Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:30

Düzxəttli bərabərsürətli travma


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Babək Ağayev

düzxəttli bərabərsürətli travma

dayanıb baxırdı hamı

göyərçinləri rəngləyib

havaya buraxırdı küçə rəssamı

harasa tələsən uşaq məni ötürdü

yavaşca anasın söydü kiminsə

qoca xəstə bir it hürdü

önündən keçdiyim evdən

böyürtkən dodaqlı qız

bütün bədəniylə gülürdü dayanacaqda

yağış başlamışdı mən də ki halsız

yol uzun deyil düşəcəm qabaqda

atama bənzədi yaşlı dilənçi

onun kirli saçlarına baxırdım

dizinə qondu rəngbərəng göyərçin

yəqin bayaqkı it də darıxırdı

evə çatıb çarpayıya uzandım

böyürtkən dodaqlı qızı düşündüm

qonşunun qışqırığına oyandım

yuxuda küçə rəssamın görürdüm

dilənçi ölüb yəqin utanıram

kaş onun gözlərin yenə görərdim

küçələri insanları rəngləri tanısaydım

düşünmədən sənə quş rəngləyərdim

...

Azadlıq meydanları olur azad olmayan şəhərlərdə

Adamlar qoca doğulur gözlərində yalvarış

Yaşanmamış ömürlər qalaqlanır xatirələri üstünə belə şəhərlərin

Azadlıq meydanları olur yarımçıq şəhərlərdə

Boylanan görürsən yoxa çıxmış gülüşləri qəlblərdən

Nə ola bilirsən nə ölə belə şəhərlərdə nə bilməyə bilirsən nə bilə

Azadlıq meydanları olur duyğusuz şəhərlərdə

Kimsəsiz yetim əsəbi

Və səbəbi olmadan kədərli bədbəxt olursan

Tez yorulursan belə şəhərlərdə

Meydanlardı tək doğru bu yalan şəhərlərdə

Bütövlük duyğu ya insan

Hələ şair necə olsun

Azadlıq olmayan yerdə..

XS
SM
MD
LG