Sadıqov
Yadigar Sadıqov

- Əslində, məcburiyyət yoxdur. Sadəcə, məhkəməyə müraciətimi rədd etmək üçün bundan bəhanə kimi yararlanırlar. Belə ki, bu sahədə qanunvericiliklə gerçəklik arasında uyğunsuzluq mövcuddur.

Həqiqətən də cəzaların icrası məcəlləsi məhkumların cəza növünün dəyişdirilməsində və ya vaxtından əvvəl şərti azadlığa buraxılmasında həbsdə əmək fəaliyyəti ilə məşğul olmalarının nəzərə alınmasını tələb edir. Lakin həmin məcəllə həm də belə fəaliyyət üçün istehsalat sahələrinin varlığını nəzərdə tutur. Halbuki, gerçəklikdə ölkənin heç bir cəzaçəkmə müəssisəsinin istehsalat sahəsi yoxdur. Bu da cəza növünün dəyişdirilməsi və ya şərti azadlığa buraxılma müraciətlərinə məhkəmədə baxış zamanı sui-istifadələrə yol açır. İstəsələr, əmək fəaliyyətinin olmamasını bəhanə edərlər. Özünü “yaxşı aparsan” müsbət nəticəyə nail olarsan. Bu zaman siyasi məhbusla digər məhbusların “yaxşı davranış” qaydaları da fərqlənir. Zənnimcə, bu qaydaları izah etməyə ehtiyac yoxdur.

- Həbsxana gündəlikləri yazmağı düşünürsünüzmü?

- Həbsimdən qısa müddət sonra gündəlik tutmağa başlamışam. Artıq 10-a qədər ümumi dəftəri doldurub evə göndərmişəm.

Günel Mövlud

XS
SM
MD
LG