Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:38

Ata: "Övladım məmur balasının təqsirinə görə cəzalandırılarsa..."


Arxiv fotosu
Arxiv fotosu

-

“Prezident məmurları yığıb tənbeh etdi. Xəbərdarlıq etdi ki, qulağıma gəlib çatır, məmur övladları çox qudurğanlıq edir. İndi həmin vəziyyətdir. Mənim övladım bir məmur övladının “avtoş”luğunun qurbanına çevrilib. Daha doğrusu, iki nəfər bu qurbana çevrilib. Biri mənim oğlum, hansı ki onu həbsxana gözləyir. Biri də bir iş adamının balası – hansı ki, qəbirdədir. Kasıb adamlarıq, oğlum günün 18 saatını işləyirdi, aldığı qəpik-quruşla iki azyaşlı balasını zorla saxlayırdı. 8 aydan çoxdur işsizdir, qalmışıq məhkəmə yollarında. Oğlumu həbs etmək istəyirlər. Başçının oğlu “avtoşluq” edib, nəticəsə ölüm baş verib. İndi onun cinayətini oğlumun üstünə yıxmaq istəyirlər”.

"PROKUROR MAKSİMUM CƏZA İSTƏYİB"

Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir məhkəmə prosesi keçirilir. Daha doğrusu, proses yekunlaşmaq üzrədir. Söhbət Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin məhkəməsindən gedir. İttihama görə, yetkinlik yaşına çatmayan İlham Əsgərli qanunsuz və yüksək sürətlə idarə etdiyi avtomobillə Zığ-aeraport yolunda qəza törədib. Nəticədə maşında olan sinif yoldaşı Sənan Mirzəyev həlak olub. Maşını idarə etməli olan sürücü Pərvin Fətullayev isə yaralanıb.

AzadlıqRadiosunun “Qaynar xətt”inə danışan isə İlham Əsgərli ilə bərabər mühakimə olunan digər avtomobilin sürücüsü Əhliman Süleymanovun atası Qəhrəman Süleymanovdur. Prokuror İlham Əsgərliyə 6 il 6 ay, Əhliman Süleymaova 6 il cəza istəyib. (Hazırda hər ikisi zamindədir). Əhliman Süleymanovun atası hesab edir ki, məhkəmə məmur övladının törətdiyi cinayəti onun kasıb oğlunun üzərinə qoymaq istəyir.

"Elə lk gündən prokuror özünü İlham Əsgərlinin müdafiəçisi kimi aparır. Elə çalışır ki, bu cinayətə görə mənim oğlum cəzalandırılsın. Hər şeyi oğlumun üstünə atırlar. Əvvəlki elspertiza rəylərindən görünür ki, təqsir məmur balasında olub. Ancaq məhkəmə vaxtı təkrar ekspertiza təyin etdilər və alınan rəydə göstərildi ki, guya qəza mənim oğlumun yolda manevr etməsi nəticəsində baş verib".

Məhkəmə ifadələrindən bəlli olub ki, ötən il sentyabrın 27-də İlham Əsgərli sinif yoldaşı Sənan Mirzəyevlə birlikdə istirahət etmək üçün Mərdəkana yollanıblar. “Mercedes-Benz” markalı avtomobili İlham Əsgərlini evdən götürən sürücü Pərvin Fətullayev idarə edirmiş. Zığ-aeraport yolunda İlham Əsgərli sükan arxasına keçərək maşını özü idarə edib. Yüksər sürətlə idarəetmə nəticəsində maşın həmin yolda hərəkət edən “Howo” markalı yük maşını ilə toqquşub. Qeyd olunduğu kimi, nəticədə maşında olanlardan biri – Sənan Mirzəyev həyatını itirib.

"OĞLUM A"VTOŞ"LUĞUN QURBANI OLUB"

Hələ məhkəmə başlayan gündən Sənanın atası, “Mc Donald’s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyev hadisədə İlham əsgərlini təqsirkar bilir. O, hesab edir ki, yaralı övladı baxımsız qaldığından və vaxtında yardım göstərilmədiyindən həyatını itirib:

"Mən həmin vaxt Azərbaycanda olmamışam. Hadisədən sonra oğlum xəstəxanada yiyəsiz qaldığına görə həyatını itirib. Ancaq öz övladlarını xaricə müalicəyə aparıblar. Oğlum lotuluğun, avtoşluğun, azyaşlı uşağın sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinin qurbanı olub ".

