Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:49

Kənd müəlliməsi: «Sinif otağı elə darısqaldı ki, paltarım alışdı»


Azərbaycanda kənd məktəbi (arxiv fotosu).
Azərbaycanda kənd məktəbi (arxiv fotosu).

-

«Bir dəfə həkimə gedəndə mənə elə resept yazdı ki, bir müalicə kursu 2 min manatı kecirdi...

Təyinatla ucqar bir kəndə işləməyə gedən gənc bir müəllim bu xərcin öhdəsindən necə gəlsin?!»

«Kirayədəyəm, amma ev sahibi məndən pul almır ki, qonağımsan. İnsanlıq itməyib, görürsüz».

AzadlıqRadiosu-nun Facebook səhifəsinə gələn bir şərh bizi ona - kənd müəlliminə apardı.

Müsahibimiz – Oğuz rayonunun Xaçmazqışlaq məktəbində Azərbaycan dili və ədəbiyyatından dərs deyən Zeynəb Mahmudova AzadlıqRadiosu-nun suallarını cavablandırır:

- Zeynəb xanım, yəqin ki pedaqoji təhsilə başlayanda karyera arzularınız olub...

- Pedaqoji texnikumu qurtarıb Azərbaycan Müəllimlər İnstitunun Şəki filialına daxil oldum, magistraturanı Lənkəranda bitirdim, doktorantura barədə düşünürdüm, amma sonra təyinatla Balakəndə bir ucqar məktəbə dərs deməyə getdim. 3 il sonra yerimi dəyişdim, Oğuza gəldim. Əmək haqqım 190-240 manat arasında dəyişirdi.

- Kənddə məktəbdə uşaq çoxdurmu?

- Balaca məktəbdir, hər sinifdə uşaqların sayı 5-10 arası dəyişir. 1-11-ci sinif arası da hər sinif birdir. Yəni, məktəbdə 11 dənə sinif var.

- Uşaqların oxumağa həvəsi necə, varmı?

Bir dəfə bir monitorinq aparılmayıb məktəbdə, əgər aparılsaydı, onda görərdilər ki, nə vəziyyətdədir.

- Onların oxumağa həvəsi çox gözəl olardı, əgər şərait olsaydı. İndi biz Bakı məktəblərinə baxırıq, hər birində kompüter var, kurrikulum sistemi tətbiq edilir. Bizim məktəbdə kurrikulum tətbiq etmək mümkün deyil, çünki məktəbin nə kitabxanası var, nə interneti. Kitabxana var, amma tələbatı ödəyəcək səviyyədə deyil. Özümə uyğun bir kitab tapa bilmədim mən kitabxanadan. Bu uşaq kurrikulumla necə məktəb, dərs keçsin axı? Bir dəfə bir monitorinq aparılmayıb məktəbdə, əgər aparılsaydı, onda görərdilər ki, nə vəziyyətdədir. Mən ənənəvi üsulla dərs keçirəm, çünki təchizatım yoxdur.

- Məktəbin uyğun binası varmı?

- Bina o qədər köhnədir ki... Məsələn, bu qış sinifdə paltarım sobadan alışdı, çünki içəri o qədər darısqaldı ki, hərəkət etmək mümkün deyil. Şagirdlərim deyir ki, «müəllim, kaş ki bizim də qəşəng məktəbimiz olaydı».

- Məktəbdə müəllim çatışmazlığı varmı?

- Kadr çatışmazlığı yoxdur. Hər sinifdən bir dənə olduğundan hər fənn üzrə də müəllim var. Kimya müəllimi də var, biologiya müəllimi də var. Kimya, idman müəllimi də mənim kimi təyinatla gedib ora. Direktor çalışır ki, müəllim çatışmazlığı olmasın.

- Zeynəb xanım, siz təyinatla ucqar məktəbə işləməyə getməyə nə vadar etdi: işsizlik, yoxsa ucqar məktəblərdə dərs demək üçün Təhsil Nazirliyinin stimullaşdırıcı tədbirləri?

«Mənə yox dedikləri işə qonşunun qeyri-profilli qızını götürdülər»

- Özüm Şəki şəhərindənəm. Hara getdim, dedilər iş yoxdur. Mənə iş yoxdur dedilər, amma iki gün sonra metodikanı bitirib, filologiya üzrə ixtisasartımını keçən qonşu qızı həmin məktəbə müəllimə düzəldi. Baxdım ki, pulsuz işə qəbul yalnız Təhsil Nazirliyinin əli ilə ola bilər, ona görə də kəndə getdim ki, işə pulsuz qəbul olum.

- Sizə torpaq sahəsi verildimi?

- Balakəndə mənə dedilər ki, əgər həmişəlik burda yaşasan, sənə torpaq sahəsi verilə bilər. Orda 3 ilim bitəndən sonra Oğuza gəldim. Burda da dedilər ki, gərək qeydiyyata düşəsən. Sonra da məlum oldu ki, artıq topraq sahəsi verilmir.

