Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

İşadamı: «Görürəm ki, məndən ölənədək əl çəkməyəcəklər»


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

«Görürəm ki, məndən ölənə qədər əl çəkmək fikirləri yoxdur. Ancaq bu adamlar yazıqdır, hamısı işsiz-gücsüz qalıb. Heç olmasa, məhkəməni mümkün qədər tez yekunlaşdırın».

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəməsi keçirilən A.M.A.Y. Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev məhkəmənin yekunlaşdırılmasını istəyib. İşadamı indiyədək dəfələrlə qeyd edib ki, məhkəmə iclasları gözdən pərdə asmaq üçündür və əslində sifarişli həbsinin aqibəti də ona indidən bəllidir.

Məhkəmə isə şahidləri dindirməkdə davam edir. İlk dindirilən şahid A.M.A.Y. şirkətinin əməkdaşı, 2001-2007-ci illərdə «Xudafərin» MMC-nin direktoru vəzifəsində işləmiş İslah Əhmədov oldu. O bildirib ki, müştərilərlə müqavilə bağlanıb, pul kassaya ödənilib və həmin pullar tikintiyə sərf olunub. Binanın nə vaxt tikilib istifadəyə verilməsi ilə bağlı isə müştərilərə konkret tarix bildirilməyib.

Məhkəmə «Dan ulduzu» ansamblının bədii rəhbəri Tariyel Abbasovu da dindirib. O, A.M.A.Y. Ticarət Mərkəzində obyektlərinin olduğunu, həmin əmlakın bankdan kredit götürülərkən girov qismində təqdim edildiyini deyib.

Şirkətin sürücüsü olmuş Akif Əliyev isə məhkəməyə bildirib ki, «Batabat» firması təsis olunub və ofislər girov qoyulmaqla bankdan kredit götürülərək A.M.A.Y.-ın tikintisinə sərf edilib.

«OĞURLUQ, ŞƏRƏFSİZLİK ETMƏMİŞİK»

Hakim (şahidə):

– Düzünü danışsan yaxşıdır, onsuz da kredit götürülüb də, ödənilib də.

Abdulla Abdullayev:

– Möhtərəm hakim, siz də bilirsiniz ki, biz günahsızıq. Sadəcə ədalətli qərar verməyə çəkinirsiniz. Burada nə var axı?.. Firma yaratmışıq, kredit götürmüşük ki, tikintini başa çatdıraq. Kreditlər də ödəmişik. Bir çoxları kimi oğurluq etməmişik, şərəfsizlik etməmişik.

Hakim:

– Narahat olmayın, qərar ədalətli olacaq.

Abdulla Abdullayev:

– Hamı elə bilirdi ki, orada hamı pul yeyir. Təkcə Azərbaycanda yox, bütün dünyada bilirlər ki, o pullar hara sərf edilib. Gəldilər kabab iyinə, gördülər ki, eşşək dağlayırlar.

KREDİT ALMAQ ÜÇÜN 40 ADDA FİRMA YARADILIB

Məhkəmənin dindirdiyi növbəti şahid Əşrəf Seyidov dedi ki, Abdulla Abdullayevin köməkçisi olub:

Abdulla Abdullayev:

– Sən ki mənim köməkçim olmusan, hər şeyin şahidi olmusan, denən də təklif kimdən gəlib, o firmalar niyə yaradılıb.

Əşrəf Seyidov:

– O vaxt «Texnibank»ın rəhbəri Etibar Əliyev A.M.A.Y.-a gəldi, dedi ki, ayrılmış krediti bir dəfəyə verə bilmərik. Abdulla müəllim təklif etdi ki, A.M.A.Y. böyük şirkətdir, krediti elə şirkətin adına sənədləşsin. Etibar Əliyev isə bildirdi ki, bir şirkətə birdən-birə o qədər krediti verə bilməz. Təklif etdi ki, 40 adda ayrı-ayrı firmalar yaradılsın. Yalnız bundan sonra hissə-hissə həmin firmaların adına kreditlər ayıra bilər. Firmalar yaradıldı, kredit götürüldü, A.M.A.Y.-ın tikintisinə sərf edildi, banka olan borclar isə bağlandı.

Məhkəmə iclası mayın 19-da davam edəcək.

Abdulla Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda mənimsəmə, səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. İşadamı həm ibtidai istintaq, həm də məhkəmədə ittihamları rədd edib. Onunla bərabər beş işçisi də məhkəmə qarşısındadır. Abdulla Abdullayevdən fərqli olaraq, onlar zamindədir.

XS
SM
MD
LG