Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:49

Xədicə İsmayıl: «Jurnalist həmkarlarımdan araşdırma yazılar gözləyirəm»


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

«Jurnalist həmkarlarımdan araşdırma yazılar gözləyirəm. Yaxşı araşdırma yazıları oxumaq istəyirəm».

Bunu mayın 12-də keçirilən məhkəmədə araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib. Proses Bakı Apellyasiya Məhkəməsində keçirilib. Müdafiə tərəfi prosesin istintaqla keçirilməməsindən kasasiya şikayəti veriblər. Ötən prosesdə onlar məhkəmənin qismən istintaqla aparılması ilə bağlı vəsatət qaldırmışdılar, məhkəmə bu vəsatəti təmin etməmişdi.

Hakim vəkillərin Ali Məhkəməyə ünvanladığı bu şikayətə baxılanadək prosesi qeyri-müəyyən vaxta təxirə salıb.

Məhkəmədə Xədicə İsmayıl hakimə müraciət edərək deyib ki, bu işlə bağlı onun vəkili ilə görüşünə icazə verilmir. Hakimdən bu problemə aydınlıq gətirməsini istəyib. Hakim isə vəkili ilə görüşün Penitensiar Xidmətin səlahiyyətində olduğunu deyib.

Prosesdən sonra Xədicə İsmayılın anası onunla görüşmək istəsə də, nəzarətçilər buna mane oldular. Xədicə məhkəmədə iştirak edənlərə müraciətdə «mən möhkəməm, siz də möhkəm olun» deyib.

ELMAN TÜRKOĞLU: «ŞİKAYƏTİMİ GERİ GÖTÜRƏRƏM, AMMA...»

Məhkəmədən sonra Elman Türkoğlu AzadlıqRadiosuna müsahibəsində deyib ki, Xədicə İsmayıl barəsindəki şikayətini bir şərtlə geri götürə bilər:

«Xədicə İsmayıl mənə o saxta sənədi kimin hazırladığını desin, şikayətimi geri götürüb həmin adamı məhkəməyə verirəm».

Elman Türkoğlu Xədicə İsmayılı onun haqqında iki sənəd yaymaqda günahlandırır. Bu sənədlərin birində Elman Türkoğlunun gizli videogörüntülərlə şantaj olunaraq MTN-lə əməkdaşlığa cəlb edildiyi, digərində isə 1992-ci ildə zorlama cinayəti törətdiyi iddia olunur. Xədicə İsmayıl ikinci sənədi yaymadığını, birinci sənədi isə Elman Türkoğlunun adını və onun şəxsiyyətini müəyyənləşdirə biləcək məlumatları sildikdən sonra yaydığını bildirib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib. Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

Xədicə İsmayıl həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu deyir. AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

«Amnesty International» jurnalisti «vicdan məhbusu» elan edib.

XS
SM
MD
LG