Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:37

Azərbaycan proletariatı birləşə bilmir


Azərbaycan sağa baxsın, ya sola?
Gözlə

No media source currently available

0:00 0:07:58 0:00

Azərbaycan sağa baxsın, ya sola?

-

Mayın 1-i Sovet dövründə qeyri-iş günüydü. Günün birinci yarısı rəsmi şəkildə, gül-çiçəklə, şüarlarla, nümayışlə, özü də minlərin qatıldığı nümayişlə qeyd edilərdi. Burda işçilərin durumu ilə bağlı hər hansı etiraz, narazılıq səslənməzdi. Dünya proletarlarına yönəlik şüarlar dilə gətirələrdi, vəssalam.

Dinc yürüş bitərdi və... Günün ikinci yarısında kimi ailəliklə, kimi də öz çevrəsiylə bu günü təbiət qoynunda başa vurmağa çalışardı. Sovetlər dönəmində 1 May bəlkə də yeganə rəsmi bayramıydı ki, bu qədər həvəslə və elliklə qeyd olunardı. Bəlkə səbəb bir neçə saat davam edən yürüşlərdəki qeyri-iş atmosferi, zarafatlar, söhbətlər, bəlkə də bayramın yaza təsadüf etdiyindən insanların təbiət qoynuna can atması idi.

BİR NEÇƏ NƏFƏRLƏ KEÇİRİLƏN 1 MAY

Ancaq sovetlərin süqutundan sonra 1 May Azərbaycanda rəsmi bayram kimi ləğv edildi. May bayramı ilə bağlı ənənələr də unuduldu. 24 il sonra Azərbaycanda bu günü Kommunist Partiyası qeyd edib, o da bir neçə nəfərlə «Bakı Fəhləsi» abidəsi önündə. Sıravi kommunist Əhməd Rəhmanov deyir ki, daha hökumət bu bayramı keçirməyə imkan vermir.

Kommunistlər 1 May bayramına toplaşdılar -- 2015
Kommunistlər 1 May bayramına toplaşdılar -- 2015

«Azərbaycanda buna imkan vermədilər. Qorxurlar ki, camaat birləşər. Düzdür, aksiya icazəli idi. Biz sovetin qırmızı bayrağını abidəyə - fəhləyə sancmaq istədik, imkan vermədilər. Dedilər ki, yox, Azərbaycanın bugünkü bayrağı deyil, sancmaq olmaz. Kiçik bir aksiya oldu. Bu gün rəsmi iş günüdür, ona görə üzvlərimiz bizə qoşula bilmədi. Fəhlə işdən qaçıb aksiyaya qoşulsa, işdən çıxararlar» - deyir həmsöhbətimiz.

Əhməd Rəhmanov təəssüflənir ki, Azərbaycan proletariatı birləşə bilmir. Bu zümrənin yetərincə problemi olsa da: «Ən böyük problem işsizlik, hüquqların tapdanmasıdır, həmkarlar ittifaqının sözdə yox, kağız üstündə olmasıdır».

«SƏTTAR MEHBALIYEV, DOSTUMDUR, MƏNDƏN İNCİMƏSİN»

Partiya sədri Telman Nurullayevə görə, ən başlıca problem maaşların azlığı, iş saatının çox olmasıdır: «Biz Avropaya can atırıq. Ancaq neft ölkəsi üçün bizim maaşlar çox aşağıdır. Fəhlənin, əliqabarlı kəndlinin maaşı normal həddə olmalıdır. İndiki devalvasiya şəraitində bazar od tutub yanır. Kompensasiya etmək lazımdır. 3 milyon adamımız xaricdə işləyir. Radikal, köklü addımlar atılmalıdır. İkincisi də, bizdə tibbi sığorta yoxdur demək olar ki. Gürcüstanın büdcəsi bizdən dəfələrlə azdır, ancaq bizim fəhlələr sığortalanmır. Buna çalışırıq».

