Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:36

Prezident Elmar Hüseynovun qatillərinin Azərbaycanda olmadığını deyir


«O, bütün siyasi dairələri tənqid edirdi»
«O, bütün siyasi dairələri tənqid edirdi»

Noyabrın 7-də Brüsseldə prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Xoze Manuel Barossonun keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın dövlət başçısına jurnalist Elmar Hüseynovun qətli və istintaqın gedişi ilə bağlı sual verilib.


İlham Əliyev «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin Azərbaycana böyük zərbə olduğunu deyib: «Bu qətlin təsirini biz bu gün də hiss edirik. İlk dəfədir ki, Azərbaycanda jurnalist qəddarcasına öldürüldü. O, bütün siyasi dairələri tənqid edirdi, lakin buna baxmayaraq, bu hadisə göstərdi ki, Azərbaycanda elə qüvvələr var ki, ölkədə sabitliyin pozulmasında maraqlıdırlar».


Cənab Əliyev cinayət işinin istintaqında xarici ekspertlərin də iştirak etdiyini vurğulayıb: «Qətl baş verən kimi biz ciddi istintaqa başlamışıq. Biz Avropadan, ABŞ-dan qatilləri tapmaq üçün kömək istəmişik. Bizim orqanlar qatillər barədə axtarış elan ediblər. Onların kimliyi məlumdur. İndi biz nə etməliyik, onları tapmalıyıq. Onları tapmaq üçün «İnterpol»la işləyirik. Biz onları Azərbaycanda tapa bilmirik, onlar Azərbaycanda deyillər. Bu cinayətkarlar ölkədə olmayanda onların tapılması çox çətindir. Hazırkı mərhələdə biz gərək gözləyək ki, «İnterpol» qatil olduqları ehtimal edilən adamları tapsın və onlar məsuliyyətə cəlb olunsunlar».


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib. Adam oğurluqlarında və qətllər törətməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov 2006-cı il iyul ayında məhkəməyə verdiyi ifadəsində Elmar Hüseynovun keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə onun dəstəsinin üzvləri tərəfindən qətlə yetirildiyini bildirib. Dövlət çevrilişi ittihamı ilə həbsdə saxlanılan sabiq nazir Fərhad Əliyev isə vəkilləri vasitəsi ilə Hacı Məmmədovun dediklərinin yalan olduğunu bəyan edib.


XS
SM
MD
LG