Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:47

Həyat üçün təhlükəli həbsxanalar...


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Həbsxanalarda şərait pis, bəzən isə həyat üçün təhlükəlidir. Bəzi penitensiar müəssisələrdə saxlanılanların həddən artıq olması, qeyri-adekvat qidalanma, isitmə və havalandırma sisteminin pis olması, zəif tibbi qayğı səbəbindən yoluxucu xəstəliklərin yayılması problem olaraq qalır».

ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı «İnsan Haqları 2014» hesabatının Azərbaycanla bağlı hissəsində ölkədəki cəzaçəkmə yerləri belə təsvir olunur.

Hesabat müəllifləri Ədliyyə Nazirliyinin məlumatına istinad edərək keçən il penitensiar müəssisələrdə 104 ölümün qeydə alındığını yazır. Ölümlərdən 79-u müalicə müəssisəsində baş verib.

Hesabatda deyilir ki, məhbuslar nəzarətçilər tərəfindən döyüldüklərini və təcrid kameralarına salınmaqla cəzalandırıldıqlarını bildiriblər. Məhbusların çoxu məhkəmə orqanlarına və Ombudsmana şikayət edə bildiklərini söyləsələr də, həbsxana rəhbərliyi məhbusların yazışmalarını daim oxuyub.

«DÖYDÜLƏR, QOLLARIMI, AYAQLARIMI QANDALLADILAR»...

«Cəzaçəkmə müəssisələrinin hər birində işgəncə halları olub və davam etməkdədir».

Bunu gənc fəal Orxan Eyyubzadə deyir. O, əvvəlcə müvəqqəti saxlananların təcridxanasında işgəncə gördüyünü bildirir:

«Məni döydülər, qollarımı, ayaqlarımı qandalladılar. İnsana yaraşmayan bütün hərəkətləri etdilər».

Keçmiş məhbus sonradan saxlandığı Bakı İstintaq Təcridxanasında da ağır işgəncə metodlarından – qolları qandallayıb başı suya salmağa qədər müxtəlif üsullardan istifadə edildiyini söyləyir. Onun dediyinə görə, məhbuslar şikayət etsə, daha ağır cəza ilə cəzalandırıla bilər.

«SİYASİ MƏHBUSLARSIZ AZƏRBAYCAN»: DÜZ DEYİRLƏR...

Cəzaçəkmə yerlərinin monitorinqini aparan «Siyasi Məhbuslarsız Azərbaycan» təşkilatının koordinatoru Oqtay Gülalıyev ABŞ Dövlət Departamentinin hesabatında reallıqların əks olunduğunu bildirir:

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

«Bu hesabatda Azərbaycandakı həbs yerlərində yarıtmaz sosial xidmət, qidalanma, hətta havalanma sistemi, məhbuslara qarşı işgəncə faktları, ayrı-seçkilik, pis rəftar qabarıq şəkildə əks olunur».

Oqtay Gülalıyevın sözlərincə, həbsxanalarda elə bir il olmur ki, orda işgəncə nəticəsində məhbus ölməsin. O, buna misal kimi keçən ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin döyülüb öldürülməsini göstərir.

Hesabatda Elşad Babayevin ölümünə də toxunulub: «Dekabrın 22-də məhbus Elşad Babayev ölüb. Bacısı bildirib ki, o, işgəncədən ölüb. Həbsxana rəhbərliyi ittihamları təkzib edib».

PENİTENSİAR XİDMƏT: «BİZ ŞƏFFAFIQ»

Penitensiar Xidmətdən isə dedilər ki, bu cür hesabatlara hökumət reaksiya verir:

«Lazım gələrsə, dövlətin Xarici İşlər Nazirliyi, aidiyyəti orqanları var, onlar münasibət bildirər.Penitensiar Xidmət cəzanı icra edən orqandır. ABŞ Dövlət Departamentinin hansısa hesabatında hansısa iddiaya şərh vermək səlahiyyətində olan qurum deyil. Penitensiar Xidmət özü öz hesabatlarını təqdim edir. Aidiyyəti orqanlar, beynəlxalq təşkilatlar da il ərzində cəzaçəkmə yerlərinə baş çəkiblər, hamısı şəffaf şəkildə izlənilib».

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarını tənqid edən hesabatı hökumət nümayəndələrinin sərt reaksiyaları ilə qarşılaşıb. Rəsmilər tənqidləri «qərəzli kampaniya», «qara piar» adlandırıblar.

XS
SM
MD
LG