İlham Əsgərlinin vəkili Bəylər Məmişovsa razılaşmır:

"Sənan Mirzəyevlə İlham Əsgərli sinif yoldaşı və uşaqlıqdan dost olublar. İlham istəməzdi ki, belə bir faciə baş versin. Bu, sırf qəzadır, hər kəsin başına gələ bilərdi. İlham istəyirdi ki, sinif yoldaşı isə istirahət etsinlər. Axı hardan biləydi ki, başlarına belə qəza gələcək? Yaralının baxımsız qalması ilə bağlı deyilənlərə gəlincə, Sənan xəstəxanaya çatdırılandan sonra çox yaşamayıb. Onun həyatını xilas edə bilməyiblər. İlhamın dostları, yaxınları xəstəxanaya çatanda Sənan artıq keçinmiş olub. İlhamın xaricə aparılmasına gəlincə, bu, hadisədən 3 gün sonra olub. "Semaşko" xəstəxanasında həkimlər əllərindən gələni edəndən sonra İlhamın ailəsinə məsləhət görüblər ki, onun sağalıb ayağa qalxması üçün xəstəxanada lazımi avadanlıqlar olmadığından xaricə aparsınlar, orada müalicə etdirsinlər".

ATA XƏBƏRDARLIQ EDİR...

Əhliman Süleymanovun vəkili İlqar Musayev deyir, ona təqsirləndirildiyi maddə üzrə cəzanın maksimum həddi istənilib, yüngülləşdirici hallar nəzərə alınmayıb:

“Prokuror bir tərəfdən yüngülləşdirici halları sadaladı, o biri tərəfdən cəza istəyəndə bu halların heç birini nəzərə almadan maddədə nəzərdə tutulmuş maksimum cəza həddini istədi. Həmin maddədə cəza 2 ildən 6 ilədək göstərilir ki, prokuror ən yüksək həddi tələb etdi. İlham Əsgərlinin maddəsində isə yüngülləşdirici hallar nəzərə alındı. Ona verilən maddədə cəza 4 ildən 8 ilədək nəzərdə tutulurdu. Prokuror 6 il 6 ay istədi. Artıq buradan məmur övladı ilə kasıb balasına göstərilən fərqli münasibət göz qabağındadır”.

Sonuncu məhkəmə iclasında zərərçəkmiş tərəf məhkəməyə və dövlət ittihamçısına etiraz edib. Zərərçəkmiş tərəf vəsatəti belə əsaslandırıb ki, məhkəmə və ittiham tərəfi təqsirləndirilən şəxs, məmur övladı İlham Əsgərlini açıq-aşkar müdafiə edir və necə deyərlər, "sudan quru çıxarmağa" çalışır. Məhkəmə isə etirazə təmin etməyərək sözü dövlət ittihamçısına verib. Dövlət ittihamçısı təqsirləndirilənlərə məlum cəzanı tələb edib.

Mayın 12-də hakim hökmü elan etməlidir. Əhliman Süleymanov deyir, oğlu həbsə alınarsa, etirazını belə bildirəcək:

"Övladımın da iki azyaşlı və xəstə övladı var. 8 aydır başımızı məhkəmə, get-gəllə qatıblar. Oğlum işini itirib. Bir nəvəmin gözü müalicə olunmasa tamamilə tutulacaq. O həbsə getsə, övladlarını saxlayıb böyütmək imkanımız yoxdur. Bircə yolum qalıb, əgər başçının oğlunun törətdiyi əmələ görə mənim oğlum həbsə düşsə, elə hökm çıxan kimi məhkəmədən birbaşa Səbail rayon İcra Hakimiyyətinin qarşısına gedib oradaca özümü yandıracam".

XS
SM
MD
LG