Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

ABŞ-da homoseksuallar evlənə biləcək


Foto illüstrasiya
Foto illüstrasiya

-

Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi iyun 26-da bütün ölkə ərazisində eynicinslilərin nikah hüququnu təmin etdi. Bununla da yeni vətəndaş hüququ yarandı ki, homoseksualların hüquq müdafiəçiləri bunu tarixi qələbə sayırlar.

Nyu-Yorkdakı «Stounvol-İnn» gey-barında iğtişaş homoseksualların hüquqları hərəkatının əsasını qoyandan 46 il sonra bu qərar çıxdı. Ali Məhkəmədə də homoseksualların nikahını dəstəkləyən hakim Anthony Kennedy fundamental dəyərlərdən – ailə, sevgi və azadlıqdan danışıb.

«HOMOSEKSUALLAR TƏNHALIĞA MƏHKUM OLMAMALIDIRLAR»

Ali Məhkəmənin rəsmi açıqlamasında, hakim A.Kennedy-nin imzaladığı sənəddə deyilir:

«Yüksək məhəbbət, sədaqət, fədakarlıq və ailə ideallarını nikah qədər başqa heç bir ittifaq təcəssüm etdirə bilməz».

«Eyni cinsdən olan insanlar qanun qarşısında bərabərlik və sayğı istəyirdilər. Konstitusiya onlara belə hüququ verir. Homoseksuallar bütün həyatlarını tənhalıqda yaşamağa məhkum olunmamalıdırlar», - hakim A.Kennedy qeyd edir.

«AMERİKA DEMOKRATİYASI ÜÇÜN TƏHLÜKƏ»

A.Kennedy-nin liberal düşüncəli dörd hakimə qatılması Ali Məhkəmənin qərarının taleyini həll edib. Eynicinslilərin nikahına icazə verən yekun qərar elan olunanda, bütün ştatlarda sevincdən gözyaşına hakim ola bilməyənlər də vardı.

Narazılardan hakim Antonin Scalia isə qərarı «Amerika demokratiyası üçün təhlükə» adlandırıb.

Ali Məhkəmənin sədri John Roberts bildirib ki, məhkəmənin bu qərarının Konstitusiya ilə heç bir əlaqəsi yoxdur. Deyib ki, qərara sevinənlər bunu uğur kimi qeyd edə bilərlər, amma bunu qətiyyən konstitusiya adına qələbə saymasınlar: «Bunların heç bir əlaqəsi yoxdur».

Bu qərardan sonra ABŞ-da artıq eynicinslilər də nikahla bağlı eyni hüquqa və imtiyaza malik olacaqlar. Onlar da, digərləri kimi, nikaha dair rəsmi sənəd əldə edə biləcəklər.

Yüzlərlə homoseksual qərarın sevincini elə məhkəmə binasının önündəcə yaşayıb, göy qurşağı bayraqlarını məğrurcasına yellədiblər, insan hüquqları kampaniyasına dair plakatlar qaldırıblar. Emosional anlar yaşanıb, milli himn, «Amerika azadlıq ölkəsidir» şüarı səsləndirilib, dəlicəsinə qışqırıblar.

«QƏRAR CƏMİYYƏTİ DAHA DA MÖHKƏMLƏNDİRƏCƏK»

Məhkəmənin qərarını ABŞ prezidenti Baraсk Obama da dəstəkləyib.

Ağ evin qarşısında çıxış edən Obama deyib ki:

«Bütün insanlar kim olmalarından, kimi sevmələrindən asılı olmayaraq bərabər hüquqlara malik olmalıdırlar. Məhkəmənin qərarı ölkədə yüz minlərlə eynicinsli cütlüklərin yaşadıqları qeyri-müəyyənlik və nigaranlığa son qoymalıdır. Qərar cəmiyyətimizi daha da möhkəmləndirəcək. Bu qərar bütün Amerikanın uğuru, on illərlə bu gün üçün dua edən və çalışan insanların qələbəsidir».

XS
SM
MD
LG