Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:27

Azərbaycanın lobbiçiləri ABŞ-da ictimai rəyi belə çaşdırır [Araşdırma]


-

"Azərbaycan hökuməti çoxdandır ki, Vaşinqtondakı beyin mərkəzlərinə pul xərcləyir".

"Lobbiçi təşkilat Azərbaycanın prezidentinə yaxın olan bir ailə tərəfindən maliyyələşir".

"Dinləmələrdən az sonra Burton Nümayəndələr Palatasından istefa verdi və Azərbaycan Amerika Alyansı Şurasının sədri kimi fəaliyyət göstərməyə başladı."

Araşdırma

Azərbaycanın lobbiçiləri ABŞ-da ictimai rəyi belə çaşdırır

Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi -­ OCCRP–nin «Xədicə» layihəsi çərçivəsində növbəti, 4-cü araşdırması dərc olunub.

Məqalə iddia edir ki, Vaşinqtonun hakim dairələrində Azərbaycan hökuməti haqqında müsbət rəy yaratmaq məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin ictimai vəsaitləri gizli şəkildə xərclənir.

Məqalə deyilir ki, xaricdən ABŞ-ın siyasətinə necə təsir göstərildiyini anlamaq üçün çox uzağa getmək lazım deyil: 2012-ci il dekabrın 5-də ABŞ Konqresində respublikaçı Dan Burton-un sədrliyi ilə keçirilən görüşə nəzər salmaq kifayətdir.

Dan Burton
Dan Burton

Görüş Nümayəndələr Palatasının Avropa və Avrasiya üzrə Alt Komitəsində keçirilirdi və əsas şahid Qafqaz üzrə alim, Harvard Universitetinin Qafqaz Araşdırmaları Proqramının araşdırma direktoru Brenda Shaffer idi.

Burton Shaffer-i “məclisin ən qəşəng qızı” kimi təqdim etdi.

Shaffer çıxışında İranın regionda Qərbyönümlü ölkələrdə, xüsusilə də neftlə zəngin Azərbaycanda sabitliyi pozduğunu iddia etdi.

Amma nə Burton, nə də Shaffer Azərbaycanla bağlarının olması haqda iştirakçılara məlumat vermədilər.

Dinləmələrdən az sonra Burton Nümayəndələr Palatasından istefa verdi və Azərbaycan Amerika Alyansı Şurasının sədri kimi fəaliyyət göstərməyə başladı. Bu alyans iki ölkə arasında münasibətlərin yaxşılaşmasına xidmət edir və belə görünür ki, Azərbaycanın prezidentinə yaxın olan bir ailə tərəfindən maliyyələşir.

Shaffer isə Konqresdəki başqa dinləmələrdə, köşə yazılarında, məqalələrində, ABŞ beyin mərkəzlərindəki görüşlərində Azərbaycanı tərifləməkdə davam edirdi.

2012-ci ildə keçirilən adıçəkilən dinləmələrdən iki ay əvvəl isə Ədliyyə Nazirliyinə Xarici Agentlərin Qeydiyyat Aktı adı altında göndərilən sənəd maraq doğurur. Sənədə görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə müqavilə əsasında çalışan DCI Group Shaffer-i çıxışından əvvəl təlimatlandırıb. Şirkətin məqsədi səfirliyin mesajlarını neytral və müstəqil kimi tanınan üçüncü şəxslərin vasitəsilə çatdırmaq, ABŞ rəsmilərinin qərar verdiyi intellektual dairələrdə dominantlığa nail olmaqdır.

Bu, deputatlara təsir etməyin daha ağıllı, gözə aşkar çarpmayan yolu idi. 2013-cü ildə isə daha ənənəvi yollara əl atılır: Məsələn, "Vaşinqton Post" qəzetinin də yazdığı kimi Konqresin 10 üzvü və 32 heyət üzvünün Bakıya bütün xərclərinin hesabı ödənilir.

Bu səfərdə də məqsəd eyni idi: DCI deputatları Azərbaycanla “bağlı məlumatlandırmağı” hədəfə almışdı.

Brenda Shaffer
Brenda Shaffer

Azərbaycan səfirliyi DCI Group-a hər ay 20 min dollar ödəyirdi, bu pulun qarşılığında Group əsas on-line və ənənəvi qəzetlərdə yazılar dərc etməli, beyin mərkəzlərindən ibarət özək yaratmalı, Azərbaycanın strateji hədəflərinə uyğun pozitiv əlaqələr qurmalı idi.

Shaffer-in İsraillə əlaqələri

Nə DCİ-in rəsmiləri, nə də Shaffer-in özü müsahibə verməyə razı olmayıblar.

Amma Group-un hesabatlarında bu bağlar haqda məlumat tapmaq mümkündür.

Məsələn, 2012-ci il dekabrın 5-də Group üzvləri Shaffer-lə görüşüblər.

İranın Qafqaz ölkələrinə təsiri haqda danışıblar.