- Siz hazırda kirayədə yaşayırsız?

Odun pulunu ayrıca istəyəndə isə mənə dedilər ki, qanunda elə şey yoxdur, bütün xərcləri bu 40 manatla qarşılamalısız.

- Kirayədəyəm, amma ev sahibi məndən pul almır ki, qonağımsan. İnsan itməyib, görürsüz.

- Amma kommunal xərcləriniz var...

- Əlbəttə, Balakəndə olanda odun alırdım, bir ildə oduna 480 manat pul verdim. Mənə hökumət əlavə 40 manat verirdi kommunal və yol xərcini ödəmək üçün. Mənsə bunu təkcə oduna verdim. Odun pulunu ayrıca istəyəndə isə mənə dedilər ki, qanunda elə şey yoxdur, bütün xərcləri bu 40 manatla qarşılamalısız.

- Zeynəb xanım, gənc kadr kimi öz üzərinizdə işləmək imkanlarınız varmı? Perspektiv barədə düşünürsüzmü?

«Doktoranturaya hazırlaşıram»

- İnternetim, kompüterim var. Təlimlərdə iştirak edirəm. Bircə kurrikulumu keçməmişəm, çünki məktəbə işə qəbul olunanda 9-11-ci siniflərdə kəsir olmasın deyə direktor məni buraxmadı. Bir Azərbaycan dili və ədəbiyyatı müəllimi mən idim. Magistraturaya ona görə girdim ki, sonra təhsilimi doktoranturada davam etdirim.

Bu il öz üzərimdə işləməyə başlamışam. 35 yaşım tamam olandan, H2 (Təhsil Nazirliyinin ucqarlara dərs deməyə gedən gənc kadrları maddi cəhətdən dəstəkləyən proqramı-red.) maaşım kəsiləndən sonra alacağım 150 manat maaşla kənarda işləyə bilməyəcəm. H2 3 il müddətinə və 35 yaşa qədər verilir. Bu proqram üzrə 2 ilim qalıb. Kaş ki bu proqram 5 illik olaydı.

Müəllim də bir perspektivli iş görmüş olardı. Mənim 32 yaşım var, 25-26 yaşına kimi təhsil almışam. İşlədiyim müddətdə aldığım pul da xərclərimə gedib. Nə evim var, nə arxamda 5 qəpik pulum. Ona görə də təhsilimi artırmağa çalışıram ki, bəlkə ikinci bir iş də tapa bilim.

Sağ olsun, millət vəkilimiz deyib ki, müəllimlər gedib günortadan sonra başqa iş görsünlər. Ancaq əsl müəllim nə alver edə bilər, nə fəhləlik edə, nə də kiminsə qapısında nökərçilik edə. Bu, müəllimə yaraşan şey deyil axı. Mən heç repetitorluq da etmək istəmirəm. Uşağa sinifdə öyrətməyə üstünlük verirəm.

«Şəhərdə də, kənddə də yaşayış xərcləri eynidir»

- Amma deyirlər ölkənin xüsusilə iri şəhərlərində orta məktəb müəllimləri pulunu daha çox repetitorluqdan qazanır.

- Bakıda yaşayan müəllimlər şagirdin birini 50 manata hazırlayır. 10 şagird 500 manat deməkdir. Amma kəndlərdə bir şagirdə 15 manat verirlər, ən yaxşı halda da 4-5 şagird hazırlığa gəlir.

Mən bir türklə tanış olmuşdum, nə iş gördüyümü soruşdu, biləndə ki, özüm, anam müəllim, atam tikintidə iş icraçısıdır, dedi ki, “siz milyardersiz ki”.

Bir toya yazdırılan puldur. Bakıda necə, burda da elə, toya çağrılanda 50 manat yazdırırsan. Bizlə sizin xərcləriniz arasında heç bir qiymət fərqi yoxdur. Nə ərzaqda, nə toy-yas xərclərində, nə nəqliyyatda.

Bircə fərq budur ki, Bakıda adam çoxdur, burda az. Və mənim sizə bir sualım var, əslində, cavabını kimdən alacam bilmirəm də. Müəllimin səhhətində ciddi problemi yaranırsa, maaşı müalicə-əməliyyat xərclərini ödəməyə yetmirsə, ona kim kömək edə bilər? Səhhətimdə ciddi problemim var, həkimin yazdığı müalicə kursu 2000 manatı ötür, özü də bir neçə belə kurs keçməliyəm.

Amma aldığım 400 manatlıq maaşla bu xərclərin öhdəsindən gələ bilmirəm. Mən bir türklə tanış olmuşdum, nə iş gördüyümü soruşdu, biləndə ki, özüm, anam müəllim, atam tikintidə iş icraçısıdır, dedi ki, «siz milyardersiz ki». O, inana bilmirdi ki, təhsilli və işimiz ola-ola biz sadə bir həyatı borc-xərclə yaşayırıq.

XS
SM
MD
LG