Telman Nurullayevin üzərində dayandığı başlıca problem həmkarlar ittifaqı ilə bağlıdır:

Telman Nurullayev
Telman Nurullayev

«Səttar Mehbalıyev mənim dostumdur, inciməsin, Azərbaycanda həmkarlar ittifaqı yoxdur. Belə həmkarlar ittifaqı olmaz! Həmkarlar ittifaqı fəhlənin, əməkçinin keşiyində durmalıdır. Ancaq bizdəki qanunvericilik işəgötürənə elə səlahiyyət verib ki, fəhləni, istəsə, 15-20 saat işlədə bilər. Bu qanuna nə Həmkarlar İttifaqları Konfederasiyasının sədri olan, Milli Məclisdə oturan Səttar Mehbalıyev reaksiya verdi, nə də ki, başqa deputatlar. Belə şey olar, sən camaatı 12 saat işlədəsən? Bütün dünya 8 saatlıq iş üçün inqilab edib, başqa şey üçün yox. Çikaqo fəhlələri mayın 1-də 8 saatlıq iş üçün etirazlara başlayıb. İş insanın cövhəridir, ancaq 12 saat işlətmək olmaz. Həmkarlar bununla ciddi məşğul olmalıdır, əfsus ki, çevrilib olub dövlət strukturu. Bunu artıq həmkarlar ittifaqı da adlandırmaq olmur».

KONFEDERASİYA: «DEYİRSİZ MÜTLƏQ PROBLEM OLMALIDIR»

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tənqidləri qəbul etmir. Onun rəhbəri Səttar Mehbalıyev Azərbaycanda olmadığı üçün Konfederasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirovla danışdıq. Onun tənqidlərə cavabı:

- Onlar fikirlərini ifadə etməkdə azaddırlar, bu da onların mövqeyidir. Biz belə hesab etmirik.

- Axırıncı dəfə Konfederasiya işçilərin hansı problemini hökumət qarşısında qaldırıb? Məsələn, manatın devalvasiyası getdi. Bununla bağlı hökumətə hər hansı təkliflə müraciət etdinizmi?

Gürcüstanda həmkarlar ittifaqlarının yürüşü - 2011
Gürcüstanda həmkarlar ittifaqlarının yürüşü - 2011

- Həmkarlar İttifaqları Konfederasiyası hökumətin qarşısında müntəzəm olaraq müəyyən məsələləri qaldırır. İki ildən bir Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarların Milli Konfederasiyası üçtərəfli saziş imzalayırlar. İşçini narahat edən bütün məsələlər Baş Kollektiv Sazişdə öz əksini tapır. Bu sazişin yerinə yetirilməsinə Konfederasiya nəzarət edir, əks halda hökumət qarşısında məsələ qaldırır, həllinə çalışır.

- Axırıncı dəfə hansı məsələni qaldırmısınız? Bir nümunə gətirə bilərsiniz?

- Yox, siz deyirsiniz mütləq problem olmalıdır. Baş Kollektiv Sazişin imzalanması ona xidmət edir ki, partlayışa səbəb olan problemlərin qarşısı alınsın. Bu mənada sazişin bütün müddəalarının yerinə yetirilməsinə nəzarət edilir. Devalvasiyadan danışdınız, bu axı, tək fəhlənin yox, hamının, bütün təbəqələrin, istər varlının, kasıbın mənafeyinə toxunub.

- Azərbaycan zəhmətkeşinin, Azərbaycan fəhləsinin ən böyük problemi nədir, sizcə?

- Bu, abstrakt, geniş əhatəli cavab istəyən sualdır. Zəhmətkeş kimdir, insandır. Bütün insanlara xas olan dərd-sər, qayğı zəhmətkeşə də aiddir.

Mayın 1-i rəsmi şəkildə qeyd edilməsə də, yəni işçinin problemləri bu gün önə çəkilməsə də, sosial şəbəkələrdə may təbrikləri az-az səslənməkdədir. Məsələn, köşə yazarı Elnur Astanbəyli yazır: «Neft pulu oğurlamayan, qul haqqı yeməyən, məzlumun ahını almayan, xalqın cibinə girməyən, rüşvətlə yaşamayan, evinə yalanla, yaltaqlıqla, işverənliklə, günahsızları şərləməklə çörək aparmayan hər kəsin 1 mayı qutlu olsun!».

Mayın 1-nin Beynəlxalq Əmək Günü kimi qeyd edilməsi haqda qərar II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib.

XS
SM
MD
LG