Sonradan Shaffer məhz qeyd olunan mövzuda yazı yazdı: onun Burton-un Alt Komitəsinə təqdim etdiyi yazılı bəyanatın başlığı belə idi: “İranın Cənubi Qafqaza və ətraf regionlara təsiri”. Yazının sonunda Shaffer özünü müstəqil alim kimi təqdim edir. Konqresin “Şahidliyin həqiqliyi” bəyannaməsində o, "təmsil etdiyiniz qurum" bölməsini boş qoyur.

DCI-in sənədlərindən başqa mənbələr də göstərir ki, Shaffer Azərbaycan Dövlət Neft Şirkətində məsləhətçi işləyib.

Nə Shaffer, nə də SOCAR bu əlaqələr haqda informasiya sorğusuna cavab verməyib.

2014-cü ilin sentyabrında onun Dövlət Neft Şirkətində işlədiyini göstərən biznes kartı media tərəfindən üzə çıxarıldı və Azərbaycan hakimiyyətinə bağlı olan bu korrupsiyaya uğramış qurumla əlaqələri sübut olundu.

Shaffer həm də İsrail hakimiyyətinin, o cümlədən, təbii qaz siyasəti komitəsinin üzvlərinə məsləhətlər verib. O, həm də İsrailin enerji sektorunun baş planını həyata keçirən Rəhbər Komitədə çalışır.

Azərbaycanın və İsrailin maraqları bir çox məsələlərdə o qədər üst-üstə düşür ki, iki ölkənin diplomatları ABŞ-da yaşayan yəhudi icmalarına birgə lobbi turu təşkil ediblər. Həmin tur zamanı İsrailin Bakıdakı səfiri Bakıyönümlü lobbistlərin ənənələrinə sadiq qalaraq kiçik yəhudi icmasını təqiblərə məruz qoymadığına görə, Bakını tolerantlığın nümunəsi kimi qələmə verdi.

Keçən ilin iyulunda ABŞ senatında şahidlik edərkən və yazılı bəyanat verərkən Shaffer yenə də Dövlət Neft Şirkəti ilə bağları haqqında məlumat vermədi.

O, çıxışında Azərbaycanın təbii qaz layihəsinə dəstəyə çağırırdı və qeyd edirdi ki, bu layihə Moskvaya maneçilik törədəcək, Avropanın enerji təhlükəsizliyini təmin edəcək, minlərlə yeni iş yeri yaradacaq.

Lobbistlər üçün sərt olmayan bəyannamə öhdəlikləri

Konqresin “Şahidliyin həqiqiliyi” formasının əsas məqsədi federal qrantlar və müqavilələr haqqında məlumatlar əldə etməkdir, nəinki geniş maraqlar toqquşmasını üzə çıxartmaq. Shaffer-in bu səhvi üçün yəqin ki, hüquqi məsuliyyət nəzərdə tutulmayıb.

Respublikaçı Jackie Speier bugünlərdə Konqresdə çıxış edən şahidlərin xarici hökumətlərdən maliyyə alması barədə məlumatların açıqlamasını təklif edib. Bu ilin yanvarında Nümayəndələr Palatası Speier-in təklifini qəbul edib, amma hələ ki, yenilik tətbiq olunmayıb.

Məqaləyə görə, Shaffer-in Dövlət Neft Şirkətində məsləhətçi kimi hansı öhdəliklərinin olması açıqlanmadığından onun Konqresdə Azərbaycanın lehinə şahidlik etməsinin maraq konflikti sayılması mübahisəlidir.

Məqalə Xarici Agentlərin Qeydiyyatı Xidmətinin işinin effektivliyini mübahəsələndirir və bildirir ki, lobbi təşkilatlarının və bu təşkilarda çalışanların qeydiyyatı qaydaları təkmilləşdirilməlidir.

Hökumət gənc lobbistlərlə işləməyə başlayıb

Məqalədə deyilir ki,Azərbaycanın lobbi strategiyasında ABŞ deputatları və mətbuatından savayı ABŞ beyin mərkəzləri də mühüm yer tutur.

Azərbaycan hökuməti çoxdandır ki, Vaşinqtondakı beyin mərkəzlərinə pul xərcləyir.

Xarici Siyasət Araşdırma İnstitutunun Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə baş araşdırmaçısı Gerald Robbins hesab edir ki, Azərbaycanın lobbi siyasətində əhəmiyyətli dəyişiklik müşahidə olunur: “Qərb marketinq metodologiyasını mənimsəmiş yeni nəsil Bakıda üstünlük təşkil etməyə başlayıb. Onlar başa düşürlər ki, ideyaların ötürülməsi üçün akademik mühit və beyin mərkəzlərinin rolu danılmazdır”.

Siyasi müşahidəçilər hesab edirlər ki, beyinləri dəyişməyə yönəlmiş ideyaların “yuyulması” və lobbiçilik yavaş və tədrici prosesdir. Shaffer və DCI Group kimi ayrı-ayrı lobbiçilik cəhdlərinin səmərəsini hələ ki, ölçmək mümkün deyil.

(“Xədicə” layihəsi həbsdə olan jurnalist Xədicə İsmayılovanın yarımçıq qalmış araşdırmalarını davam etdirmək məqsədilə təsis olunub: dünyanın hər yerindən onlarla jurnalist bu layihədə çalışır)

XS
SM
MD
LG